Məğlubedilməz Sərkərdə - qalib Lider
23-01-2024, 11:55
1 200

Məğlubedilməz Sərkərdə - qalib Lider

TehsilForumu.Az -  Vətən sevgisi sevgilərin ən ülvisi, ən gözəlidir!  Vətənə olan xidmətini qüsursuz yerinə yetirən, xalqının, dövlətinin maraqlarını hər şeydən üstün tutan insanların sevgisidir bu sevgi. Vətən, torpaq kimi müqəddəs amallara bağlı sevgi tükənməzdir, möhkəmdir. Eynən Azərbaycandakı Xalq-Prezidet sevgisi kimi. Xalq-prezident birliyinin kökləri olduqca möhkəmdir, sarsılmazdır. Bu birliyin, bu sevginin köklərində böyük səmimiyyət, sonsuz güvən, etmad, təmiz sevgi dayanır. Xalqın maraqlarına xidmət edən, düşünülmüş, son dərəcə peşəkar siyasət yürüdən dövlət başçımızın xalqına və dövlətinə qəlbən bağlı lider olduğu göz önündədir.
Prezident İlham Əliyevin sosial siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Multikulturalizmin və Tolerantlığın Azərbaycan modeli dünyada ən mükəmməl nümunədir və multikulturalizm Azərbaycanın dövlət siyasətidir. İlham Əliyevin 20 illik prezidentlik fəaliyyəti dövründə Azərbaycan yüksələn xətlə inkişaf edib. Bu illər ərzində Uğurlu fəaliyyət modeli bütün dünyanın diqqəti mərkəzində olan qalib xalqın qalib Lideri modern Azərbaycan dövləti modelini təsis edib. Onun uzaqgörən siyasəti nəticəsində ölkə iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə və ümumi infrastrukturun inkişafına görə ön sıralarda yer alıb. Hər bir şəhər, hər bir kənd bütün növ zəruri infrastrukturla təmin olunub. Beynəlxalq reytinqlərə görə, Azərbaycanın Silahlı Qüvvələri hazırda dünyanın ən güclü orduları sırasında ilk yerlərdədir. Vətən müharibəsində 44 gün ərzində əldə edilmiş tarixi qələbə Azərbaycanın əzmini, qüdrətini göstərdi. Tarixi qələbəni xalqımıza dünyanın ən nüfuzlu liderlərindən biri olan, məğlubedilməz Sərkərdə, Müzəffər Ali Baş komandan Prezident İlham Əliyev və Azərbaycan ordusu yaşatdı.
 Bu gün tarixinin ən şanlı səhifələrini, qüdrətli dövrünü yaşayan Azərbaycan dünyanın siyasi sistemində özünəməxsus çəkiyə malikdir. Ölkəmizin bu uğuru Prezident İlham Əliyevin apardığı məqsədyönlü xarici siyasətin nəticəsidir. Artıq dünyanın böyük gücləri də regionda baş verən dəyişikliklərlə bağlı Azərbacan ilə hesablaşmağın vacib olduğunu dərk edirlər. Çünki Azərbaycanın dövlət başçısı milli mənafeləri bütün səviyyələrdə qətiyyətlə qoruyur, müstəqil xarici siyasət yürüdür. Qüdrətli qurucu lider olan Heydər Əliyevin müdrik siyasəti möhtərəm cənab prezident tərəfindən mükəmməl şəkildə davam etdirilir.
       Əhalinin rifah halının yaxşılaşdırılası üçün vaxtaşırı olaraq düşünülmüş islahatlar aparılır, inkişafa doğru müxtəlif dövlət proqramları təsdiq edilir, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması istiqamətində ciddi tapşırıqlar verir, vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi, daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilən elektron xidmətlərə keçidin sürətləndirilməsi təmin olunur. Görülən işlərin nəticəsidir ki, Azərbaycan iqtisadi baxımdan da regionun lider dövlətidir. Prezident yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında Vətən müharibəsindən qalib çıxan Azərbaycanın yaratdığı yeni reallıqları dünya ictimaiyyətinə bəyan edir.
       Bütün sahələr kimi, sosial sahəyə də xüsusi dövlət qayğısı göstərilir. Respublikamızda ehtiyacı olan bütün vətəndaşlar, aztəminatlı ailələr, həssas qruplardan olan insanlar geniş dövlət dəstəyi ilə əhatə olunublar. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırıqları əsasında şəhid ailələrinə, Qarabağ müharibəsi qazilərinə göstərilən dövlət qayğısı dövlətin əsas prioritet istiqaməti olaraq qalır və bu istiqamətdə müxtəlif proqralar həyata keçirilir. Prezident İlham Əliyev şəhid ailələri, müharibə veteranları və əlillərinə daim xüsusi qayğı ilə yanaşır.
       Dövlət başçısının sarsılmaz gücündən, əzmindən iradəsindən qüvvət alan xalq özünün olduqca güclü və böyük olduğunu hiss edir. İnsanlarda Vətənə sevgi, gələcəyə inam, xalq arasında birlik və möhkəm xalq-prezident birliyi yaranmışdır. Xalqımız böyük bir ailədir və ailənin başçısı, müdafiəçisi, sabahı İlham Əliyevdir. Nə gözəl ki, bu gün hər birimiz ürəklə Mənim Prezidentim deyə təqdim edirik dövlət başçısını. Bu ifadənin əlavə şərhə ehtiyacı yoxdur. Hər bir Azərbaycanlının Prezidentidir mənim Prezidentim! Xalq yekdilliklə Ulu öndər Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevi dəstəkləməklə, öz liderimizi seçməklə işıqlı gələcəyimizi təmin edirik Günəşli Zirvələrə doğru addımlayırıq. Azərbaycan sürətli inkişaf yolunda inamla irəliləyir. Ölkəmizi qarşıda daha möhtəşəm uğurlar gözləyir. Yaşasın müstəqil və inkişaf etmiş Azərbaycanımız!

Elnarə Günəş, 
AJB-nin üzvü
3 0

Şərhlər

Oxşar xəbərlər