İlqar Orucov: COP29-un ölkəmizdə keçirilməsi qərarı dövlətimizə növbəti etimadın göstəricisidir
20-12-2023, 06:35
336

İlqar Orucov: COP29-un ölkəmizdə keçirilməsi qərarı dövlətimizə növbəti etimadın göstəricisidir


Azərbaycan Prezidentinin 20 il ərzində həyata keçirdiyi siyasət təkcə daxili auditoriyaya deyil, həmçinin qlobal müstəvidə mürəkkəb məsələlərin həllinə strukturlaşdırılmış yanaşmaya əsaslanır. Qlobal həllərin müzakirəsi üçün faydalı dialoq ekosisteminin, müzakirə mühitinin yaradılması səyləri, bu səylərin reallaşması naminə konkret nəzəri və praktiki fəaliyyət – səhiyyə, ekologiya, münaqişə və konfliktlərin həlli, sülhquruculuğu naminə çağırışlar, multikultural dəyərlərin, sağlam həyat tərzinin təbliği naminə təşəbbüslər, fərqli mövzularda, o cümlədən enerji resurslarından səmərəli istifadə - alternativ və bərpa olunan enerjiyə keçid istiqamətində müzakirə platformasının genişləndirilməsi, elm-təhsil, mədəniyyətlərarası dialoq forumları və s. ölkəmizin həm çoxtərəfli etibarlı tərəfdaş imicini, həm də humanitar dəyərlərə sadiqlik nümunəsi göstərən dövlətimizin başçısının beynəlxalq müstəvidə ədalətli siyasi xadim obrazını yaradıb. COVID-19 pandemiyası zamanı yoxsul və az inkişaf etmiş ölkələrdən olan insanlara yönəlmiş ədalətli vaksin paylanması naminə cəsarətli mövqeyini və ittihamlarını biz dövlət başçımızın ən yüksək tribunalardakı çıxışlarından yaxşı xatırlayırıq. Sağlam həyat tərzinin təbliğinə dəstək olaraq beynəlxalq idman hərəkatının genişlənməsi və inkişaf etdirilməsi naminə Azərbaycanın ən mötəbər idman oyunlarına ev sahibliyi etməsinin şahidləriyik. Ölkəmizdə keçirilən ənənəvi humanitar forumlar, orada müzakirə olunan mövzular dünyada sülhün, ədalətin, birgəyaşayışın təbliği və təşviqi istiqamətində kifayət qədər əhəmiyyətli və təsirli hadisələrdir.

TehsilForumu.Az-ın əldə etdiyi məlumata görə bunu  açıqlamasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov söyləyib. O bildirib ki, bütün bunlar həm də xalqımızın genetik yaddaşından gələn dəyərlərinin ifadəsidir.

“Cəmiyyətin və dövlətin həmrəyliyi ilə ifadə olunan davranışlar da bu proseslərlə hər zaman ahəng yaradıb. Bir il bundan öncə suveren ərazilərimizdə ekoloji tarazlığın pozulması və ekoloji vandallıq faktlarına qarşı vətəndaş cəmiyyəti üzvlərinin və ekofəalların davamlı etiraz aksiyası bunun bariz nümunəsidir. Bu gün ekologiya təkcə flora və faunaya münasibəti əhatə etmir, o, insanlıq naminə, bəşəriyyətin xilası naminə qlobal həll kimi daha narahatedicidir. Enerji resurslarından qənaətlə istifadə, alternativ və bərpaolunan enerji növlərinə keçid, iqlim dəyişiklikləri ilə mübarizə naminə səylərin, istək və arzuların davamlı, birgə müzakirəsini və kollektiv dünya səviyyəsində praktiki qərarların qəbul edilərək icra olunması zərurətini şərtləndirir.

İştirakçı dövlətlərin sayına görə genişmiqyaslı, ümumi qlobal maraqlar baxımından məzmununa və aktuallığına görə kifayət qədər əhəmiyyətli beynəlxalq tədbir olan COP29-un 2024-cü ildə Azərbaycanda keçirilməsi Prezidentin rəhbərliyi ilə aparılan xarici siyasətimizin uğuru və növbəti parlaq qələbəsidir”, - deyə İlqar Orucov fikrinə əlavə edib.

Ekspert qeyd edib ki, COP29 kimi mötəbər tədbirin ölkəmizdə keçirilməsi ilə bağlı qəbul olunmuş qərar həm də dövlət siyasətimizin ekoloji problemlərə münasibətdə ardıcıl, məqsədli və sistemli şəkildə formalaşmasından irəli gəlir.

“Tarixi torpaqlarımızın 30 illik işğalı zamanı düşmən tərəfin ekologiyamıza vurduğu zərərin aradan qaldırılmasına yönəlmiş genişmiqyaslı fəaliyyət Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşan bərpa-quruculuq işlərinin mühüm tərkib elementləri sırasında yer alır. Buna nümunə olaraq işğaldan azad olunmuş ərazilərin Prezident tərəfindən “Yaşıl enerji” zonası elan edilməsini, həmin ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi təşəbbüslərini göstərmək olar. Həmçinin ölkəmizdə istixana qazlarının miqdarının konkret dövrlər üzrə azaldılmasını hədəfləyən planlar üzərində işlər görülür.

Əminəm ki, gələn il Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un ən yüksək səviyyədə təşkili baş tutacaq və bu tədbir dövlətimizin və xalqımızın bəşəri dəyərlərə sədaqətini, kollektiv problemlərə dair həmrəyliyini bir daha sübut edəcək”, - deyə İlqar Orucov fikrini yekunlaşdırıb.

Ətraflı
0 0

Şərhlər

Oxşar xəbərlər