Ekspert: "Müəllim olmayan müdirinizə, rəhbərinizə müəllim deməyin"...
29-11-2023, 06:38
1 465

Ekspert: "Müəllim olmayan müdirinizə, rəhbərinizə müəllim deməyin"...

Ölkəmizdə müəllimlərin sayı əslində çox deyil. 150 min müəllim hər 10 şagirdə 1 müəllim deməkdir. Əlbəttə ki, müəllimin keyfiyyəti bilik və bacarıqlarının qənaətbəxş olması daima müzakirə predmeti olub və bu olmalıdır. O da həqiqətdir ki, cəmiyyətin əldə etdiyi bütün uğurlarının memarı müəllimdir".

TehsilForumu.Az xəbər verir ki, bu sözləri açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Ekspert bildirib ki, başqa sahələrdə işləmək imkanı olmayanlar daha çox müəllimliyi seçir:

"Düzdür, sertifikasiyadan keçmiş müəllimin əməkhaqqı digər peşə sahibləri ilə müqayisədə yaxşıdır, lakin daha da yaxşı ola bilər. Cəmiyyət son illər bütün neqativ halların baş günahkarı rolunda müəllimi görür. Bunun səbəbi müxtəlifdir. Bəlkə də repetitorluq, hazırlıq kursları sistemi müəllimliyi nüfuzdan saldı, bəlkə də maaş azlığı səbəbindən müxtəlif qeyri-sahələrdə çalışan işçi qismində müəllim peşəsi nüfuzdan düşüb, amma vəziyyət ürəkaçan deyil".

Kamran Əsədovun fikirlərinə görə, sayı çox olan müəllimlərin sözdə "hüquqlarını müdafiə edən" QHT-lər, ictimai təşkilatlar var:

"Onlar mənasız tədbirlər keçirmək, qrant almaq, sertifikat paylamaq üçün var. Qısası, müəllim peşəsinin nüfuzun qorunmasına ehtiyac var. Müəllimlərin hüquqlarının və sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlərin görülməsi zəruridir. Düşünürəm ki, pedaqoji kadrların hazırlanması üçün ali məktəblərə qəbul plan yerləri ciddi şəkildə azaldılmalıdır. Cəmiyyətin müəllimə ehtiyacı yaranmalıdır. Bir də çalışın müəllim olmayan müdirinizə, rəhbərinizə müəllim deməyin".
2 0

Şərhlər

Oxşar xəbərlər