Şəhidlərin ailə üzvlərinə və qazilərə yeni vergi güzəştləri tətbiq ediləcək
7-12-2021, 16:36
338

Şəhidlərin ailə üzvlərinə və qazilərə yeni vergi güzəştləri tətbiq ediləcək

TehsilForumu.Az xəbər verir ki, Vətən Müharibəsindən sonra dövlətimizin qarşısında duran ən mühüm sosial məsələlərdən biri şəhid ailələrinin və sağlamlığını itirmiş qəhrəman döyüşçülərimizin qayğılarının diqqət mərkəzində saxlanılması, onların sosial vəziyyətinin yaxşılaşdırılmasıdır. Şəhid ailələrinin və müharibə iştirakçılarının sosial təminatının gücləndirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən sosial siyasətin başlıca istiqamətlərindən biridir.

Məlum olduğu kimi, Azərbaycan Respublikası Vergi Məcəlləsinə əlavə və dəyişikliklər artıq Milli Məclis tərəfindən qəbul edilib.

Dövlət Vergi Xidmətindən bildirilib ki, qanunvericiliyə edilmiş dəyişikliklərin mühüm istiqamətlərindən biri sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə-vergi yükünün azaldılmasıdır. 

Dəyişikliklərə əsasən, Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvləri və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar nəticəsində sağlamlığını itirmiş və əlilliyi müəyyən edilmiş hərbi qulluqçular üçün yeni vergi güzəştləri müəyyənləşdirilib. Eyni zamanda, Vətən müharibəsi iştirakçılarının da banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsindən əldə olunan gəlir vergisindən azad edilib.

Vergi Məcəlləsinə edilmiş dəyişikliklərdə şəhid olmuş şəxslərin ailə üzvlərinə və qazilərə verilən maddi yardımın 20 min manatadək olan hissəsinin gəlir vergisindən azad edilməsi nəzərdə tutulur. Məlum olduğu kimi, hədiyyələrin, təhsil və ya müalicə haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin min manatadək olan hissəsi gəlir vergisindən azaddır və bu azadolma sosial statusundan asılı olmayaraq maddi yardım alan bütün fiziki şəxslərə tətbiq edilir. 

Şəhid olmuş şəxslərin ailə üzvlərinə və hərbi əməliyyatlar nəticəsində əlil olmuş hərbi qulluqçulara və mülki şəxslərə dövlət tərəfindən göstərilən diqqət və qayğının davamı kimi, bu kateqoriyaya aid fiziki şəxslərə verilən və məqsədli təyinatından asılı olmayaraq, maddi yardımların 20 min manatadək olan hissəsinin gəlir vergisindən azad edilməsi nəzərdə tutulur.


Gəlir vergisi üzrə digər dəyişiklik ölkə daxilində müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 10 min manatadək olan hissəsinin, xaricdə müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 50 min manatadək olan hissəsinin gəlir vergisindən azad edilməsidir.

Xatırladaq ki, Vergi Məcəlləsinin qüvvəyə mindiyi 2001-ci il tarixdən etibarən, müalicə haqlarının dəyərinin min manatadək olan hissəsi, xaricdə müalicə haqlarını ödəmək üçün maddi yardımın, müavinətin dəyərinin 2 min manatadək olan hissəsi gəlir vergisindən azad edilib.

 Ötən dövr ərzində tibb sahəsində qiymət artımları, habelə cərrahiyyə əməliyyatlarının mövcud qiymətləri nəzərə alınaraq, ölkə daxilində həmin məbləğin min manatdan 10 min manata, xüsusilə xarici ölkələrdə müalicə haqlarının, o cümlədən cərrahiyyə əməliyyatlarının məbləği yüksək olduğundan 2 min manatdan 50 min manatadək artırılması nəzərdə tutulur.
0 0

Şərhlər

Oxşar xəbərlər