13 yaşlı qızın evdən qaçmasına görə kim günahkardır: valideyn, məktəb, TV-lər...
23-05-2023, 21:10
580

13 yaşlı qızın evdən qaçmasına görə kim günahkardır: valideyn, məktəb, TV-lər...

Tovuz rayonunun 13 yaşlı sakini Əfsanə Tağıyevanın ərə getmək məqsədilə Xaçmazdan olan 44 yaşlı kişinin yanına qaçması cəmiyyətdə ciddi rezonans doğurub.

Polisin müdaxiləsi nəticəsində evlərinə qaytarılan yeniyetmə qızın xoşagəlməz hərəkəti sosial şəbəkələrdə müzakirə mövzusu olub. Müzakirələrdə 13 yaşlı Əfsanənin bu davranışı valideynlərini qınaq obyektinə çevirib.

Yeniyetmə qızın təhsilə fokuslanmaq əvəzinə ərə getmək istəyi hardan yaranıb, bu məsələdə günahkar təkcə valideynlərdimi?

Bəs onun oxuduğu məktəb hansı yanlışlıqlara yol verib ki, şagird təhsildən uzaqlaşıb yanlış istiqamətlərə yönəlib?

TehsilForumu.Az xəbər verir ki, mövzunu şərh edən təhsil eksperti Nadir İsrafilov bildirib ki, cəmiyyətdə bu kimi halların artması narahatlıq doğurur və ciddi həyəcan siqnalı deməkdir:

 

“Təəssüf ki, bu və ya bu yaşdan aşağı və yuxarı yaşda olan yeniyetmə qızların sonradan tapılmasından asılı olmayaraq itkin düşməsi birinci hal deyil. Son zamanlar belə xəbərlərə tez-tez rast gəlirik. Bir müddət əvvəl ölkəmizin bir sıra regionlarında qızların erkən yaşda ərə verilməsi və təhsildən yayındırılması gündəm idisə, artıq zorla və ya könüllü qaçmalar daha xarakterik hal alıb. Bu kimi halların baş verməsinə münasibətimiz də heç də birmənalı deyil. Əlbəttə, daha obyektiv qiymətlə bağlı gözləntimiz yəqin ki, araşdırmalar başa çatdıqdan sonra hüquq-mühafizə orqanlarından olacaq. Bununla belə, qaçanı ittiham etmək qaçıranı həbs etmək, baş verən olayda valideyninmi, məktəbinmi daha böyük günah sahibi olmasını önə çəkmək də vəziyyətdən o qədər də uğurlu çıxış yolu deyil”.

 

Ekspert yeniyetmələrin virtual aləmə ifrat dərəcədə meyl etməsinin, günün böyük hissəsini sosial şəbəkələrdə keçirməsinin bu kimi fəsadlara yol açdığına diqqət çəkib:

 

“Valideynin və ya məktəbin bu kimi hallara qarşı mübarizədə üzərinə düşən yük nə dərəcədə böyük olsa da, onların yaranmış vəziyyətdən çıxış yolu tapmasında acizliyi artıq bir reallığa çevrilib. Çünki məsələ hədəqəsindən çıxıb, cəmiyyətin ümumi məsələsinə, əslində bir növ sosial problemə çevrilib. Virtual aləmə ifrat dərəcədə meylimiz, günümüzün demək olar ki, böyük hissəsini sosial şəbəkələrdə keçirməyimiz bu kimi vəziyyətləri qaçılmaz edib. "İnsan özünə əyləncə və məşğuliyyət tapa bilməyəndə, başqalarını əyləndirməyə başlayır" deyimi artıq öz yerini tutub. Biz bu gün belə “əyləncələrlə”, əylənmək məcburiyyətində qalmışıq”.

N.İsrafilov hadisənin digər səbəbləri kimi sosial platformalardakı yazışmaları və telekanallarda yayımlanan şou xarakterli bayağı evlilik proqramlarını göstərib:

 

“TikTok platformasında foto paylaşanda, yazışmalar aparanda, tanışlıq verəndə nəticəsi də bu olmalıydı. Bir sıra TV-lərin şou xarakterli ucuz və bayağı, milləti alçaldan və təhqir edən, əksəriyyəti təngə gətirən evlilik proqramlarında ailə qalmaqallarının təqdim edilməsi də bu qəbildən olan səbəblərdir. Qaçan və yaxud qaçırılan qızın Xaçmazda tapılması, buna qədər isə anasının övladının Cəllilabad sakini ilə qaçmasını bildirməsi baş verən hadisənin xarakterini bir qədər dəyişdirir. Başqa sözlə, ailənin qızın planlarından xəbəri varmış. Bu, artıq hüquq-mühafizə orqalarının səlahiyyətinə aid olan məsələdir”.

 

Müsahibimiz vəziyyətdən çıxış yolunu əsasən məktəb, ailə və cəmiyyətin birgə səylərində gördüyünü qeyd edib.

 

“Dünyanın bir çox ölkələrində TikTok platformasına qadağa qoyulub və bu kimi qadağalar davam etməkdədir. Məktəb və valideynin əlindən gələn isə o ola bilər ki, imkanları daxilində yeniyetmə və gəncləri sosial şəbəkə asılılığından təcrid etmək üçün əməli tədbirlər həyata keçirsinlər. Eyni zamanda, uşaqlara və yetirmələrə onların əsas vəzifələrinin oxumaq, təhsillərini başa vurmaq, özlərinə müəyyən karyera qurmağın vacibliyini anlatsınldar. Bu günümüzdə yeniyetmə və gənclərimizdə “dinləyib-anlama” bacarıqlarının inkişaf etdirilməsi onların indiki və gələcək həyatı üçün zəruri şərtlərdən biri kimi ön plana çəkilməlidir...”.

 

Ekspert son olaraq onu da qeyd edib ki, yaxşı ata-ananın verdiyi tərbiyəni heç bir məktəb verə bilməz.
 
0 0

Şərhlər

Oxşar xəbərlər