Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev dünya tarixinə parlaq və silinməz iz qoymuşdur..
23-05-2023, 15:30
277

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev dünya tarixinə parlaq və silinməz iz qoymuşdur..

 Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir.

1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə xilaskar qаyıdışındаn sonra ölkəmizdə qanunun aliliyi təmin olundu, vətəndaşlаrın hüquq və azadlıqlarının dövlət tərəfindən qorunması mühüm prinsip elan edildi, bu ali məqsədlərin reallaşmasına yönəlmiş çoxşaxəli tədbirlər həyata keçirildi.
TehsilForumu.Az  xəbər verir ki, bu barədə Qubada “Heydər Əliyev İli” çərçivəsində keçirilən “Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbulunda və hüquq islahatlarının aparılmasında Heydər Əliyevin rolu” mövzusunda elmi konfransda bildirilib.

Konfransdan əvvəl Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş futbol turnirinin qalibləri mükafatlandırılıb. Qaliblərə kubok və medallar təqdim olunub.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında təşkil olunan konfransın əvvəlində Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevə həsr olunan filmi izləyiblər.
Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev və ADPU-nun Quba filialının direktoru Yusif Alıyev çıxışlarında Azərbaycanda hüquqi dövlət quruculuğu və ictimai-siyasi, sosial-iqtisadi, mədəni, habelə digər bütün sahələrdə inkişafın dahi şəxsiyyət, uzaqgörən siyasətçi, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd ediblər.

 Bildirilib ki, Ümummilli Lider Heydər Əliyev cəmiyyətin hərtərəfli inkişafı, hüququn aliliyi və demokratiyanın əsas prinsiplərinin rəhbər tutulduğu idarəetmə mexanizmlərinin qurulması, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması, iqtisadi münasibətlərdə etibarlı tərəfdaş, güvənilən ölkə statusu qazanmasında əvəzsiz xidmətlər göstərib.
Konfransda Quba rayon prokuroru Namiq Muradov “Azərbaycanda dövlət quruculuğu istiqamətində hüquqi islahatların həyata keçirilməsində Heydər Əliyev amili”, Quba rayon Məhkəməsinin sədri Samir Məmmədov “Heydər Əliyev və Azərbaycanda məhkəmə və ədliyyə sisteminin inkişafında yeni mərhələ”, Dövlət Təhlükəsizliyi Xidməti Quba Rayon Şöbəsinin rəisi Elcan Süleymanov “Azərbaycanın milli təhlükəsizlik siyasətinin formalaşmasında Heydər Əliyevin rolu”, özbəkistanlı filologiya elmləri doktoru, professor Azamat Akbarov “Ulu Öndər Heydər Əliyev və Özbəkistan: Beynəlxalq perspektivdən baxış” mövzularında məruzələrlə çıxış ediblər.

Tədbirin bədii hissəsində ADPU-nun Quba filialının tələbələrinin və Quba Uşaq İncəsənət Məktəbinin şagirdlərinin ifasında konsert təqdim olunub.
0 0

Şərhlər

Oxşar xəbərlər