Bu gün Səməd Vurğunun doğum günüdür
21-03-2023, 06:56
450

Bu gün Səməd Vurğunun doğum günüdür

TehsilForumu.Az - “Vaqif” və “İki sevgi” dramları, “Aygün”, “ Zəncinin arzuları”, “Muğan” və s. poemaları ilə Azərbaycan ədəbiyyatına böyük töhvələr vermiş Səməd Yusif oğlu Vəkilov 1906-cı ilin bu günündə martın 21-də Qazax rayonun Yuxarı Salahlı kəndində bəy nəslində dünyaya göz açmışdı.

İlk təhsilini rus-tatar məktəbində alan Səmədin anası, Səməd 6 yaşında olarkən dünyasını dəyişir. Balaca Səmədə ana nənəsi baxır. 1918-ci ildə Qazaxda müəllimlər seminariyası açılır. Səməd və qardaşı Mehdixan da seminariyaya daxil olur. Seminariyanı bitirdikdən sonra Səməd bir çox ədiblərin əsərləni tərcümə etməyə başlayır. Zaman keçdikdə bütün varlığı ilə ədəbiyyata, poeziyaya bağlanan Səməd özünə Vurğun təxəllüsünü götürür. “Şairin andı”, “Könül dəftəri”, “Şeirlər” adlı kitabları işıq üzü görür. Şair təkcə 1935-ci ildə yeddi poema və 100-ə yaxın şeir yazır.

37-ci ilin ikinci yarısında isə, o özünün ölməz əsəri “Vaqif” dramını yazır. “Vaqif” dramında Moll Pənah Vaqifin həyat yolu, yaradıcılığı yer alır. Və hətta şair bu əsərinə görə “Stalin” mükafatı ilə təltif edilir. 1953-cü ildə isə “Aygün” poeması işıq üzü görür. Bu əsərə görə, şairi tənqid edirlər. Daha sonra isə “Şairin hüquqları” məqaləsi tənqid hədəfinə tuş gəlir. Şairə qarşı təzyiqlər artır. Hətta onun şəhərdən çıxmasına da qadağa qoyulur. Ancaq həyat o qədər maraqlıdır ki, elə həmin il Səməd Vurğun Elmlər Akademiyasında vitse prezident təyin edilir.

Şair 1955-ci ildə Vytenama gedərkən xəstələnir, səfərini yarım saxlayıb, müalicəyə başlasa da, faydası olmur. O, 1956-cı il mayın 27-də dünyasını dəyişir.

Səməd Vurğun özündən sonra təkcə əsərlərini qoyub getmir. Onun övladları Vaqid Səmədoğlu, Yusif Səmədoğlu və qızı Aybəniz Vəkilova da Azərbaycan ədəbiyyatına böyük töhfələr vermişlər.

Bu gün hər bir gənc “Aygün” filminə baxanda istər-istəməz yada ölməz şair Səməd Vurğun düşür. Və yaxud:

"El bilir ki, sən mənimsən,

Yurdum, yuvam, məskənimsən,

Anam doğma vətənimsən!

Ayrılarmı könül candan?

Azərbaycan, Azərbaycan!" - şeirinin misralarında Səməd Vurğun nəfəsi hiss edilir.

Ümumiyyətlə, yaradıcı insanlar - şairlər, yazıçılar, aktyorlar, xanəndələr ölmür. Onlar sadəcə dünyasını dəyişir. Hər misrası dillər əzbəri olan bir şair necə unudula bilər, necə ölə bilər? Onu xatırlatmaq üçün isə, sadəcə tarixi vərəqləmək lazımdır…
0 0

Şərhlər

Oxşar xəbərlər