Ucqar kəndlərdə yaşayan şagirdlərlə bağlı yeni layihəyə başlanılıb
9-03-2023, 06:47
98

Ucqar kəndlərdə yaşayan şagirdlərlə bağlı yeni layihəyə başlanılıb

Ucqar kəndlərdə yaşayan uşaqların həyatını müsbətə doğru dəyişmək, tələbə olmaq xəyalını reallaşdırmaq üçün yeni layihənin həyata keçirilməsinə başlanılıb.

TehsilForumu.Az xəbər verir ki , layihənin məqsədi ucqar kənd məktəblilərini elektron resurslarla təmin edərək, ali məktəblərə hazırlamaqla təhsildə qeyri-bərabərliyin aradan qaldırılmasına töhfə verməkdir.

"Hər kəs üçün keyfiyyətli təhsil” prinsipinə söykənən layihənin xüsusi hədəf qrupu aztəminatlı ailələrin övladları, həmçinin internat məktəblərində oxuyan, valideynlərini itirmiş yeniyetmələrdir.

Rəhbəri Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin sədri Sevinc Fədai olan layihənin maliyyə dəstəkçisi "ETİ" şirkətidir.Peşəkar psixoloq Rübabə Mərdanova və ADU-nun müəllimi, yazıçı Tural Cəfərovun "Məsafələr uğura əngəl deyil" təlim proqramı ilə Beyləqan, Qusar və Lerik rayonlarında layihənin açılış mərasimi baş tutub.

Tədbirdə ucqar kəndlərdən olan abituriyentlər və uşaqlar, müəllim və valideynlər iştirak edib. Abituriyentlərə layihə çərçivəsində onlayn dərslərə qoşulmaq və ali məktəblərə qəbul imtahanlarına hazırlaşmaq üçün planşet və tədris vəsaitləri, uşaqlara isə qida məhsulları hədiyyə edilib.

Həmçinin, layihənin koordinatoru Nərmin Veysəlova və müəllim Samirə Gülməmmədova abituriyentlərlə təlimatlandırıcı söhbətlər aparıb, onların qorxu və həyəcanını aşmağa kömək edən, özünəinam qazandıran art terapiya proqramı həyata keçirilib.

Qeyd edək ki, layihə çərçivəsində hər gün peşəkar müəllimlər tərəfindən keçirilən dərslərlə abituriyentlərin hazırlığı optimal səviyyəyə gətiriləcək, onların keyfiyyətli təhsil almaq imkanı olan abituriyentlərlə rəqabət aparmaq imkanları artacaq.

Layihə ərzində Lerik, Qusar və Beyləqanın kənd abituriyentlərinə onlayn dərslərlə yanaşı, onlayn psixoloji konsultasiya, seminarlar da veriləcək, onların həyat immuniteti də gücləndiriləcək.
0 0

Şərhlər

Oxşar xəbərlər