"Şagirdi küncdə saxlamaq cəzası uzun illər bizə yuxu kimi görsənəcək" - TƏHSİL EKSPERTİ TƏNQİD ETDİ
13-03-2023, 12:40
392

"Şagirdi küncdə saxlamaq cəzası uzun illər bizə yuxu kimi görsənəcək" - TƏHSİL EKSPERTİ TƏNQİD ETDİ

"Hər şeydə tələsdiyimiz azmış kimi, “Davranış qaydaları”nın tətbiqində bir az da irəli getdik… Görünür, artıq bu məktəbdə də ilkin olaraq seçilmiş 300-dən artıq məktəblərdən biri kimi "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları”nın icrası istiqamətində pilot tətbiqinə başlanıblar. Ancaq, “Şagirdlərin məktəbdaxili nizam-intizam qaydaları”nın “Uzun saçları olan şagirdlərə saçı açıq şəkildə məktəbə gəlməyə icazə verilməyə bilər” tövsiyəsini əldə rəhbər tutarkən, nədənsə qaydaların digər tələbini unudaraq, bu zaman narıncı xəbərdarlıq vermədən birbaşa qırmızı kart göstəriblər. Başqa söz tapa bilmirəm... Nə yaxşı ki, bu şagirdin bığı olmayıb, bu, artıq mentalitet məsələsi – namus, qeyrət məsələsi olacaqdı".

TehsilForumu.Az xəbər verir ki  bu sözləri açıqlamasında təhsil eksperti Nadir İsrafilov ötən gün Sumqayıtda 29 nömrəli məktəbdə fizika müəlliminin şagirdin saçını kəsməsi məsələsinə münasibət bildirərkən deyib.İsrafilov sözlərinə belə davam edib: "Mən hələ ilkin müzakirələr zamanı məsələyə münasibət bildirərkən demişdim ki, “Qaydalar”da bu dərəcədə xırdalıqlara getmək olmaz və bunu məni qınamayın el məsəlimizdə dəlinin yadına daş salmaq kimi dəyərləndirmişdim. Yəni “Kor əlinə ağac vermək”, “Dəlinin əlinə dəyənək vermək”, daha yumşaq desək, kiminsə ağlına gəlməyən bir şeyi ona xatırlatmaq demək deyilsə, bəs onda bunun başqa adı nədir? Bir müddət əvvəl, digər bir məktəbdə dərsə gecikən şagirdə cəza olaraq müəllimi sinifin döşəməsini sildirməsi, növbəti dəfə gecikmə olarsa, ona məktəbin tualetinin də döşəməsini sildirəcəyi barədə xəbərdarlıq etməsi barədə xəbərlər yayılmışdı. Maraqlı olanı isə odur ki, bu əməl sahibi tərəfindən məktəbin direktoru tərəfindən qoyulmuş daxili qayda-qanunlarından biri kimi izah olunur. Kim zəmanət verə bilər ki, sabah və ya o birisi gün, bu və ya digər məktəblərdə daha nə kimi başqa cəza tədbirləri tətbiq edilməyəcək?

Əgər, Nazirlik rəsmisinin rəsmi bəyanatına əsasən “məktəblərdə şagirdlərin davranış pozuntularının ağırlıq dərəcəsi təsnifatlara bölünəcək, həmin təsnifatlar davranış pozuntularının ağırlıq dərəcəsini təyin edəcək, şagird davranış qaydaları ümumtəhsil məktəbləri üçün çərçivə xarakteri daşıyır və bu qaydalar əsasında məktəblər özləri də daxili qaydaları tərtib edə bilərlər” – belə çıxır ki, hansısa məktəbi saç kəsdirmək və ya hansısa məktəbi döşəmə sildirməkdə günahlandırmaq üçün əlimizdə tutarlı əsasımız yoxdur.

Elə isə, digər vacib işlərimizi bir kənara qoyub araşdırma aparmaq və günahkar axtarmağa lüzum da qalmır... Bir vaxtlar çoxları tərəfindən narazılıqla qarşılaşan şagirdi tənbeh vasitəsi kimi küncdə saxlamaq cəzası, hələ uzun illər bizə yuxu kimi görsənəcək".


0 0

Şərhlər

Oxşar xəbərlər