Test üsulunun ləğvi müzakirələri yenidən müzakirəyə səbəb olub
11-03-2023, 09:27
2 045

Test üsulunun ləğvi müzakirələri yenidən müzakirəyə səbəb olub

TehsilForumu.Azxəbər verir ki, “Test üsulu geniş dünyagörüşünə sahib insan yetişdirmir, əksinə, əzbərçiliyə yönləndirir. Cavabı variantların birində göstərilən test forması savadlı kadrların sayını azaldır”. Bu sözləri mediaya açıqlamasında deputat Fazil Mustafa deyib.

Onun sözlərinə görə, test üsulu müəyyən bir dövr üçün mütərəqqi hadisə olsa da, toxulunmaz formada qalmaqda davam etdi. Bu üsulun tətbiqindən sonra ali məktəblərə qəbulun asan forması tapılmalı, əsas diqqət qəbula deyil, bitirməyə yönəlməli idi.

Qeyd edək ki, zaman-zaman test üsulunun ləğvi ilə bağlı məsələ gündəmə gəlsə də, real olaraq bununla bağlı hər hansı dəyişiklik edilməyib.

Test üsulunun ləğv olunması fikri ictimaiyyət arasında narazılığa səbəb olub.DİM - Xanlar Xanlarzadə: “Testin əzbərçiliyə gətirməsi iddiaları doğru yanaşma deyil”
Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə bildirdi ki, kütləvi imtahanlar üçün başqa vasitə hazırda mövcud deyil: “Testin əzbərçiliyə gətirməsi iddiaları doğru yanaşma deyil. Çünki artıq qapalı və yazılı tipli tapşırıqlar da imtahanlarda geniş istifadə edilir. 700 ballıq şkala ilə toplanan balların 500-ü testdən, 200-ü açıq suallardan əldə olunur. Gələcəkdə danışıq bacarıqlarının yoxlanılması üçün imtahanlara əlavə olunacaq”.

Nadir İsrafilov: “Hazırda testin ləğvindən söhbət gedə bilməz, çünki testin ləğv olunması əlavə problemlər yaradacaq”
Təhsil məsələləri üzrə ekspert Nadir İsrafilov bildirdi ki, Sovet dövründə ölkəmizdə 70 il ərzində yazılı-şifahi imtahanlar olub: “Orta məktəblərdə şagirdlər ibtidai sinif başa çatandan sonra 5-6-cı sinifdə 2 imtahan, 7-8-9-cu sinifdə 3 imtahan, 10-cu sinifdə 4 imtahan verirdilər. Bu o demək idi ki, uşaqlar imtahana tədricən öyrəşirdilər. Sonra biz 1991-ci ildə test üsuluna keçdikdə, bu inteqrasiya məqsədilə lazım idi, birdən-birə test üsulunun tətbiqi ilə bağlı 8 fəndən imtahan salındı. O vaxt belə qərara gəlinmişdi ki, testlə qəbulda 350 bal həddi olsun. Bu bal həddi klassik qiymətləndirmə ilə “3” hesab olunurdu. Sonra məlum oldu ki, 350 bal toplayanlar azdır, 150, hətta 100 balla da ali məktəblərə qəbul həyata keçirdik. Testin əhəmiyyəti ondan ibarət idi ki, obyektivliyin təmin olunmasında vasitə hesab edilirdi. Bir çox vətəndaşlarımız tərəfindən müsbət qəbul olunurdu ki, imkansız ailələrin övladları məhz test vasitəsilə ali məktəblərə qəbul olunur. Sonra test tədricən əvvəlki səviyyədən fərqli olaraq mahiyyətini itirməyə başladı. Testlə bağlı fikirlər haçalandı. Bəziləri testi mexaniki əzbərçilik, bəziləri krossvord adlandırdı, testin kifayət qədər imkanı olmadığını açıqladı. Həmçinin bildirildi ki, bilik və bacarıqların üzə çıxarılmasına kifayət qədər təsir edə bilmir. Hətta son vaxtlar ümumiyyətlə testin ləğvindən söhbət gedir. Bu fikirlər müxtəlif mövqelərdir. Testin müsbət tərəfləri kimi mənfi tərəfləri də var. Çünki oxu, yazı vərdişləri kimi keyfiyyətləri üzə çıxarmaqda məhdudiyyətlər var. Ona görə müəyyən dövrdən sonra qapalı testlərə açıq testlər əlavə etdilər. Boloniya prosesinə qoşulduqdan sonra ali məktəblərdə birdən-birə sessiya imtahanları yazılı şəkildə keçirildi. Təsəvvür edin ki, uşaqlar orta məktəbdən testlə gəlir, ali məktəbə testlə qəbul olur, sesssiya imtahanında birdən-birə yazılı tətbiq edilir. Ona görə də bizim bir sıra universitetlərdə tələbələr etiraz edirdi. Hətta universitetlərdən birində tələbələrin piketi keçirilmişdi. Ondan sonra məsələ qoyuldu ki, ali məktəblərdə yazılı imtahana keçirilirsə, orta məktəbdə bu vərdişləri yaratmalıyıq. Ona görə də belə qərara alındı ki, 9-cu sinifdə esse imtahanı keçirilsin. Ancaq esse imtahanları da zəif göstəricilərlə nəticələndi. Ona görə də yenidən testi bərpa etdilər”.Ekspert hesab edir ki, hazırda testin ləğvindən söhbət gedə bilməz: “Çünki testin ləğv olunması əlavə problemlər yaradacaq. Necə ki, testə keçəndə o problemləri yaşadıq, testi ləğv edəndə də bir müddət o problemlər yaşanacaq. Mən hesab edirəm ki, biz bu gün testin ləğvi üçün hazır deyilik. Testlərdə açıq testlərin sayını tədricən artırmaqla uşaqlarda vədrişlər yaradılmalıdır. İndi açıq testlərdə də müəyyən problemlər yaranır. Çünki adaptasiya məsələsi var. Bu gün kurikulum tətbiq edirik. Əvvəlki təhsil proqramları bilikyönümlü, indiki kurikulumlar isə şəxsiyyətyönümlüdür. Yəni şagirdlər yalnız biliklə kifayətlənməməli, bacarıqları, vərdişləri olmalıdır. Bu baxımdan testin imkanları məhduddur. Ona görə də bu saat testin ləğvindən deyil, imkan daxilində təkmilləşdirilməsindən söhbət gedə bilər. Hazırda dünyanın bir sıra ölkələrində attestatla qəbul həyata keçirilir. Ümumiyyətlə, imtahansız qəbulun təşkilindən də söhbət gedir. Bu saat imtahanları da ləğv edə bilmərik. Çünki biz buna hazır deyilik. Tədricən təkpilləli vahid imtahana keçə bilərik. Buraxılış imtahanları ilə ali məktəbə qəbul imtahanlarını birləşdirib bir imtahan yolu ilə abituriyentlərin ali məktəbə qəbul məsələsini həll edə bilərik. Birdən-birə sıçrayış etmənin təhsilə ziyanından başqa heç bir xeyri olmaz. Ona görə də testin nə qədər çatışmazlıqları olsa da, bu saat testin ləğvi deyil, onun təkmilləşməsindən, daha optimal variantının tapılmasından söhbət gedə bilər”.
0 0

Şərhlər

Oxşar xəbərlər