“Regionlar təyinat məsələsi ilə bağlı daha operativ fəaliyyət göstərməlidir”
30-01-2023, 18:00
621

“Regionlar təyinat məsələsi ilə bağlı daha operativ fəaliyyət göstərməlidir”

TehsilForumu.Az xəbər verir ki , bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib. O, direktor müavinlərinin yerləşdirilməsinin hələ də həyata keçirilməməsi məsələsi ilə bağlı öz şərhini bölüşüb. 

 

Regionlarda tədris işləri üzrə direktor müavini və təşkilatçı müavinin imtahan üzrə yerləşdirilməsi bir ilkdir. 2017-ci ildən direktorların işə qəbulu ölkə üzrə, o cümlədən Bakı şəhəri üçün mərkəzləşmiş şəkildə imtahan yolu ilə keçirilir. Regionlarda isə 2022-ci ilin payızında başlanılmışdır.

 

Ekspert, yerləşdirmə prosesində gecikmə hallarının yaranmaması üçün regional təhsil idarələrinin daha operativ şəkildə fəaliyyət göstərməli olduğunu qeyd edir:

 

“Müsabiqədən keçən, uğur qazanmış direktor və müavinlərin təyinatı müəyyən regionlar üzrə mərhələli şəkildə həyata keçirilir. Bunun gecikməsinin səbəblərindən biri, ola bilsin, Elm və Təhsil Nazirliyinin sənədləşmə prosesi ilə əlaqəlidir. Regionlar üzrə direktor və direktor müavinlərinin təyinatı isə birbaşa onların ixtiyarındadır. Regionlar təyinat məsələsi ilə bağlı daha operativ fəaliyyət göstərməlidir. Onlar hansı məktəbin direktora və ya direktor müavininə ehtiyacı olduğunu müəyyənləşdirməli və təyinatı operativ şəkildə həyata keçirməlidir. Əgər məktəbdə direktor yoxdursa, müavin müvəqqəti olaraq onu əvəz edə bilir. Ancaq müavin olmadığı zaman direktor çox ciddi problemlərlə qarşılaşır.

 

“Bu gün məktəblərdə yaranan neqativ halları araşdırdıqda görürük ki, ya lazımi işləri yerinə yetirən direktor müavini yerində deyil, ya da ümumiyyətlə yoxdur “-E.Qafarov məktəblərdə müavinlərin fəaliyyətinin zəruriliyini də qeyd edərək vəziyyətin önəmini izah edir.

 

“Məktəbləri müavinsiz təsəvvür etmək çətindir. Bu gün məktəblərdə yaranan neqativ halları araşdırdıqda görürük ki, ya lazımi işləri yerinə yetirən direktor müavini yerində deyil, ya da ümumiyyətlə yoxdur. Bu kimi halların yaranmaması üçün də direktor müavinlərinin təyinatı məsələsinə ciddi şəkildə yanaşmaq lazımdır.

 

Regionlar üzrə gecikmələrin yaşanması təhsil idarələrində bu mexanizmin tam olaraq oturmaması ilə əlaqəlidir. Son olaraq düşüncəm bundan ibarətdir ki, təhsil idarələri bu işə olduqca ciddi yanaşmalıdır”.

 
0 0

Şərhlər

Oxşar xəbərlər