Müəllimlərin maaş meyarı necə olmalıdır?
30-01-2023, 13:31
3 314

Müəllimlərin maaş meyarı necə olmalıdır?

TehsilForumu.Az- ETN iddia edir ki, müəllimlərin maaşını müəyyənləşdirərkən əməyin məhsuldarlığı meyarına əsaslanırıq. Yüksək məhsuldarlığa daha çox ödəniş. Yəni yeni ildən müəllimlərin maaşında artım olmaya bilər, ya da çox cüzi artım ola bilər. 

Absurd iddiadır. 

Digər sahələrdə (MN, FHN, DİN, XİN, Maliyyə N. KTN, ETSN v.s. sistemlərdə) bütün əməkdaşların maaşları heç bir şərt və meyar olmadan qaidırılır, amma müəllimlərin maaşı seçmə üsulla qaldırılır. Müəllimlərə əmək məhsuldarlığına görə maaş artımı edirlər. Normal maddi-texniki, tədris-metodik təminatı, hətta sanitar qovşağı olmayan məktəblərin müəllimlərindən necə məhsuldar fəaliyyət tələb etmək olar?



Ölkə məktəbliləri artıq 30 ildir kütləvi şəkildə repetitor yanına gedir və az-çox təhsildə uğur varsa, məktəbin yox, konkret repetitorların hesabınadır. Olan uğur isə belədir: məktəb məzunların 70% 150 balldan az yığır. Bu halda əməyin məhsuldarlığı meyarı necə təyin ediləcəkdir? 

Yoxsa, meyar sertifikatlaşma imtahanı əsasında olacaq? Bu imtahanın nəticəsi müəllimin pedaqoji fəaliyyətinin məhsuldarlığını yox, sadəcə imtahan balını göstərir. Bu nəticənin məhsuldarlığa, maaşa nə dəxli ola bilər? 



Onda bəlkə qırmızı diplomlu müəllimlərə daha çox maaş verək, çünki, onlar bu diplomu alana qədər universitetdə 35-40 fənndən imtahan verir və yüksək ball yığır? Bu hər halda sertifikatlaşma imtahanından daha dəqiq göstəricidir. Yoxsa, ETN özünün təsis və nəzarət etdiyi universitetlərə inanmır?



Görünən odur ki, təhsilin büdcəsi son 3 ildə 3 dəfə, qiymətlər 2 dəfə artsa da, müəllimin maaşı faizlə qalxıb. Bu artırılmış büdcə ilə müəllimlərin maaşını əhəmiyyətli dərəcədə artırmaq mümkündür. Ölkə üzrə məktəb tikintisi artıq 80 % icra edilib, yenilənib, indi az sayda məktəblər tikilməlidir. ETN bu artmış büdcəni müəllimlərin maaşından daha mühüm olan hansı layihələrə yönləndirir görəsən? O layihələrin adlarını xalq öyrənə bilərmi? Niyə bu layihələrin real nəticələri təhsildə hiss edilmir? Hiss edilən isə təhsilin günbəgün tənəzzülüdür. Məncə bu məsələlərdə şəffaflıq və müəllimlərin sosial durumu daha vacibdir. Bizim son illərin təhsil nazirləri AXC dövründə maarif naziri olmuş Nəsib bəy Yusifbəylinin bu hikmətli sözlərini yaxşı oxusunlar: 



"Müəllimlərin maaşını nə qədər artırsanız, bilin ki, bundan bir şey qeyb etməyəcəksiniz. Çünki bizim varlığımız və istiqbalımız ancaq müəllimlərin əlindədir. Nə qədər müəllim ac olsa, nə qədər gözü ətrafda və özgə əlində olsa, əlbət ki, o müəllim bir şey verə bilməz və o məktəbdən də bir şey çıxmaz."
0 0

Şərhlər

Oxşar xəbərlər