Təhsilin formalaşmasında əsas rol Müəllimdir ....
28-01-2023, 17:26
693

Təhsilin formalaşmasında əsas rol Müəllimdir ....

Azərbaycan xalqının ümummilli lideri, dahi və unudulmaz şəxsiyyət Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusu kimi hər bir azərbaycanlının həyatında müstəsna rol oynamış böyük dövlət xadimi olmaqla yanaşı, eyni zamanda göstərdiyi əvəzsiz xidmətləri ilə xalqın qəlbində əbədi yer tutmuş rəhbərdir.

TehsilForumu.Az - Bu gün Azərbaycan məktəbi haqqında geniş ictimaiyyət arasında müxtəlif fikirlər səslənir. Yaxşı və pis məktəb, güclü və zəif müəllim anlayışları bütün hallarda müasir təhsilimizin səviyyəsinin göstəricisi kimi çıxış edir. Hazırda müəllim nüfuzu, müəllim-şagird münasibətləri, məktəbə olan hörmət və ehtiram barədə söhbət düşəndə mənfi məqamlar daha çox narahatlıq doğurur. İnsanı yetişdirən, formalaşdıran ilk ocaq ailədən sonra məktəb və pedaqoji mühitdir. Müstəqil zövq, fərdi əqidə, əsl vətəndaşlıq səmimiyyəti, mühitlə qaynayıb-qarışmaq, daim axtarışda olmaq meyli, marağı, bir sözlə, bütöv şəxsiyyət probleminin həlli məhz məktəbdən, tədris sistemindən asılıdır. Quba - Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyevin sözlərinə görə, müəllim təkcə biliyini yox, ömrünü də şagirdləri arasında paylayır. Həm də müasir anlamda yalnız öyrətmir, eyni zamanda, yetişdirir, tərbiyə edir, formalaşdırır və hər bir gənci xalqa, cəmiyyətə təqdim edir. O, şagirdlərin zehni fəallığını təmini, müstəqil işləmələrinin qayğısına qalır, yetirmələrini düşündürücü suallar üzərində çalışdırır, keçilən mövzunu müasir həyatla əlaqələndirir, hər bir dərsin həm də tərbiyəvi xarakter daşımasına, uşaqların mənəvi aləminin zənginləşməsinə ciddi diqqət yetirir.  İnsanın şəxsiyyət kimi formalaşmasında, onun təhsil və inkişafında müəllimin rolu danılmazdır. Bütün dövrlərdə müəllim peşəsinin əhəmiyyəti, şərəfliliyi, yüksəkliyi barədə müdrik kəlamlar söyləyiblər.

Müqəddəs “Qurani-Kərim” biliyə yiyələnməyin ilk yolunu oxuyub yazmaqda, öyrənməkdə görür. Məhəmməd Peyğəmbər buyururdu ki, elm çöldə dostumuz, tənhalıqda munisimiz, köməksizlikdə yoldaşımız, xoşbəxtlik yolunu göstərənimiz, dostlar arasında zinətimiz, düşmənlər arasında silahımızdır. Elmi biliklərə yiyələnmək Allahın yanında oruc tutmaqdan, namaz qılmaqdan, Həccə getməkdən də üstündür. Başqa bir hədisində Məhəmməd Peyğəmbər alimləri yer üzünün çırağı, nuru adlandırır, biliyi bilməyənlər arasında yaymağı ən böyük sədəqə hesab edir, bilikli adamın üzünə baxmağı, onunla oturub - durmağı ibadət sayır, bilik öyrədən və bilik öyrənən arasında xoş münasibəti vacib hesab edirdi: “Kimdən bilik öyrənirsinizsə, ona hörmət edin, ona qarşı mehriban olun. Kimə bilik öyrədirsinizsə, ona qarşı da mehriban olun”.Məlumdur ki, müasir təlim strategiyaları, fəal-interaktiv təlim metodları şagirdlərin təlim prosesində daha fəal iştirakına, həyati və tətbiqi bacarıqlar əldə etməsinə, məntiqi və tənqidi təfəkkürünün inkişafına yönəlmişdir. Məhz bu amil nəzərə alınaraq, Təhsil Nazirliyinin səyləri nəticəsində beynəlxalq təşkilatlarla və yerli QHT-lərlə əməkdaşlıq çərçivəsində ölkənin ümumtəhsil məktəblərində çalışan 22 minədək müəllim müasir təlim texnologiyaları üzrə treninqlərdən keçirilib. Daha 18 min müəllim isə yeni kurikulumun tətbiqi ilə əlaqədar treninqlərdən keçərək müvafiq bacarıqlara yiyələnibdir. Lakin aparılan monitorinqlər göstərir ki, müvafiq treninqlərdən keçən bir sıra müəllimlər yeni məzmunun tədrisində və yeni dərsliklərin tətbiqində çətinlik çəkirlər. Bir çox hallarda məzmun islahatlarını forma dəyişiklikləri ilə eyniləşdirir, müasir təlim texnologiyalarının tətbiqini sinifdə dərs prosesində şagirdlərin qruplara bölünməsi və şagird masalarının düzülüşünün dəyişdirilməsi kimi başa düşürlər, mahiyyətcə isə ənənəvi yolla fəaliyyət göstərməyə cəhd göstərirlər: “Bəs müvafiq treninqlərdən keçməyən çoxsaylı müəllimlər nə etməlidir? Məlumdur ki, onların əksəriyyəti müasir təlim metodlarını ya tətbiq edə bilmirlər, ya da ki, etmək istəmirlər. Birinci halda müəllimlərə bu sahədə bacarıqlar aşılanmayıb, ikinci halda isə onlar yaradıcılığa və təşəbbüskarlığa meyil göstərmirlər. Müasir təlim metodlarının tətbiqi nəzərdə tutulan dərslərə xüsusi hazırlaşmaq, əlavə mənbələr axtarmaq, təlim materialları hazırlamaq, fərdi tapşırıqlar müəyyənləşdirmək, müasir qiymətləndirmə üsullarından istifadə etmək tələb etdiyindən, bir çox hallarda çətinlikdən qaçır və daha asan yolla getmək istəyirlər. Belə halların olmaması üçün müəllimlərlə sistemli işin aparılması, metodkabinetlərin bu prosesə fəal cəlb olunması vacib məsələlərdəndir. Bəli, cəmiyyətin, millətin gələcəyi müəllimin əlindədir. Elə buna görə də öz işinin öhdəsindən uğurla və şərəflə gəlmək üçün müəllim əsl mənada şəxsiyyət olmalı, özündə müsbət keyfiyyətlər formalaşdırmalıdır...

Quba - Xaçmaz Regional Təhsil İdarəsinini müdiri
Rüfət Hacıyev



0 0

Şərhlər

Oxşar xəbərlər