Məktəblərdə müəllim-şagird qarşıdurmasının qarşısını almaq üçün nə etməliyik?
23-01-2023, 15:00
389

Məktəblərdə müəllim-şagird qarşıdurmasının qarşısını almaq üçün nə etməliyik?

TehsilForumu.Az - Milli Məclisin deputatı, Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədovun son günlər tez-tez müzakirə edilən təhsil problemlərindən biri ilə bağlı yazısını təqdim edir:

 

19.01.2023-cü il tarixində Bakıda 59 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəlliminin VI sinif şagirdlərinə qarşı zor tətbiq etməsi məktəblərimizdə müəllim şagird münasibətlərinin ürəkaçan vəziyyətdə olmadığını bir daha göstərdi.

 

Əlbəttə bu yazıda yalnız müəlliməni günahkar çıxarmaq fikrim yoxdur. Ola bilsin şagirdlər müəlliməni əsəbləşdiriblər. Ancaq heç bir halda müəllim müəllim adına yaraşmayan davranışa yol verməməli idi. Çünki müəllim öyrədən və tərbiyə verəndir. Öyrətmək və tərbiyə vermək müəllimin bilavasitə vəzifəsidir.     

 

Sonra rəsmi açıqlamaları diqqətlə oxudum. Həmişəki qaydada müəllim, şagird və valideynlərlə danışıq aparıldığı qeyd olunur. Bu yetərlidirmi? Hesab edirəm yox. Nə etməliyik? Bu barədə yazının sonunda fikirlərimi bildirəcəm.

 

Sonra maraq üçün Azərbaycan məktəblərində müəllim-şagird qarşıdurmaları ilə bağlı axtarış aparmaq qərarına gəldim. Qarşıma çoxlu sayda belə hamımıza məlum olan bir çox faktlar çıxdı. Hesab edirəm məktəblərimizdə baş verən belə hallarla bağlı həyəcan təbili çalmağın vaxtı çoxdan çatıb.

 

Nə etməliyik məsələsinə gəldikdə hesab edirəm məktəblərdə direktor, valideyn və şagirdlərin iştirakı ilə ciddi tədbirlər həyata keçirməliyik. Söhbət həm profilaktik söhbətlərdən, həm də maarifləndirmə tədbirlərindən gedir.

 

Eyni zamanda məktəb-valideyn əməkdaşlığı ən yüksək səviyyədə olmalıdır. Müəllimlərə belə məsələlərdə diqqətli olmaqla bağlı ciddi tapşırıqlar verilməli, qaydaları pozan müəllimlər ciddi cəzalandırılmalıdır. Təcrübəsi yetərli olmayan, direktor olmağa layiq olmayan insanlar məktəblərə rəhbər təyin edilməməlidir. Eyni zamanda, müəllimin nüfuzunun qorunması üçün ciddi çalışmalı, onları alçalda və şagirdlərin gözündən sala biləcək açıqlama və bəyanatlara son qoymalıyıq. Bununla yanaşı sözügedən məsələnin psixoloji və sosioloji səbəblərinin araşdırılması istiqamətində tədbirlərə başlamalıyıq. Sonda fürsətdən istifadə edib üzümü bütün müəllimlərə tutaraq onları şagirdlərlə rəftarda zor tətbiqindən uzaq olmağa çağırıram. Unutmayın ki, müasir dövrün şagirdləri ilə daha çox dostluq etmək lazımdır. Onlara zor tətbiq etmək əks nəticə verəcək. Buna əməl etmədikcə belə insidentlərin sayı daha çox olacaq. Bu bir reallıqdır ki, Z və Alfa nəsli fərqli nəsillərdir.

 

Onu da unutmayın ki belə hallar müqəddəs olan müəllim adına da xələl gətirir, onu nüfuzdan salır. Bu adın saflığını və paklığını qorumaq hər birimizin müqəddəs borcudur.

 
0 0

Şərhlər

Oxşar xəbərlər