“20 Yanvar- Qürur və hüzn günümüz, azadlıq mübarizəmizdir” .
18-01-2023, 17:10
917

“20 Yanvar- Qürur və hüzn günümüz, azadlıq mübarizəmizdir” .

Azərbaycanım doğma yurdum ! O yurd ki,  bugünə qədər çətin tarixi sınaqlardan uğurla çıxan, xalqının öz milli-mənəvi dəyərlərini, milli kimliyini qoruması naminə ərazisinin zaman-zaman böyük imperiyalarla gedən savaşlarda mübarizə meydanına çevrildiyi qədim odlar diyarıdır.  Ölkəmizin azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 33 il ötsə də bu müdhiş tarixi hadisə xalqımızın qan yaddaşından heç zaman silinməmişdir. Əksinə biz mübariz xalqın mübariz nümayəndəsi kimi daim əziz Şəhidlərimizin ruhunu ehtiramla yad edir, onların Vətənimiz və xalqımız qarşısındakı fədakarlıqlarını hər şeydən uca tuturuq.  1990 - cı il yanvarın 19- dan 20 - nə keçən gecə  saat 23: 30 radələrində Bakı şəhərinə hücum etmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən fövqəladə  vəziyyət elan edilmədən, dinc əhaliyə divan tutulmuş və nəticədə  yüzlərlə insanın qətlə yetirildiyi , yaralandığı və itgin düşdüyü bu faciə  həm hüznlüdür, həm də bizim bir millət kimi mübarizlik, azadlıq ideyası ətrafında sıx birləşdiyimizi sübuta yetirən qürurlu hadisədir. 
Amansızcasına törədilmiş qanlı hadisə bir xalqın azadlıq ruhuna, onun yaşamaq hüququna, milli genefonduna  vurulmuş ən böyük zərbə, əsl vandalizm aktı idi. Fövqəladə vəziyyətin tətbiqi elan olunanadək 82 nəfər amansızlıqla qətlə yetirilmiş, 20 nəfər isə ölümcül yaralanmışdır. 

 Fövqəladə vəziyyət elan edildikdən sonra isə Yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür.  20 Yanvar tarixindən bir neçə gün əvvəl, Bakı şəhərinin əhalisinə yanlış informasiya çatdırmışdılar. SSRİ-nin mərkəzi aparatının nümayəndələri şəhər əhalisinə belə məlumat vermişdilər ki, Sovet ordusu heç vaxt Azərbaycan paytaxtının dinc əhalisinə qarşı silah işlətməyəcək. Lakin bu qəsdən deyilmiş bir yalan idi. Sovet ordusu gecə ikən şəhərə daxil olaraq yüzlərlə dinc sakini qanına qəltan etdi. Kim idi bu qanlı hadisələrin təşkilatçısı? Cavab birdir. Əlbəttə ki, əsl cani olan Mixail Qarbaçovun rəhbərlik etdiyi Sovet rejimi! 

 Müdafiə naziri marşal Yazovun rəhbərlik etdiyi 20 min nəfərlik ordu hissələri ölkədə məhz Kommunist Partiyasının hakimiyyətini qorumaq məqsədilə Bakı şəhərinə daxil olmuşdu. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Nefçala rayonunda və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir. Nəticədə Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülmüş , 744 nəfər isə yaralanmış , 841 nəfər qanunsuz olaraq həbs edilmişdir. Həlak olanların arasında qadınlar , uşaqlar və qocalar , həmçinin təcili yardım işçiləri və polislər də olmuşdur. Hesab edirəm ki, bizim hər birimiz dövlət müstəqilliyimizin bərpası və  azadlığımız üçün ilk növbədə 20 Yanvar şəhidlərinə borcluyuq. Qanlı Yanvar faciəsinin ertəsi günü o vaxt Moskvada yaşayan Ümummilli lider Heydər Əliyev Azərbaycanın Rusiyadakı daimi nümayəndəliyinə gəlib, burada xalqımızın kədərini bölüşüb və kommunist rejiminin Respublikamızda həyata keçirdiyi vandalizm aktını qətiyyətlə pisləyən bəyanatla çıxış etmişdir. Dahi şəxsiyyətin bu cəsarətli addımı onun həqiqətən də əsl liderlik keyfiyyətlərinə malik olmasının  bariz nümunəsi idi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Ümummilli Lider Heydər Əliyev Yanvar faciəsini Azərbaycan xalqının suveren hüquqlarına qəsd kimi qiymətləndirib: 

“Mən belə hesab edirəm ki, 19-20 yanvarda baş vermiş bu faciə həm Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsən Qorbaçovun böyük günahının nəticəsidir, onun diktatorluq meyillərindən əmələ gəlmiş bir haldır və eyni zamanda, Azərbaycan rəhbərlərinin xalqa xəyanəti və cinayətinin nəticəsidir. Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi”. 1990-cı il yanvarın 22-də Bakıdakı dağüstü parkda müxtəlif millətlərdən olan qadınlar, qocalar, gənclər və uşaqların dəfn edildiyi Şəhidlər xiyabanı salınıb. Həmin gün binaların damlarında hərbçilər tərəfindən quraşdırılmış pulemyotların müşayiəti ilə yüz minlərlə Bakı sakini güllələnən dinc insanların dəfnində iştirak edib. Bugün də Şəhidlər xiyabanına şəhərimizin müxtəlif yerindən gəlmiş qonaqlar, bu müqəddəs ünvanı bizim millətin and yeri kimi ziyarət edir. Şəhidlərin məzar lövhələri üzərini, həmişə matəm rəmzi olan al-qırmızı qərənfillər boyayır. Hər il yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur.

1994 - cü il martın 29-da ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə Ali qanunvericilik orqanı - Milli Məclis səviyyəsində ilk dəfə hüquqi - siyasi qiymət verilmişdir. 1990 - cı ilin Yanvar qurbanları simvolik olaraq " 20 Yanvar şəhidi " adlanır. 1998- ci il martın 31 - də Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev 1990 - cı il Yanvarında Azərbaycanın azadlığı uğrunda şəhid olanların xatirəsini əbədiləşdirmək məqsədi ilə "20 Yanvar Şəhidi " fəxri adının təsis edilməsi haqqında fərman imzalamışdır.

Azərbaycanın milli maraqları naminə hesablanan müdrik YAP  siyasəti  Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bu gün də layiqincə davam etdirilir. Prezident, doğma Partiyamızın Sədri cənab İlham Əliyev 20 Yanvar şəhidi ailələrinin və yaralılarının qayğılarını daim diqqət mərkəzində saxlayır. Dövlət başçısının fərmanlarına əsasən 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələri üçün təqaüdlərinin artırılması, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması və digər mühüm məsələlər dövlət siyasətinin prioritet istiqaməti kimi daim ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.
 Vətənpərvərliyin ən ali zirvəsi-şəhidlikdir. Vətənin qorunması, müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Bu ucalığa yüksələnlərin ömür yolu nə qədər qısa olsa da, şərəfli və örnək sayılır. Qəhrəmanlıq bir anın bəhrəsi deyil. Xarakterin, tərbiyənin, mənəvi dəyərlərin gücü ilə diktə olunan keyfiyyətdir. Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecədə həlak olan Vətənimizin cəsur oğul və qızları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar.
Azərbaycanın müstəqilliyinin bərpası üçün öz canından keçmiş bütün şəhidlərimizin əziz ruhu qarşısında baş əyir, uca Allahdan onlara rəhmət diləyirəm! 

                      Məmmədova Lalə
YAP Yevlax Rayon təşkilatının fəalı , Yevlax rayon M.Kərimov adına Tanrıqulular kənd tam orta məktəbin Riyaziyyat və informatika müəllimi.
0 0

Şərhlər

Oxşar xəbərlər