Azərbaycan universitetlərində qış imtahan sessiyası başlayıb - SORĞU
5-01-2023, 12:13
418

Azərbaycan universitetlərində qış imtahan sessiyası başlayıb - SORĞU

Artıq Azərbaycanın bir neçə ali təhsil müəssisəsində 2022/2023-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyası başlayıb.

TehsilForumu.Az Tehsil.biz - ə istinadən xəbər verir ki,  bununla bağlı bəzi universitetlər arasında sorğu keçirib.

Bakı Dövlət Universitetindən (BDU) "Tehsil.biz"in sorğusuna cavab olaraq bildirilib ki, yanvarın 5-dən BDU-da 2022/2023-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyası başlayıb:"İmtahanlar iki növbədə (bakalavriat səviyyəsi üzrə yazılı imtahanlar saat 10:00-13:00-dək, şifahi və magistratura səviyyəsi üzrə imtahanlar saat 14:00-17:00-dək) keçiriləcək. Bakalavriatura səviyyəsində 927 qrup üzrə 20 mindən çox, magistratura səviyyəsində isə 261 ixtisaslaşma üzrə 1975 tələbə imtahan verəcək. Sessiya zamanı üzrlü və üzrsüz səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün 2023-cü ilin fevral ayının 7-dən 14-dək şərait yaradılacaq. Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apelyasiya Komissiyası yaradılıb. Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və Elm və Təhsil Nazirliyinin "Qaynar xətt"i vasitəsilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin edəcək. Sessiya fevralın 3-dək davam edəcək", - BDU-nun mətbuat xidmətindən bildirilib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) mətbuat katibi Cavid Hüseynov saytımıza açıqlamasında imtahanların hələki yanvarın 5-dən etibarən başladığını bildirib."AƏSMA-da imtahan sessiyası 24-25 yanvaradək davam edəcək. İmtahan ənənəvi qaydada keçirilir. Tələbələrin imtahanda iştirakı qənaətbəxşdir".

Qərbi Kaspi Universitetindən  verilən məlumata görə, imtahanlar bu gündən etibarən başlayıb:
"İmtahan fevralın 2-dək davam edəcək. İmtahanlar yazılı, şifahi və test formasında təşkil edilir. İştirak səviyyəsi barədə isə danışmaq tezdir, çünki imtahanlar bu gün başlayıb".

Azərbaycan Tibb Universitetindən isə bildirilib ki, qış imtahan sessiyası 29 dekabr 2022-ci ildən start götürüb:
"İmtahan fevral ayının 1-i başa çatacaq. Tələbələr cədvələ uyğun olaraq imtahanda iştirak edirlər".

Bakı Mühəndislik Universitetində də (BMU) qış imtahan sessiyasına start verilib.



"Əyani formada təşkil olunan imtahan sessiyası fevral ayının 1-nə kimi davam edəcək. İmtahanlarda tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin tam təmin olunması üçün hərtərəfli şərait yaradılıb, həmçinin imtahan zallarında bu məqsədlə bütün zəruri tədbirlər həyata keçirilib", - BMU-nun mətbuat xidmətindən bildirilib.

Azərbaycan-Fransız Universitetində (UFAZ) qış imtahan sessiyası başlayıb.UFAZ-dan "Tehsil.biz"ə bildirilib ki, sessiya yanvarın 13-dək davam edəcək.

Xəzər Universitəsindən sorğumuza cavab olaraq bildirilib ki, ali məktəbdə qış imtahan sessiyası Elm və Təhsil Nazirliyinin müvafiq sərəncamına uyğun olaraq 29 dekabr 2022-ci ildə başlayıb:



"Qış imtahan sessiyası 25 yanvarda bitəcək", - universitetdən bildirilib.

Mingəçevir Dövlət Universitetində də (MDU) qış imtahan sessiyasına start verilib.



"Bu gündən MDU-da 2022/2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyasına start verilib. İmtahan sessiyası mövcud qanunvericiliyin və elm və təhsil nazirinin müvafiq əmrinin tələbləri əsasında şifahi formada keçiriləcək. Sessiya müddətində İmtahan Qərargahı, “Qaynar Xətt”, İmtahanlara Dəstək Qrupu və Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. İmtahanlarda valideynlərin, ictimaiyyət nümayəndələrinin və MDU İctimai Nəzarət Şurasının üzvlərinin iştirakı təmin ediləcək. Hər həftənin çərşənbə günü rektorun iştirakı ilə “Açıq Qapı Günləri” keçiriləcək", - deyə MDU-dan bildirilib.

Azərbaycan Dövlət Aqrar Universitetində də (ADAU) qış imtahan sessiyası bu gündən etibarən başlayıb:


"İmtahanlar fevralın 1-dək davam edəcək. Tələbələrin imtahanda iştirak səviyyəsi yüksəkdir", - deyə ADAU-nun mətbuat xidmətindən qeyd olunub.

Lənkəran Dövlət Universitetindən (LDU) "Tehsil.biz"ə bildirilib ki, yanvarın 6-dan LDU-da 2022/2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyasına start veriləcək:



"İmtahanlar Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən əyani formada keçiriləcək. 2022/2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyası əyani təhsilalma forması üzrə bakalavriat və magistratura səviyyələrinin tədris qrupları üçün 01.02.2023-cü il tarixinədək, qiyabi təhsilalma forması üzrə bakalavriat səviyyələrinin tədris ili qrupları üçün 12.01.2023-cü il tarixinədək əyani formada keçiriləcək", - LDU-dan bildirilib.

Gəncə Dövlət Universitetində (GDU) 2022-2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyası 29 dekabr 2022-ci il tarixindən başlayıb:
"Yanvarın 6-dan test və şifahi imtahanlar kompüter vasitəsi ilə keçiriləcək. İmtahan sessiyası fevralın 1-də yekunlaşacaq. GDU-da imtahan sessiyasının şəffaf və obyektiv keçirilməsi universitet rəhbərliyinin diqqət mərkəzindədir".


0 0

Şərhlər

Oxşar xəbərlər