İnformatika fənni gələcəkdə bütün ixtisas qruplarına salınacaq?- Şərtlər və təkliflər
23-11-2022, 17:19
499

İnformatika fənni gələcəkdə bütün ixtisas qruplarına salınacaq?- Şərtlər və təkliflər

TehsilForumu.Az - Bildiyiniz kimi, DİM-in qərarına əsasən, 2023-cü ildən I ixtisas qrupu üzrə informatika yönümlü (Rİ altqrupuna daxil olan) ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər imtahanın II mərhələsində riyaziyyat və fizika fənləri ilə yanaşı informatika fənnindən də imtahan verəcəklər.

 

Mövzu ilə bağlı danışan İT mütəxəssisi, İnformatika müəllimi Tural Sofuyev mövcud vəziyyəti dəyərləndirib.

 

“İnformatika fənninin bu ildən I ixtisas qrupuna əlavə olunmasının çatışmayan cəhətlərindən biri artıq il yarım müddətində bu qərarın verilməsinə baxmayaraq Dövlət İmtahan Mərkəzi informatika fənni üzrə nəzəriyyə kitabını gec ərsəyə gətirməsidir.

 

Test toplusunun mövcud olmaması abituriyentləri narahat edən məsələlərdən biridir. Hər bir valideyin, şagird yaxud təlimçi əməkdaşları cari ildə hansı formada hazırlıq aparacaqlarını bilmirlər. Yaxşı olar ki, DİM cari ildə imtahan verənlər üçün nümunəvi sınaqları daha çox keçirsin”.

 

T.Sofuyev ən böyük problem kimi, bölgələr üzrə şagirdlərin informatika fənnindən imtahana hazır olmamasını qeyd edib.

 

“İnformatika fənni bu zamana qədər digər fənlərdən fərqli olaraq əsas fənn kimi hesab edilməyib. Buna görə də, nəticələrin ürəkaçan olacağını düşünmürəm.

 

Təklif edirəm ki, suallar daha sadə salınsın. Çünki, I ixtisas qrupunda riyaziyyat və fizika fənləri kimi informatikanın da nisbi balı abituriyentlərin yekun qəbul nəticəsinə təsir edəcək. Bu isə çoxlu şikayətlərə səbəb olacaq.

 

İnformatika müəllimi DİM proqramı ilə orta məktəb dərslikləri bir-biri ilə uyuşmadığını bildirdi:

 

“Dövlət İmtahan Mərkəzinin proqramı ilə orta məktəb dərslikləri bir-biri ilə uyuşmur. İnformatika fənni üzrə şagirdlərin imtahana hazırlığı üçün vacib olan tədbirlərdən biri sinif dərsliklərinin Dövlət İmtahan Mərkəzinin özü hazırlaması və yaxud ümumi sual formalarının  Elm və Təhsil Nazirliyinə göndərilməsidir. Bununla da sualların quruluş tərzi ilə şagirdlər məlumatlanacaq”-deyə, o bildirib.

Mövzu ilə bağlı fikirlərini AzEdu.az-a bölüşən təlimçi, informatika müəllimi Yadigar Əliyevin sözlərinə görə, informatika fənninin bütün ixtisas qruplarına əlavə olunması məqsədəuyğundur:

 

“Müasir dövrdə informasiya texnalogiyaları inkişafı insanların həyatını kifayət qədər yaxşılaşdırıb. Bu baxımdan, İnformatika fənninin bütün ixtisas qruplarına əlavə olunması məqsədəuyğundur.

 

İnformatika fənnini bütün ixtisas qruplarına əlavə etmək üçün bu prosesi ixtisas qrupları üzrə nizamlamaq lazımdır. III ixtisas qrupana hazırlaşan abituriyentlərdə proqramlaşdırma biliyinin olması o qədər də vacib hesab olunmur. Onların ümumi informatika kursundan imtahan vermələri daha yaxşı olar. Buna görə də, I ixtisas qrupu üzrə informatika fənni nisbətən daha əhatəli şəkildə verilməsi, digər qruplarda ümumi formada yanaşılması düzgün bir qərar olar.

 

İnformatika fənninin bütün ixtisas qruplarına əlavə olunmasının heç bir mənfi tərəfi yoxdur. Təkcə imtahan proseduru abituriyentlər üçün bir az daha mürəkkəbləşə bilər" deyə o sözlərini tamamlayıb.
0 0

Şərhlər

Oxşar xəbərlər