Ümumi
14-10-2022, 19:10
781
Təhsilin inkişafında əsas amil - müəllim nüfuzu - Misir Məmmədov yazır
Misir MƏRDANOV
AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor
Müəllim nüfuzunun yüksəldilməsi məsələsi, hesab edirəm ki, üç əsas amildən asılıdır: müəllimin özündən, dövlət qayğısından və cəmiyyətin münasibətindən. Bu yazıda həmin amillərdən söhbət açılır, nüfuza təsir göstərən səbəblər şərh edilir, problemlərin aradan qaldırılması yollarına sistemli münasibət bildirilir, müəyyən təklif və mülahizələr irəli sürülür.
(Əvvəli dünənki sayımızda)
Hər bir şagird məktəbə bir fərd kimi gəlir. Zəruri şərtlərdən biri də şagird şəxsiyyəti və onun nəzərə alınmasıdır. Əsl müəllim unutmamalıdır ki, onun qarşısında ətrafdakı hadisələri öyrənməyə, bütün bunları öz prizmasından keçirib dərk etməyə çalışan, geniş açılmış, alışıb-yanan gözlərini ona dikən balaca, ancaq çox ağıllı, həssas, kövrək və perspektivli bir varlıq dayanmışdır. Onun gələcək həyatı, fəaliyyəti, uğurları, hətta taleyi belə birbaşa müəllimdən asılıdır. Müəllimin şagirdə subyekt kimi yanaşması, ona fikirlərini söyləməkdə müstəqillik verməsi, onun fərdi və yaş xüsusiyyətlərini nəzərə alması, yaxşı cəhətlərini görməsi onda müəllimə inam və etimad yaradar.
Şagirdə şəxsiyyət kimi hörmətlə yanaşmaq, bizdə qəbul edilməsə də, Avropa ölkələrində olduğu kimi, ona "Siz"lə müraciət etmək müəllim nüfuzuna müsbət təsir edən digər bir amildir. Müəllim hər bir şagirdin mənəvi aləmini dərindən dərk etməli, onun müstəqil və sərbəst fikir söyləməsini stimullaşdırmalı, şəxsiyyətinin yüksəlişinə dəstək verməli, hər kəsin hüququnu eyni dərəcədə qorumalıdır. Müasir şagirdlərin diqqətini daha çox maraq effekti cəlb edir. Belə olan təqdirdə müəllim şagirdin fərdi-intelektual maraq və ehtiyaclarını əsas götürməlidir. Təlim materiallarının seçilməsində, dərs məşğələlərinin qurulmasında şagird amilini ön planda saxlamalıdır. Müəllim şagirdlərin dərin və hərtərəfli bilik qazanmaları, yaşadıqları dövrün problemlərindən baş çıxarmaları üçün bütün bilik və bacarıqlarını sərf etməlidir. Şagirdi cəmiyyətə bir şəxsiyyət kimi təqdim etmək hər bir müəllimin borcudur. İlk dəfə məktəbə qədəm qoyan şagirdin təlim-tərbiyəsi, vətənpərvərlik ruhunda yetişməsi və nəhayət, bir şəxsiyyət kimi formalaşması məhz müəllimin öhdəsinə düşür.
dərsin hər anından faydalansınlar.Əlbəttə, müəllimlik çətin və mürəkkəb işdir, çünki müəllimin fəaliyyət obyekti olan insan özü mürəkkəb və dəyişkən, pedaqoji proses isə çoxcəhətli və çətindir. Ona görə də müəllim eyni vaxtda müxtəlif tapşırıqları yerinə yetirməyə qadir çoxşaxəli fəaliyyət səriştəsinə malik olmalıdır. Dərs prosesində uşaqların fəaliyyətini düzgün planlaşdırmalı, problemi əvvəlcədən duyub, onu vaxtında aradan qaldırmalı, hisslərini düzgün idarə etməli, mülayimliyi və ciddiliyi uzlaşdırmalı, səbirli olmalıdır. O, təhsilin humanistləşdirilməsi, diferensiallaşdırılması və fərdiləşdirilməsi, təhsildə çeviklik, varislik prinsiplərini dərindən mənimsəyərək onlara riayət etməlidir. Yüksək əhvali-ruhiyyə, müsbət enerjili olmaq da müəllim nüfuzunu qoruyan amillər sırasındadır. Belə əhvali-ruhiyyə şagirdi müəlliminin professional səriştəsinə heyran edir və nəticədə müəllim nüfuzunun yüksəlməsinə xidmət edən motivasiya yaradır. Müəllim ən çətin görünən materialı belə elə hazırlamalıdır ki, şagirdlər onu sevə-sevə öyrənsinlər və onlar mürəkkəb elmi problemlərin həllini tapmaqda öz müəllimlərinə daim güvənsinlər.
Məlumdur ki, pedaqoji konsepsiyada bütün dövrlərdə "kimi öyrətmək", "nəyi öyrətmək" və "necə öyrətmək" suallarına cavab axtarılmışdır və bu gün də axtarılmaqdadır. Mənə elə gəlir ki, hər şeydən öncə "kim öyrədir" sualına cavab tapmaq lazımdır. Müəllim hansı keyfiyyətlərə malik olmalıdır ki, onun şagirdləri öz ölkəsinə və millətinə layiq vətəndaş kimi yetişsin. Zənnimcə, müasir müəllim şagirdin potensial imkanlarını nəzərə almaqla onu istiqamətləndirməyi bacarmalı, yaradıcı olmalıdır. Obrazlı desək, müəllimlik yaradıcılıqdır, müəllim əməyindəki yaradıcılıq yazıçının, bəstəkarın və rəssamın əməyindəki yaradıcılıqdan heç də az deyil, bəlkə də onlardan daha mürəkkəb və məsuliyyətlidir. Müəllim insan ruhuna bəstəkar kimi musiqi, rəssam kimi boyalar vasitəsi ilə deyil, birbaşa müraciət edir. Görkəmli türk şairi Ziya Paşa deyib ki:
Ayinəsi işdir kişinin, lafə baxılmaz,
Şəxsin görünər rütbeyi-əqli əsərindən.
Yəni insanın fəaliyyətinin meyarı, göstəricisi onun işi, əməlləridir. Hər kəsin ağlının dərəcəsi, biliyinin səviyyəsi onun əsərindən, yəni əməllərinin nəticəsindən məlum olar. Müəllimin isə sənət əsəri onun yetişdirdiyi şagirdlər - tələbələrdir. Öz zəhmətinin bəhrəsini görəndə, biləndə ki, biliklər, bacarıqlar aşılamaq, onlara yol göstərməklə yanaşı, şagirdlərinin yaradıcılıq potensialını aşkar edib, onlarda özünə inam yarada bilib, iftixar hissi keçirir ki, taleyi ona misilsiz bir hədiyyə edib və o, Müəllimdir!
Müəllim elə bir insan - mütəxəssis olmalıdır ki, uşaqlar, gənclər ondan öyrənməyə can atsınlar. Nahaq yerə demirlər ki, hər öyrədən müəllim deyil, o kəs müəllimdir ki, ondan öyrənirlər, onun yanına sevə-sevə öyrənməyə gedirlər. Xalq arasında belə bir deyim də formalaşıb ki, "müəllim o kəs deyil ki, öyrədir, o kəsdir ki, ondan öyrənirlər". Əlbəttə, o müəllimdən öyrənirlər ki, o, yaxşı öyrədilib, yaxşı hazırlanıb. "O kəs yaxşı öyrədə bilər ki, onu yaxşı öyrədiblər".
Ona görə də, səriştəli, peşəkar müəllim olmaq üçün daim axtarışda olmaq, oxumaq, öyrənmək lazımdır. Müqəddəs kitabımız Qurani-Kərimdə buyrulduğu kimi, "insan beşikdən qəbir evinə qədər öyrənməlidir". Hər bir müəllim yadda saxlamalıdır ki, insana xas olan qüsurların ən pisi qeyri-peşəkarlıqdır.
Müəllim tərbiyə işinə özündən başlamalıdır, çünki özündə olmayan keyfiyyəti başqalarına ötürmək mümkün olmaz. Həqiqətən, bütün insanlar həyatları boyu müəllimdən öyrənir. Bəzən müəllim sinifdə, auditoriyada bilavasitə pedaqoji fəaliyyətlə məşğul olmadan da adama nəyi isə öyrədir. Onun yerişi, geyimi, duruşu, davranışı, insanlara münasibəti, hazırcavablığı, humanistliyi, xeyirxahlığı bəzən adama kitablardan və dərslərdən daha çox şey öyrədir. Fikrimcə, müəllimin bütün davranışı ilə nümunə olması tələbi də məhz bu baxımdan zəruri hesab edilir. Uşaqlar çox vaxt valideynlərindən sonra ən çox ünsiyyətdə olduğu müəllimi ideal kimi qəbul edir, ona bənzəməyə, onu təkrar etməyə meyilli olurlar. Bu zaman müəllimin yersiz bir hərəkəti, yanlış bir rəftarı, hətta kobud bir sözü, yaxud səliqəsiz geyimi uşağın daxili dünyasını alt-üst edə bilər. Ona görə də, müəllim bütün hallarda öz ləyaqətini, alicənablığını, gənclərə nümunə olmaq keyfiyyətlərini qorumağa çalışmalıdır.
qiymətləndirilməli, sertifikasiya zamanı bu nəticələr nəzərə alınmalıdır; dərs müəllimin biliyini nümayiş etdirmə məkanı yox, daha çox, şagirdlərin elmlərin əsaslarına yiyələnmələrini təmin etməyin optimal yollarını tətbiq etməklə qarşıya qoyulan məqsədə nail olmaq üçün kollektiv çalışma prosesi olmalıdır.
Digər tərəfdən, beynəlxalq təcrübədən yararlanaraq müəllim fəaliyyəti lisenziyalaşdırılmalıdır. Müəyyən səbəblərdən qəbul imtahanları zamanı seçim aparmaq mümkün olmasa və yaxud, əvvəlki illərdə pedaqoji ali məktəbləri bitirmiş şəxslər müəllim işləmək üçün xüsusi lisenziya almalıdırlar. Müəllim hazırlığı yalnız nüfuzlu ali təhsil müəssisələrində aparılmalı, bu prosesdə həkimlik və digər peşələr üçün istifadə olunan internatura modeli tətbiq edilməlidir.
Fikrimcə, ali məktəblərdə ilkin müəllim hazırlığına münasibət də köklü olaraq dəyişməli, bu işin keyfiyyəti yüksəldilməli, təhsil aldığı müddətdə peşəyə yiyələnə bilməyən və müvafiq keyfiyyətlərə malik olmayanlara müəllimlik diplomu verilməməlidir. Pedaqoji ali təhsil müəssisələri məzunlarının peşə vərdişlərinə ciddi yiyələnmələri, müəllimlik fəaliyyətinə tam hazır olmaları üçün pedaqoji təcrübəyə münasibət də beynəlxalq standartlara uyğun olaraq kökündən dəyişməli, ona ayrılan vaxt nəzərəçarpacaq dərəcədə artırılmalı və müəllimə ixtisas dərəcəsi verilərkən buna xüsusi diqqət yetirilməlidir.
Onu da qeyd etmək lazımdır ki, son illərdə müəllim nüfuzunun bərpa edilməsi istiqamətində müəyyən addımlar atılmışdır. Məktəblərin infrastrukturunun yeniləşdirilməsi, əlverişli təlim mühitinin yaradılması, təhsil işçilərinin yüksək dövlət təltiflərinə, fəxri adlara layiq görülmələri, onların əmək haqqının artırılması, bəzi ali məktəblərə bilavasitə Riyaziyyat müəllimliyi, Fizika müəllimliyi, Kimya müəllimliyi və sair ixtisaslar üzrə tələbə qəbulunun stimullaşdırılaraq aparılması, həmin ixtisaslara sənəd verənlərin sayının və qəbul imtahanları zamanı bu ixtisaslara keçid balının ilbəil artması, bununla yanaşı, müəllim seçiminə daha məsuliyyətlə yanaşmaqla onun imtahanla aparılması, hazırda məktəblərdə çalışan müəllimlərin sertfitikasiyasının keçirilməsi də müəllim nüfuzunun yüksəlməsinə xidmət edən amillər kimi qiymətləndirilə bilər. Sevindirici haldır ki, son illərdə həyata keçirilən innovativ tədbirlər nəticəsində ideal müəllim olmaq məqsədilə çətinliklərdən və çəkilən əziyyət müqabilində əldə olunan uğurlu nəticələrdən zövq alan müəllimlərimizin sayı sürətlə artmaqdadır.
Prezident İlham Əliyevin yüksək qayğısı ilə Azərbaycanda prioritet istiqamətlərdən birinə çevrilmiş təhsilin inkişafına böyük diqqət göstərilir, bu sahədə keyfiyyət, təhsil işçilərinin sosial rifahı ilbəil yaxşılaşır. Bu məqsədyönlü fəaliyyət nəticəsində son illərdə müəllim nüfuzunun, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, istedadlı insanların müəllim peşəsinə cəlb edilməsi istiqamətində ciddi addımlar atılmışdır. Müəllimlərin işə qəbulu qaydaları şəffaflıq və obyektivlik baxımından əhəmiyyətli şəkildə təkmilləşdirilmiş, müəllimlərin yerdəyişməsi və müddətli əmək müqaviləsi əsasında işə qəbulu mərkəzləşdirilmiş, nəticədə son illərdə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından xeyli yaxşılaşmış, cəmiyyətdə müəllim nüfuzu yüksəlmişdir.
Əlbəttə, bu da bir həqiqətdir ki, müəllim nüfuzunu hər hansı qərarla, əmrlə, göstərişlə və inqilabi yolla yüksəltmək qeyri-mümkündür. Bu iş təkamül prosesində, tədricən və planlı şəkildə reallaşmalıdır. Müəllimin təklif olunan üsul və vasitələrlə peşəsinin nüfuzunu yüksəltməsi öz yerində, dövlət və hökumət, ictimaiyyət və kütləvi informasiya vasitələri, məktəb rəhbərliyi və təhsili idarəetmə orqanları millətin gələcəyi naminə eyni dərəcədə müəllimin nüfuzunu qorumağa və yüksəltməyə çalışmalıdırlar. Kompleks işlərin məcmusundan ibarət olan bu böyük və strateji məqsədə çatmaq üçün bütün cəmiyyət eyni dərəcədə məsuliyyətlə çalışmalıdır.
Şərhlər