Müəllim nüfuzu və ona təsir göstərən amillər - Misir Mərdanov yazır
12-10-2022, 09:51
897

Müəllim nüfuzu və ona təsir göstərən amillər - Misir Mərdanov yazır

Misir MƏRDANOV
AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor

Bundan əvvəlki məqalədə müəllimin cəmiyyətdəki rolundan, onun peşə xüsusiyyətlərindən, müdrik şəxsiyyətlərin müəllim sənətinə verdikləri yüksək dəyərlərdən və müəllimliyin digər məziyyətlərindən geniş söhbət açmışdıq. Təəssüf ki, bununla yanaşı, son dövrlərdə müəllim nüfuzunun aşağı düşməsi barədə bəzi mülahizələr səslənməkdədir. Hesab edirəm ki, bu fikirlərin müəyyən obyektiv və subyektiv səbəbləri, əsasları da vardır.

Bu yazıda uzun illər ərzində müşahidə etdiyim həmin səbəblərin bəziləri haqqında şəxsi fikirlərimi hörmətli oxucularla bölüşmək istərdim.

Azərbaycan təhsil tarixini araşdıran şəxslərdən biri kimi belə qənaətə gəlmişəm ki, uzun əsrlər boyu cəmiyyətdə müəllim nüfuzu çox yüksək olmuş, XX əsrin ortalarına qədər inkişaf etmişdir. XIX əsrin əvvəllərində Azərbaycanın şimal hissəsinin Rusiyaya ilhaq edilməsindən sonra təhsil sisteminin Avropa standartlarına (xüsusən Almaniya təhsil şəbəkəsinə) uyğunlaşdırılması ölkəmizdə təhsilin səviyyəsini yüksəltməklə bərabər, müəllim nüfuzunun qalxmasına böyük təkan verdi. Bu yüksəliş XX əsrin əvvəllərində, xüsusilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə də sürətlə davam edirdi. Lakin 1920-ci ilin aprel işğalından sonrakı dövrlərdə bütün keçmişə (ən yaxşı ənənələr də daxil olmaqla) xətt çəkib yeni cəmiyyət, yeni dəyərlər qurmaq istəyən bolşevik hökuməti özünəməxsus təhsil sistemi tətbiq etməyə başladı. Bu zaman təhsilin klassik tələbləri "qulaqardına vurularaq" plan doldurmaq, müəllimlərin və savadlıların sayına görə dünya ölkələrini ötmək iddiası təhsil sisteminə tədricən təsadüfi adamların gəlişinə rəvac verdi. Bir illik (bəzən 6 aylıq), iki illik "kurslarda" "baş girləyib" müəllim diplomu alan minlərlə insan barmaqla sayılan millət fədailərinin-müəllimlərin sırasına qoşuldu. 1930-cu illərin sonlarında sürətlə artan məktəblərdə yaranan kadr çatışmazlığı ilə əlaqədar 7 şəhərdə - Gəncədə, Şəkidə, Şuşada, Ağdamda, Qazaxda, Qubada, Naxçıvanda ikiillik müəllimlər institutları fəaliyyətə başladı.

Dövrün şəraitinə görə isə müəllim kənd yerlərində (elə şəhərlərdə də) ən hörmətli və nüfuzlu şəxs hesab edilirdi. Gecə-gündüz çalışan, yayın istisində, qışın soyuğunda səhərdən axşamadək əlləşən və zəhməthaqqı kimi yalnız ərzaq məhsulları- yağ, pendir, buğda, kartof, meyvə-tərəvəz və sair alan kənd camaatından fərqli olaraq, bəzi adamların nəzərində "əli cibində bəy balası kimi gəzən" müəllimin zəhməti pulla ödənilirdi. Digər üstünlükləri ilə bərabər, camaat uşaqlarının gələcəyi asılı olan müəllimlərə yalnız ziyalı kimi hörmət etmirdi, həm də kənddə pulu olan yeganə adam kimi ona möhtac idi. Xəstəsinə dərman, uşağına ayaqqabı, evinə qənd almaq istəyən pul üçün müəllimin qapısına gedirdi. Bu baxımdan da hamı müəllimi üstün görür, özünü müəllim görmək üçün həmin "kursları" oxumaq, ya uşağını orada oxutmaq istəyirdi. Bu zaman pedaqoji işə maraq, müəllimlik həvəsi, yüksək savad və digər amillər nəzərə alınmırdı. Dövləti isə bu vəzifənin mahiyyəti yox, zahiri tərəfi maraqlandırırdı, hətta bundan "ədalətli dövlət" imici yaratmaq üçün yararlanmağa çalışırdı. Əmək qabaqcılları, Sosializm yarışının qalibləri, bir qədər sonra İkinci Dünya müharibəsindən yaralı qayıdanlar və digərləri heç bir ölçü meyar nəzərə alınmadan bu kurslara göndərilib iki ildən sonra məktəbdə (bəzən bu kurslarsız sadəcə orta təhsili olanlar) müəllim kimi fəaliyyətə başlayırdı. Beləliklə, müəllim sıralarına sürətlə bu peşəni qəlbən sevənlər, gənc nəslin gələcəyini düşünənlərdən daha çox, təsadüfi adamlar, burada özlərinə rahatlıq, nüfuz, qazanc axtaranlar qoşulurdu. Ədalət naminə demək lazımdır ki, bunların arasında əsl müəllim adına layiq olanlar, millətin gələcəyini düşünənlər, fədakar insanlar, həyatlarını uşaqlara və təhsilə həsr edənlər də az olmadı. Ancaq...

Əvvəllər ibtidai, bir az sonra natamam orta, daha sonra orta təhsilin icbari olması (ölkəmizdə 1926/27-ci tədris ilindən icbari ibtidai təhsilə, 1934/35-ci tədris ilindən icbari yeddiillik təhsilə, 1966/67-ci tədris ilindən isə icbari orta təhsilə keçilmişdi) ilk dövrlərdə savadsızlığın azalmasına gətirib çıxarsa da, sonrakı mərhələlərdə savadsız orta təhsilli "attestatlıların" sayını kütləvi surətdə artırdı, həmin adamlar da müxtəlif üsullarla ali məktəblərə yol taparaq  "diplomlu müəllimlərin" sayını çoxaltdı. Ən pisi o oldu ki, zaman keçdikcə "kursları" bitirib şöhrətli "müəllim" adının arxasında  daldalananlar özlərini "təcrübəli müəllim" kimi təqdim edərək yerlərini daha da möhkəmlətdilər. Cəmiyyət, siyasi quruluş isə plan tələb edirdi - çoxlu müəllim, çoxlu savadlı, çoxlu diplom, attestat və s. Daha dəqiq desək, kəmiyyətin keyfiyyəti üstələməsi müəllim nüfuzunun aşağı düşməsinə əsas səbəblərdən biri kimi öz təsirini göstərməyə başladı. Təhlillər göstərir ki, ölkəmizdə 1920-ci illərdə ümumtəhsil məktəblərində müəllimlərin sayı 5 min nəfərə yaxın olduğu halda, 1941/42-ci tədris ilində 20 min, 1981/82-ci tədris ilində 101 min, 1991/92-ci tədris ilində 130 min, 1995/96-cı tədris ilində 158 minə çatmışdı. Daha dəqiq desək, 70 ilin ərzində müəllimlərin sayı 30 dəfədən çox artmışdı, bu da, əlbəttə, keyfiyyət baxımından öz sözünü deyirdi...

Əlbəttə, mən bu sahəyə az-çox bələd olan şəxs kimi o fikrin tərəfdarı deyiləm ki, müəllimlərimizin sayı elə 100 il bundan əvvəl olduğu qədər - yəni 5 min nəfər olsun. Bu zaman cəmiyyətin ziyalı təbəqəsindən, onun inkişafına misilsiz xidmətlər göstərən mütərəqqi dünyagörüşlü, yüksək mədəniyyətli, vətənpərvər minlərlə, milyonlarla şəxsiyyətdən və onları yetişdirən əsl müəllimlərdən söhbət gedə bilməzdi. Məni narahat edən 1960-cı illərdən etibarən tam formalaşan ali təhsil şəbəkəmizin bütün imkanlarından yaxşı müəllim hazırlığı üçün istifadə edilməməsidir.

Ötən əsrin 60-70-ci illərindən başlayaraq təkcə ölkəmizdə deyil, bütün dünyada müəllim nüfuzunun surətlə aşağı düşməsi müşahidə edilməyə başlanmışdır. Bu barədə düşünərkən, Qərbi Azərbaycanın Qaraqoyunlu dərəsindəki qonşu Polad kənd orta məktəbində oxuduğum illəri xatırlayıram. O zaman həm biz özümüz, həm bizə dərs deyən müəllimlər, həm də kənd camaatı bilirdi ki, kim orta təhsilini sona qədər davam etdirə bilər, kim IX sinifdən sonra məktəbdən ayrılıb kənddə müəyyən işlərlə məşğul olmalıdır, kim ali məktəblərə sənəd verə bilər və qeyd edim ki, bu ictimai rəy hamı tərəfindən ciddi gözlənilirdi. Beləcə həyat davam edirdi. Təəssüf ki, sonralar yuxarıda haqqında danışılan "plan doldurmaq" və digər məsələlər bu təbii meyarları da pozdu və demək olar ki, orta məktəbləri bitirən hər kəs müxtəlif yollarla ali məktəblərə daxil olmağa cəhd göstərdi, yüksək savad yox, ali təhsil haqqında diplom aldı. Beləliklə, ölkədə guya alitəhsillilərin sayı artdı, ancaq əslində, ali təhsil haqqında diplomluların sayı artdı və onların əksəriyyəti, təəssüf  ki, məktəblərdə müəllimlik etməyə başladı.

tənliklərindən Məcid Rəsulov, Funksional analizdən Zahid Xəlilov və Əşrəf Hüseynov, Həqiqi dəyişənli funksiyalar nəzəriyyəsindən Əmir Həbibzadə və Karlen Xudaverdiyev, kompleks dəyişənli funksiyalar nəzəriyyəsindən Arif İsmayılov kimi, deyərdim ki, dünya səviyyəli alim və müəllimlər oxuyurdular. Bir müddət sonra isə qəbul planı artırıldı və həmin fakültənin Azərbaycan bölməsinin hər kursunda 200 nəfər təhsil almağa başladı. Təbii ki, onlara yuxarıda adlarını çəkdiyim fənlərdən mühazirələri oxumağa həmin şəxslərin imkanı çatmazdı. Belə olan halda, universitetdə müəllimlərin sayı birdən-birə artmağa və kəmiyyət keyfiyyəti üstələməyə başladı. Bu da kadr hazırlığına və müəllim nüfuzuna öz mənfi təsirini göstərməyə bilməzdi.

Bir məsələni də xatırlayıram ki, müstəqilliyin ilk illərində özlərini təhsil eksperti hesab edən bəziləri Azərbaycanın hər 100 min nəfərə düşən alitəhsillilərin sayına görə bir sıra olkələrdən geridə qaldığını əsas gətirərək ali məktəblərin sayını və onlara tələbə qəbulu planını artırmağı tələb edirdilər. Həmin ekspertlər "bəs o tələbələrə dərsləri kimlər deyəcək?" sualına cavab verə bilmirdilər, ancaq inad edirdilər ki, ali məktəblər və onlara tələbə qəbulu planı artırılsın. Əlbəttə, mən ölkəmizdə alitəhsillilərin sayının artmasının əleyhinə deyildim, ancaq bu artımı etməzdən əvvəl həmin ali məktəblərin maddi-texniki bazasının və elmi-pedaqoji potensialının olmasını zəruri hesab edirdim. Təəssüf ki, nəticədə sonralar böyük çətinliklərlə bağlanmasına nail olduğumuz özəl "universitetlər" açıldı, təsadüfi adamlar orada müəllimliyə dəvət olundu, oraya müxtəlif yollarla qəbul olunmuş tələbələr isə məzun olduqdan sonra orta məktəblərdə müəllimlik etməyə başladılar və bu amil də təhsildə kəmiyyət göstəricilərinin keyfiyyət göstəricilərini üstələməsinə daha bir səbəb oldu, beləliklə, həm təhsilimizin keyfiyyəti, həm də müəllim nüfuzu aşağı düşməkdə davam etdi.

Əlbəttə, təhsil müəssisələrinin və təhsil alanların sayının artması hər bir millətin baş ucalığıdır. Ancaq həmin müəssisələrdə dərs deyəcək müəllimlərin hazırlanması, maddi texniki bazanın müvafiq tələblərə cavab verməsi bundan da vacibdir.

təsadüfən seçən, qəlbən, ruhən deyil, yalnız diplomuna görə müəllim olanların sırası ilbəil çoxalıb.

Qeyd edilənləri ümumiləşdirərək son 80 ilə yaxın bir müddətdə ölkəmizdə müəllim nüfuzunun aşağı düşməsinə aşağıdakı amillərin səbəb olduğunu söyləmək olar: müxtəlif obyektiv və subyektiv səbəblərdən müəllimlərin sayının artırılması və beləliklə, onların sırasına təsadüfi insanların daxil olması; müəllimlərin sosial müdafiəsi sahəsində vaxtında təsirli tədbirlərin görülməməsi; müəllim hazırlığının kifayət qədər təkmil olmaması, təhsil müəssisələrində pedaqoji fəaliyyətə hazırlanan müəllimlərin ixtisası üzrə biliklərinin, peşəkarlıq səviyyəsinin aşağı olması; müəllim olmaq istəyənlərin seçim mexanizminin təkmil olmaması; uzun illər ərzində ali məktəblərə sənəd verən abituriyentlərin seçim zamanı pedaqoji ixtisasları siyahının sonunda "hər ehtimala qarşı" göstərməsi; bir çox hallarda cəmiyyətin inkişafında təhsilin rolunun və müəllimin missiyasının layiq olduğu səviyyədə qiymətləndirilməməsi; müstəqilliyin ilk illərində məktəbə və təhsilə münasibətin mənfi istiqamətdə dəyişməsi, dağıdıcılıq meyllərinin təhsil sisteminə də sirayət etməsi, bu səbəbdən müəllimlərin, xüsusən təcrübəli kadrların kütləvi şəkildə digər sahələrə və xarici ölkələrə üz tutması; informasiya cəmiyyətinin yaranması ilə müəllimə olan tələblərin dəyişməsi və s.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi davamlı inkişaf siyasəti, elm və təhsilə göstərdiyi xüsusi diqqət və qayğı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu önəmli sahənin problemlərinin həllini daim nəzarətdə saxlaması son illərdə pedaqoji kadr hazırlığında, müəllimlik peşəsinə maraqda ciddi dəyişikliklər yaratmışdır. Ölkəmizdə son illərdə strateji hədəf kimi müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması istiqamətində ciddi islahatlar həyata keçirilir, təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün idarəetmə sistemi yenidən qurulur, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılmasının zəruriliyi önə çəkilir. Ümid edirəm ki, bu dəyişikliklər böyük ənənələri olan Azərbaycan təhsilinə öz müsbət təsirini göstərəcək, cəmiyyətimiz həmişə olduğu kimi məktəbə, müəllimə dərin rəğbət duyğusu ilə yanaşacaq, müəllim nüfuzu bərpa ediləcəkdir.
0 0

Şərhlər

Oxşar xəbərlər