27 sentyabr- Azərbaycan əsgərinin Zəfər salnaməsi.
30-09-2022, 17:46
333

27 sentyabr- Azərbaycan əsgərinin Zəfər salnaməsi.

TehsilForumu.Az  - 44 Günlük Vətən müharibəsi Azərbaycanın tarixinə şanlı zəfər dövrü kimi yazıldı. Tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsində Qarabağ və ətraf ərazilərdə 5 şəhər, 4 qəsəbə və 300-ə yaxın yaşayış məntəqəsi işğaldan azad edildi. Erməni işğalçılarının 30 il ərzində yaratdıqları möhkəmləndirilmiş müdafiə xətlərindən biri də Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığından keçirdi. 27 Sentyabrın 2022-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfər edərək bu ərazidə Şəhidlərimizin şərəfinə ucaldılmış xatirə lövhəsinin ziyarət ediblər, önünə gül dəstələri qoyublar. Burada çıxış edən Prezident İlham Əliyev qeyd etdi ki, abidənin ucaldıldığı Qaraxanbəyli kəndi, eləcə də Füzuli rayonunun Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri və Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri müharibənin ilk günündə şanlı ordumuz tərəfindən azad edilib. Həmçinin bu ərazilərdə II Qarabağ savaşının ilk şəhidləri Vətən uğrunda öz canlarını fəda etmişlər. 27 sentyabr tarixi həm də Zəfərə gedən yolun başlanğıcı, milli iradənin, ləyaqətin təntənəsidir. Məhz Azərbaycan əsgərinin Zəfər salnaməsi, qəhrəmanlıq dolu dastanı həmin gündən yazılmağa başladı. Məlumdur ki, şəhidlərimiz, qazilərimiz, veteranlarımız hər zaman dövlətimizin başçısı İlham Əliyevin xüsusi diqqətindədir. Elə bir görüş, elə bir tədbir yoxdur ki, orada Prezidentimiz əsgər və zabitlərimizin qəhrəmanlıqlarından bəhs etməsin, şəhidlərimizi xatırlamasın. Belə bir tarixi gündə qalib Ordunun Müzəffər Ali Baş Komandanının məhz ilk döyüşlərin başladığı ərazidə şəhidləri yad etməsi hər bir azərbaycanlı üçün fəxarət, düşmənlərimiz üçün isə daha bir mesaj idi. Dövlət başçısının çıxış etdiyi yeri bütün xalqımız üçün doğmalaşdıran səbəblərdən biri də 44 günlük müharibə tariximizin birinci günüdə buradan aldığımız ilk qələbə xəbərləri idi. Prezident İlham Əliyev xatirə lövhəsinin qarşısında çıxışı zamanı qeyd etdi ki, 44 günlük Vətən müharibəsi şanlı tariximizdir. Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün biz azad edilmiş torpaqlarda qurub-yaradırıq, şəhərlərimizi, kəndlərimizi bərpa edirik və həm də şanlı Zəfərimizlə fəxr edirik. Eyni zamanda, fəxr edirik ki, biz - bu torpaqların sahibləri bu torpaqlara yenidən həyatı qaytarırıq.Bütün Azərbaycan xalqı birlik, iradə göstərmişdir.Prezident İlham Əiyev çıxışı zamanı bu qələbə tarixini yaşadığımız üçün xalqımızı xoşbəxt adlandırıb. “Belə şərəfli missiya bu gün yaşayan nəslin üzərinə düşüb. Xoşbəxt nəsilik ki, biz bu tarixi hadisənin həm şahidləriyik, həm də iştirakçılarıyıq. Bizdən sonra gələn nəsillər həmişə bu şanlı tarixlə fəxr edəcəklər. Hər bir azərbaycanlı fəxr edir ki, bu torpağın övladıdır. Fəxr edirik ki, döyüş meydanında öz haqqımızı bərpa etdik, düşməni məğlub etdik və bundan sonra biz müzəffər xalq kimi, qalib ölkə kimi əbədi yaşayacağıq. Azərbaycanın hər bir vətəndaşı vəd verməlidir ki, daim müstəqilliyin keşiyində duracaq. Xalqımız izn verməməlidir ki, düşmən bir daha başını qaldırsın, bir daha bizim üçün təhdid yaratsın”. Prezident İlham Əliyevin Vətən müharibəsinin başladığı günün Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncamı şəhidlərin əziz xatirəsinə göstərilən ali ehtiramın göstəricisidir. Xalqımız qəhrəman şəhidlərimizi heç vaxt unutmayacaq, Şəhidlərimiz xalqımızın qəlbində əbədi olaraq yaşayacaqdır. Allah şəhidlərimizə rəhmət etsin, yaralı əsgər və zabitlərimizə tezliklə şəfa versin. 

Fidan Hüseynova,
YAP Quba rayon təşkilatının sədri
0 0

Şərhlər

Oxşar xəbərlər