Müəllimlərin təqaüd yaşı aşağı salınmalıdır?–Sertifikasiya ilə bağlı təkliflər
4-07-2022, 17:31
3 171

Müəllimlərin təqaüd yaşı aşağı salınmalıdır?–Sertifikasiya ilə bağlı təkliflər

TehsilForumu.Az - London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin böyük elmi işçisi, Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri, professor Qubad İbadoğlu təhsilverənlərin sertifikatlaşdırılması prosesindəki narazılıqlardan danışıb.

 

Professor eyni tələbin bütün yaş qruplarına şamil edilməsinin ədalətli olmadığını bildirib, Təhsil Nazirliyini məsələni yeni dəyərləndirməyə çağırıb. O, müəyyən yaşdan sonra insanların yaddaşının zəiflədiyini, bu səbəblə məktəblərdə çalışan və pensiya yaşına çatmayan müəllimlərdən kurikulum 50 faizdən çox mənimsəməsini gözləməyin doğru olmadığını bildirib. Professor müəllimlər üçün pensiya yaşının azaldılmasını təklif edib.

 

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Kamilə Əliyeva AzEdu.az-a açıqlamasında gündəlikdə belə bir məsələnin olmadığını bildirib:

 

“Hazırda müəllimlərin pensiya yaşının azaldıması müzakirə olunmur. Gündəlikdə də belə bir məsələ yoxdur. Məlumdur ki, sertifikasiya prosesi Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Burada yaşlı müəllimlərə hər hansı bir güzəştin tətbiqi isə ədalətli olmaz, bu digər müəllimlərin hüquqlarının pozulması deməkdir. Təhsil ölkəmizin prioritet sahələrindən biridir, müəllimlərin də hər biri eyni hüquqlara malikdirlər. Bu səbəblə yaşa görə güzəştlərin nəzərdə tutulmasını doğru hesab etmirəm. Valideynlər uşaqlarını müəllimlərə əmanət edirlər, o uşaqlar isə bizim gələcəyimizdir. Gələcəkdə onların yüksək səviyyədə kadr potensialı kimi yetişdirilməsində orta məktəb müəllimlərin böyük əməyi var”.

 

“50-dən yuxarı yaşı olan çox sayda müəllim tanıyıram ki, kurikulum proqramını çox gözəl bilirlər”

 

“Yaşı çox olan müəllimlərdə yaddaş probleminin olması, kurikulumu mənimsəməkdə çətinlik çəkmələri fikirləri ilə də razı deyiləm. 50-dən yuxarı yaşı olan çox sayda müəllim tanıyıram ki, gözəl pedaqoji təcrübəyə malikdirlər, müasir texnologiyaları mənimsəyiblər, kurikulum proqramını çox gözəl bilirlər. Yəni bu heç də yaşla əlaqədar məsələ deyil. Hər bir müəllim sinfə daxil olmadan öncə öz üzərində çalışır, dərsə hazırlaşır. Yəni bu cür yanaşmanı dəstəkləmirəm, hər bir müəllim sertifikasiyadan keçməlidir”.

 

Təhsil eksperti Nabatəli Qulamoğlu AzEdu.az-a açıqlamasında sadəcə müəllimlər deyil, bütün vətəndaşlar üçün təqaüd  yaşının azaldılmalı olduğunu bildirib:

 

“Ölkəmizdə müəllimləri ayrıca seçilmiş vətəndaş hesab etmirəm. Düşünürəm ki, sadəcə müəllimlərin deyil, ümumilikdə vətəndaşların pensiya yaşı azaldılmalıdır. İnsanların əksəriyyəti, o cümlədən, müəllimlər pensiyaya çıxmadan dünyasını dəyişirlər. Bu təklifə müsbət yanaşıram, amma sadəcə müəllimlərə deyil, hər kəsə şamil olunmalıdır”.

 

Ekspert təqaüdə göndərilən müəllimə verilən müavinətin miqdarına da diqqət çəkib:

 

“Yaş artdıqca insanın yaddaşı zəifləyir, bu, normaldır. Müəllimlərdə mövcud olan informasiyalar artıq mənimsənilib, yaddaşda qalıb. Amma yeni məlumatların öyrənilməsi üçün isə onun yaşı buna imkan verməlidir. Bunun üçün gərək müəllim 50 yaşında təqaüdə göndərilsin. Hər halda digər sahələr kimi müəllimlik də ağır peşədir. Nəticə olaraq təqaüd yaşının azaldılması zəruridir. Eyni zamanda təqaüd məbləği də vacibdir. Elə məbləğ olmalıdır ki, müəllim, vətəndaş rahat yaşaya bilsin”.
0 0

Şərhlər

Oxşar xəbərlər