Əbədiyyətə qovuşan ömür
11-05-2022, 18:50
324

Əbədiyyətə qovuşan ömür

Bütün ömrünü Azərbaycanın tərəqqisinə sərf edən bu müdrik insan demişdir: "Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır”. Ulu öndərin fəaliyyətinə, keçdiyi ömür yoluna nəzər salanda aydın görürük ki, Heydər Əliyev bir çox siyasi xadimin edə bilmədiyini gerçəkləşdirmiş, müasir dünyanın ən aktual çağırışlarına cavab vermək bacarığı ilə XX və XXI əsrlərin tanınmış siyasi xadimləri arasında həmişəlik öz layiqli yerini tutmuşdur. Xalqımızın yetirdiyi nadir dövlət xadimlərindən olan Heydər Əliyev yaşadığı bütün həyatı boyu hər zaman xalqını, vətənini düşünmüşdür. Onun ürəyi Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtliyi üçün çırpınmışdır. Ulu öndər bir dövlət başçısı kimi Azərbaycanın ən çətin, üzücü anlarında onu xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, ölkəsini bəlalardan qurtarmağı bacarmışdır. Hər zaman xalqın yanında olan və xalqın arzu-istəklərinin reallaşdırılması üçün öz canını belə, əsirgəməyən Ulu Öndər 1993-cü il iyunun 9-da Muxtar Respublikadan Bakıya qayıtmaqla xalqın ölməkdə olan ümidlərini özünə qaytardı. Milli tariximizin bu unudulmaz günündə xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkə paytaxtına qayıdışı ilə müstəqil dövlətçiliyimiz parçalanmaq və məhv olmaq təhlükəsindən, iqtisadi tənəzzüldən xilas edildi. Ümummilli liderin Bakıya gəlməsi xəbəri xalq tərəfindən sevinclə qarşılandı. Bu tarixi qayıdış ölkədə ictimai-siyasi sabitliyin bərqərar olmasına, müstəqil dövlət quruculuğuna, sosial-iqtisadi dirçəlişə, dövlətimizin müstəqil siyasət yürüdərək dünya birliyində mövqeyinin gücləndirilməsinə imkan verdi. Milli həmrəylik təmin edildi, dövlətçiliyin əsasları yaradıldı, ölkədə iqtisadi tərəqqiyə geniş yol açıldı. Ulu öndər Azərbaycanda ictimai-siyasi vəziyyətin böhranlı bir dönəmində öz həyatını belə təhlükə altında qoyaraq baş verə biləcək təhlükələrin qarşısını almaq üçün bütün məsuliyyəti öz çiyinlərinə götürdü və bütöv bir xalqın, millətin xilaskarına çevrildi. Heydər Əliyev Azərbaycan xalqının suverenlik arzusunu tarixi reallığa çevirmiş, böyük qurbanlar bahasına əldə olunmuş müstəqilliyi zamanın çətin sınaqlarından çıxararaq qoruyub saxlamışdır. Ulu öndərin respublikamıza rəhbərlik etdiyi 34 il ərzində xalqımızın tərəqqisi naminə göstərdiyi xidmətləri saymaqla qurtaran deyil. Azərbaycan xalqı öz böyük oğlu Heydər Əliyevi yalnız siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şəriksiz müəllifi kimi qəbul edir. Çünki Heydər Əliyev siyasi kursundan kənarda Azərbaycan dövlətçiliyi yoxdur və ola da bilməz. Ulu öndər rəhbərlik etdiyi illər ərzində respublikamızda böyük elmi, intellektual kadr, iqtisadi və enerji potensialı yaradılmasına nail olmuş, ölkəmizin müstəqil yaşaması üçün möhkəm təməl qoymuşdur. Məhz buna görə Azərbaycan xalqı qazandığı müstəqilliyə və onun qorunub saxlanması sahəsində əldə etdiyi bütün nailiyyətlərə görə dahi oğluna minnətdardır. Ulu öndər yenidən hakimiyyətə qayıdarkən demişdi: "Mənim həyatım xalqa məxsusdur və bundan sonra ömrümün qalan hissəsini də xalq üçün əsirgəməyəcəyəm. Həyatımın mənasını ancaq xalqa xidmət etməkdə görürəm. Bu dahi insan Azərbaycanda hamının eyni dərəcədə inandığı bir ideologiyanın müəllifidir.

O, bütün vətəndaşların hüquqlarını qoruya bilən dövlətin əsasını qoydu və yalnız hüququn aliliyinə əsaslanan idarəetmə sistemi yaratdı. Umummilli liderimizin xalqın birliyi yolunda göstərdiyi yüksək fəaliyyəti hər bir soydaşımız üçün örnək olmalıdır. Biz Azərbaycanı sevməyi Heydər Əliyevdən öyrənmişik. "Azərbaycan mənim ürəyimdir, nəfəsimdir”-deyə böyük öndərimiz millətimizin və
dövlətimizin əbədiyaşarlığı üçün əvəzsiz bir siyasi xətt, ideoloji baza miras qoydu. Ümummilli liderimiz Heydər Əliyev xalqımız qarşısında ən böyük və tarixi xidmətlərindən biri də ondan ibarətdir ki, o, sürətli inkişaf yoluna qədəm qoymuş Azərbaycanı cəsarətlə idarə etməyə qadir olan layiqli davamçı hazırlamışdır.Ulu öndər 2003-cü ilin oktyabırında xalqa ünvanladığı tarixi müraciətində demişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümüdlər bəsləyirəm”.


 Bu gün qürur hissi ilə qeyd edirik ki, cənab Prezident, Yeni Azərbaycan Partiyasının sədri
İlham Əliyev ona olan bu ümidləri layiqincə doğruldur və Heydər Əliyev siyasətini yeni məzmun və keyfiyyətdə uğurla davam etdirir. Son 19 ildə cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə yüksək inkişafa nail olub, qüdrətli ölkəyə çevrilib. Cənab Prezidentimiz tərəfindən ölkəmizin vahid bir siyasi xətt üzrə irəliyə aparılması, inkişaf istiqamətlərinin bir-biri ilə sıx bağlı olması və digər amillər Azərbaycana dünyada yeri və rolunu müəyyənləşdirib. Azərbaycan dünya miqyasında yüksək inkişaf yoluna çıxmış ölkə, beynəlxalq münasibətlərdə güclü və etibarlı tərəfdaş imici qazanmışdır. Ulu öndər bu gün cismən aramızda olmasa da onun ruhu çox şaddır. Dahi liderin arzuları reallaşdı, Azərbaycan öz tarixi torpaqlarına qovuşdu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın sözdə yox, əməldə real və məğlubedilməz ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən zəfər yürüşünə başladı. 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində Qarabağda qurduğu istehkamları darmadağın etdi, işğal altındakı torpaqları düşmən əsarətindən azad etdi. Noyabrın 8-də Azərbaycan xalqı heç zaman yaşamadığı sevinci və fəxarət hissini yaşadı, 28 illik həsrətdən sonra böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Ali Baş Komandan İlham Əliyev "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur" – deyən, Ulu Öndərin vəsiyyətini həyata keçirdi, xalqımıza Qələbə sevincini yaşatdı.Bu tarixi qələbəni, zəfər bayramını bizlərə yaşadan Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, güclü ordumuz, igid, rəşadətli əsgər və zabitlərimiz oldu. Bununla da Ali Baş Komandan İlham Əliyev öz adını nəinki Azərbaycan tarixinə, həm də dünya hərb tarixinə qızıl hərflərlə yazdı. Xalqımızın 30 illik torpaq həsrətinə nəhayət son qoyuldu. Prezident İlham Əliyevin özünün də dediyi kimi, o, ata vəsiyyətini, ümummilli lider Heydər Əliyevin ən böyük arzusunu - Qarabağın mənfur düşmənlərdən, işğalçı ermənilərdən azad olunmasını gerçəkləşdirmişdir. Heydər Əliyev keçdiyi böyük, mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. Heydər Əliyev şəxsiyyətini, Heydər Əliyev fenomenini öz dəyərincə bütün incəliklərinə qədər qiymətləndirmək mümkün deyil. Çünki ulu öndərimiz kimi dahilər min ildə bir doğulur və xalqının taleyində, tarixində silinməz izlər qoyur, məmləkətin, ölkənin ən çətin, ağır dövründə xilaskar rolunu oynayır.Milyonlarla insanın ümid çırağına çevrilərək qəlblərdə əbədi yurd salmaq heç də bütün rəhbərlərə, liderlərə nəsib olmur. Hələ sağlığında canlı əfsanəyə çevrilmiş Heydər Əliyev ürəklərdə özünə əbədi abidə ucaldıb. 


Onun parlaq ideyaları hələ uzun illər boyu gələcəyə gedən yollarımızı işıqlandıracaqdır. Bütün mənalı ömrünü xalqa həsr edən bu nurlu şəxsiyyətə bəslənilən sevgi sonsuzdur. Qədirbilən xalqımız onun xidmətlərini heç vaxt unutmayacaq, parlaq ideyalarını öz yolunda mayaka çevirəcəkdir.Nə qədər ki, qədirbilən xalqımız var, nə qədər ki, müstəqil Azərbaycan var Ulu öndər daima qəlblərdə yaşıyacaq, xatirəsi ehtiramla anılacaqdır

0 0

Şərhlər

Oxşar xəbərlər