Tarix Muzeyində görkəmli sənətkar Məmmədəli Vəlixanlıya aid materiallar qorunur
16-03-2022, 09:53
312

Tarix Muzeyində görkəmli sənətkar Məmmədəli Vəlixanlıya aid materiallar qorunur

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda görkəmli sənətkar, Xalq artisti Məmmədəli Vəlixanlıya aid materiallar qorunur. Materiallar Azərbaycan teatr tarixinin tədqiqi baxımından əhəmiyyətlidir.



Bu barədə TehsilForumu.Az- a muzeydən məlumat verilib.
Görkəmli sənətkar Məmmədəli Vəlixanlı 1899-cu il martın 15-də Bakıda anadan olub. O, “Səfa” mədəni-maarif cəmiyyəti nəzdindəki məktəbdə təhsil alıb. Həmin dövrdə Azərbaycan realist aktyor məktəbinin banisi Cahangir Zeynalov “Səfa”nın teatr truppasında əsas simalardan biri idi. O, 1912-ci ildə quruluş verdiyi Mirzə Fətəli Axundzadənin “Hacı Qara” komediyasının tamaşasında Bədəl rolunu təbiətən çevik və hər şeyə maraq göstərən Məmmədəli Vəlixanlıya tapşırıb. Bununla da gələcək aktyorun sənət yolunda ilk addımı atılıb. Sənət fəaliyyətinə başladığı ilk illərdə “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Şah İsmayıl” operalarında xorda oxuyan M.Vəlixanlı tədricən dram tamaşalarında sözsüz rollarda səhnəyə çıxıb. Məmmədəli Vəlixanlı teatrda çalışdığı müddətdə Bakı Teatr Texnikumunda təhsilini davam etdirib (1927-1930).



Otuzuncu illərin sonlarında aktyor Məmmədəli Vəlixanlı Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” (Mirzə Həbib), Nəcəf bəy Vəzirovun “Hacı Qəmbər” (Hacı Qəmbər), Sabit Rəhmanın “Xoşbəxtlər”, “Əliqulu evlənir” və “Nişanlı qız” (Mirzə Qərənfil, Mindilli, Xəlil), Mirzə İbrahimovun “Həyat” (Pardon Qurbanəli), Nikolay Qoqolun “Müfəttiş” (Osip) komediyalarında öz ifası ilə silinməz iz qoyub. Faciə və dramatik janrda yazılmış Hüseyn Cavidin “Səyavuş” (Kosa), Vilyam Şekspirin “Qış nağılı” (Avtolik), “On ikinci gecə” (Ser Endri), “Maqbet” (Qapıçı), Mehdi Hüseynin “Cavanşir” (Saran), Aleksandr Ostrovskinin “Cehizsiz qız” (Robinzon), Əbdürrəhim bəy Haqverdiyevin “Pəri cadu” (Əmrah), Fridrix Şillerin “Qaçaqlar” (Vurm), Səməd Vurğunun “Xanlar” (Araq Şəmistan), İmran Qasımov və Həsən Seyidbəylinin “Uzaq sahillərdə” (Rosselini), Brandon Tomasın “Tələbələrin kələyi” (Əli), Süleyman Rüstəmin “Qaçaq Nəbi” (Mürsəl kişi), Məmməd Səid Ordubadinin “Dumanlı Təbriz” (Dərviş) pyeslərinin səhnə təfsirlərində yumoristik və komik-dramatik rollara səhnə ömrü bəxş edib.
Məmmədəli Vəlixanlı milli xarakter yaratmaqda, xalq teatr tamaşaları estetikasını səhnədə yaradıcılıqla realizə etməkdə mahir ustad idi.

 Teatr sənətimizin inkişafındakı xidmətlərinə görə Əməkdar artist (4 dekabr 1938) və Xalq artisti (21 iyul 1949) fəxri adlarına layiq görülüb.

Dahi sənətkar 1969-cu ildə vəfat edib. Bakıda ikinci Fəxri xiyabanda dəfn olunub.


2019-cu il mayın 30-da Azərbaycanın görkəmli teatr xadimi, Xalq artisti Məmmədəli Vəlixanlının 120 illik yubileyi qeyd olunub. Tədbirdə M.Vəlixanlının yaxın dostu olmuş, dahi dramaturq Cəfər Cabbarlının “Almaz” pyesi nümayiş etdirilib.
0 0

Şərhlər

Oxşar xəbərlər