Sual kitabçaları abituriyentlərə nə zaman  veriləcək?- TƏHLİL
11-03-2022, 10:21
501

Sual kitabçaları abituriyentlərə nə zaman veriləcək?- TƏHLİL

İmtahanlarda sual kitabçalarının imtahan iştirkçılarından təhvil alınmasını bir neçə səbəblə izah etmək olar”

 

20 Fevral tarixində magistratura səviyyəsi üzrə qəbul imtahanının I cəhdi keçirildikdən sonra namizədlər və təhsil ictimaiyyətinin bir çox nümayəndələri arasında sual kitabçalarının verilməməsilə bağlı narazılıqlar müşahidə olunurdu.

 

Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən 2022-ci ildə olan imtahanlar, ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun başlaması ilə əlaqədar keçirilən mətbuat konfransında Mərkəzin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bunun vacib səbəbləri olduğunu qeyd etdi. Ancaq bu məsələ yenə də gündəmdə qalmağa davam edir,insanlar narazılıqlarını bildirirlər.

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Aqşin Məmmədov hazırda davam edən buraxılış imtahanlarını da nəzərə çatdıraraq,bu problemin digər imtahanlarda da yaşandığını bildirib:

 

“Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilmiş qrafikə əsasən 2022-ci ilin mart və aprel aylarında tam (11 illik) və ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları, əvvəlki illərin məzunları üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanının birinci mərhələsinin və digər imtahanların keçirilməsi nəzərdə tutulur. Bildiyimiz kimi, artıq martın 5-də və 6-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib. Martın 5-də keçirilmiş imtahanlarda 22902, martın 6-da keçirilmiş imtahanlarda isə 24824 nəfər olmaqla, ümumilikdə 47726 şagirdin iştirakı nəzərdə tutulmuşdu. İmtahanlardan sonra şagirdləri, valideynləri və bəzi təhsil ekspertlərini ən çox narahat edən və Dövlət İmtahan Mərkəzindən onları narazı salan bir neçə məsələ yenə də gündəm mövzusu olub. Narazı tərəfin əsas iddiası odur ki, sual kitabçalarının imtahan iştirakçılarına verilməməsi ilə onlar yazdıqlarının səhv və ya düz olduğunı müəyyən etmək üçün sual kitabçasından istifadə etmək imkanından məhrum olublar. Bu problem təkcə buraxılış imtahanlarında deyil, magistratura pilləsinə, rezidenturaya qəbul və rus bölməsinin abituriyentlərinin Azərbaycan dilindən imtahanında da yaşanır”.

 

Baş məsləhətçi kitabçaları qaytarmayanlarla bağlı atılan  addımları vurğulayaraq,Mərkəzin bu qərarını bir neçə səbəblə izah olunduğunu qeyd edib:

 

“İlk növbədə qeyd edim ki, artıq bir neçə ildir ki, bəzi imtahanlarda DİM tərəfindən abituriyentin sual kitabçasını nəzarətçiyə təhvil vermədən imtahan zalından çıxması qadağan edilib. Abituriyentin bu hərəkətlərə yol verməsi aşkar edilərsə, o, imtahandan xaric olunur. Nəticələri isə DİM tərəfindən ləğv edilir. DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə yaranmış problemə belə aydınlıq gətirib ki, imtahanlarda istifadə olunan sualları hazırlamaq çox mürəkkəb prosesdir. Bu səbəbdən sual kitabçaları imtahan verən şəxslərə verilmir. Ümumiyyətlə, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış (və bəzi digər) imtahanlarında sual kitabçalarının imtahan iştirkçılarından təhvil alınmasını bir neçə səbəblə izah etmək olar: DİM rəsmilərinin də qeyd etdiyi kimi ilk növbədə dünya praktikası nəzərə alınır: əksər ölkələrdə standartlaşdırılmış imtahanlardan sonra sual kitabçaları, yəni imtahan materialları abituriyentlərə verilmir. Bu, bütün növ imtahanlara aiddir. İkincisi, buraxılış imtahanlarında açıq tipli tapşırıqlardan da istifadə olunur və yazılı şəkildə cavablandırılır. Qiymətləndirilmə və hesabalama zamanı kitabçalardakı cavab variantlarına nəzər salmaq və prosesi aydın təhlil edib düzgün qiymətləndirmək lazım olur. Bundan başqa, köçürmə hallarının qarşısının alınması Apelyasiya Komissiyasına müraciət, eləcə də imtahandan sonra müəyyən məsələlərin araşdırılması zamanı iştirakçıların kitabçalarından istifadə edilir”. 

 

“Digər bir səbəb test bankının qorunub saxlanılması, zənginləşdirilməsidir”

 

“Əgər imtahan iştirakçısı DİM-in hər hansısa bir imtahanda cavablarının düzgün hesablanmadığını və yaxud özünün düzgün cavab variantını yazdığını iddia edirsə, onda Mərkəzdə fəaliyyət göstərən Apelyasiya Komissiyasına müraciət edə, öz cavabları ilə tanış ola, iradlarını bildirə bilər. Bu, onun hüququdur”.

 

O həmçinin hesablamalar üçün imtahan vərəqində ayrılan yerin az olması ilə bağlı narazılıqları da bildirərərk, bu istiqamətdə təkliflərini nəzərə çatdırıb:

 “Martın 5-i və 6-da keçirilmiş buraxılış imtahanlarından sonra abituriyentlərin narazı qaldıqları digər bir məsələ bəzi fənlərdən (xüsusilə riyaziyyat) cavab variantlarını düzgün seçmək məqsədilə hesablamaların aparılması üçün sual kitabçalarının kənarlarında yerin az olması ilə bağlı olub. İddiaçıların fikrincə, yer azlığından çox zaman bir sualın cavabını hesabaladıqdan sonra onu silib digər sualın cavabını tapmağa çalışıblar ki, bu da onlar üçün vaxt itkisinə səbəb olub. Qeyd edim ki, əlavə vəsaitlərin, o cümlədən boş kağızların imtahan zalına keçirilməsi DİM tərəfindən qadağan olunub. Bu da köçürmə hallarının qaşısını almaq üçün görülmüş tədbirdir. 

Fikrimizcə, bu problemi aradan qaldırmaq üçün xarici təcrübədə olduğu kimi, DİM tərəfindən imtahan iştirakçılarına möhürlü boş vərəqlər verilə, yaxud sual kitabçalarının arasına və ya sonuna bir neçə boş səhifə artırıla bilər. Bununla da problem öz həllinin tapmış olar”.
0 0

Şərhlər

Oxşar xəbərlər