Qəbul imtahanlarına hazırlıq, yeni qaydaların tətbiqi-ÖTƏN HƏFTƏYƏ BAXIŞ
28-02-2022, 17:26
423

Qəbul imtahanlarına hazırlıq, yeni qaydaların tətbiqi-ÖTƏN HƏFTƏYƏ BAXIŞ

TehsilForumu.Az ötən həftənin təhsil icmalını təqdim edir:

 

Yola saldığımız həftədə 21-27 fevral tarixində təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

 

Azərbaycan Gürcüstanla təhsil sahəsində əməkdaşlıq sazişi imzalayıb:

 

Tbilisidə Azərbaycanın Təhsil Nazirliyi və Gürüstanın Təhsil və Elm Nazirliyi arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

 

Azərbaycanın təhsil naziri Emin Əmrullayev və Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkeli imzalayıb.

 

Müqavilə ilə işləyən müəllimlər üçün daimiləşmə müsabiqəsinə başlanılır:

 

2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində müddətli müqavilə əsasında işə qəbul olunmuş namizədlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədi ilə daimiləşmə müsabiqəsinə start verilir.

 

İndi isə ötən həftənin əsas təhsil yeniliklərinə nəzər salaq:

 

“Bağçalara işə qəbul qaydaları hazırlanır”.

 

Bunu təhsil naziri Emin Əmrullayev deyib.

 

Onun sözlərinə görə, bu qayda müəllimlərin işə qəbuluna oxşar formada olacaq: "Sualların necə və hansı formada olacağını açıqlayacağıq".

 

E.Əmrullayev bildirib ki, hazırda bağçaların Təhsil Nazirliyinə təhvil verilməsi prosesi gedir: "Prosesin martın sonunadək başa çatacağına ümid edirəm".

 

"Hazırda ölkədə fəaliyyət göstərən məktəblərdə pandemiya ilə bağlı vəziyyət sabitdir”.

 

Bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması sektorunun müdiri Fuad Qarayev deyib.

Sektor müdirinin sözlərinə görə, bu səbəbdən şagirdlərin dərsə davamiyyəti də əvvəlki dövrlərə nisbətən yaxşılaşıb:

 

“Hesab edirəm ki, yaxın zamanda yoluxma sayı o həddə çatacaq ki, tədris prosesində qırılmalar baş verməyəcək”.

 

Nazirlik: “Şagirdlərin biliyinin qiymətləndirilməsində müəyyən güzəştlər edilə bilər”.

 

"Dərs ilinin sonunda şagirdlərin biliyinin qiymətləndirilməsi zamanı müəyyən güzəştlər edilə bilər".

 

Bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması sektorunun müdiri Fuad Qarayev deyib.

 

“Təbii ki, pandemiyanın təsiri də danılmazdır. Müəllimlərimiz də bunu nəzərə alır. Ola bilsin ki, qiymətləndirmə zamanı sualların səviyyəsi və sayında müəyyən güzəştlər edilsin. Ümumilikdə isə şagird və valideynlər illik biliklərinin düzgün şəkildə qiymətlərilməsində maraqlıdırlar. Hesab etmirəm ki, kortəbii güzəşt şagirdə, valideynə və cəmiyyətə xeyir verər".

 

Yeni hazırlanan məktəb-şagird qaydalarının bəzi detalları açıqlanıb

 

"Sağlam şagird-müəllim, şagird-məktəb, şagird-şagird, valideyn-müəllim, valideyn-məktəb münasibətlərini tənzimləyən hüquqi normativ sənədlərin və nümunəvi qaydaların yenidən işlənilməsi üçün bölgələr üzrə İşçi qruplar yaradılıb".

 

Bunu  Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması sektorunun müdiri Fuad Qarayev deyib.

 

DİM sədri: "Builki qəbul imtahanları da iki mərhələdən ibarət olacaq":

 

"Qəbul imtahanları bu il üçün də iki mərhələdən ibarət olacaq. İlk imtahanda bacarıqlar yoxlanılacaq. İlk mərhələdə maksimum bal yenə 300 olacaq”.

 

Bu fikirləri Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, sənəd qəbulu həm ötənilki, həm də builki məzunlar üçün eyni vaxtda olacaq: "Keçən ilin məzunlarının buraxılış imtahanlarında topladığı ballar bu il üçün də keçərli olacaq. Yəni onlar builki imtahanda iştirak etməyə bilərlər. Lakin bu da könüllüdür. Əgər istəsələr, builki buraxılış imtahanlarında yenidən iştirak edə bilərlər".

 

DİM sədri: "Sual kitabçalarını aparanların imtahan nəticələri ləğv olunacaq"

 

"Buraxılış imtahanlarından sonra sual kitabçalarının qaytarılması mümkün olmayacaq".

 

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, çünki bu qayda pozuntusu deməkdir: "İmtahandan sonra yazı işləri olur. Niyyətin hara, qiymətin də ora. Ona görə də imtahana əlavə vasitələrlə gəlmək lazım deyil. İndidən abituriyentlərə xəbərdarlıq edirəm. Bütün beynəlxalq imtahanlarda da belədir. Hansı imtahanlarda sual kitabçaları verilir? Biz abituriyentlərin biliklərinə qiymət verməyi bacarırıq. Ona görə də kimsə sual kitabçalarının çıxarılmasında maraqlı olmasın. Hətta magistratura imtahanında iştirak edən bir namizəddə belə fakt olub. Hansı ki balı da məlum idi, lakin biz məsələni araşdırdıq, əmr də imzalamışam, həmin şəxsin nəticələri ləğv olunacaq".

 

Məleykə Abbaszadə: "Builki qəbul imtahanlarının suallarının məzmununda dəyişiklik olacaq".

 

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, dərslikdə olmayan yalnız 44 günlük Vətən müharibəsi ilə bağlı tarixlər imtahana salınacaq: "Bütün məlumatlar sayta yerləşdirilib. Ali məktəblərə qəbul proqramlarında məzmun xətti 11-ci sinfin standartlarına uyğun olaraq formalaşdırılıb. Nəzərə alsaq ki, bu il məktəblərdə tədris əyani formada olub. Ötən ilin oktyabr ayından həmin məzmunla bağlı məlumat yaymışdıq".

 


0 0

Şərhlər

Oxşar xəbərlər