Bəzi şəgirdlər üçün "azadlıq"ın sərhəddi YOXDUR
8-01-2022, 10:26
268

Bəzi şəgirdlər üçün "azadlıq"ın sərhəddi YOXDUR

Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktorunun şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu videogörüntü geniş müzakirələr səbəb olub. Hadisə ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Daxili İşlər Nazirliyi araşdırma aparacaqlarını açıqlayıb.

 

TehsilForumu.Az Videogörüntülərlə bağlı açıqlama verən Milli Məclisin sabiq deputatı Sona Əliyeva bildirib ki, direktor və ya müəllimlərin şagirdlərə qarşı fiziki və ya emosional zorakılıq davranışları yolverilməzdir.

 

Onun sözlərinə görə, pedoqoji heyət tərəfindən “yetkinlik yaşına çatmamış şəxslərə” bu cür yanaşma doğru olmadığı qədər həm də, qınaq mənbəyidir:

 

"Son illərdə təhsilin keyfiyyətinin yaxşılaşdırılması baxımından təlim-tədris prosesində sərbəst mühitin yaradılması, daha dəqiq desək, şagirdlərə sərbəstliyin verilməsi, texnologiyanın şagirdlər tərəfindən nəzarətsiz istifadəsi müəllim-şagird-məktəb münasibətlərində nəzərəçarpacaq dəyişikliklər yaratdıb.

 

Həmçinin, nəzərə almaq lazımdır ki, bəzi şagirdlər üçün bu sərbəstliyin və ya “azadlığın” sərhəddi yoxdur. Belə şagirdlər üçün başqaları tərəfindən bu sərbəstliyin məhdudlaşıdırlması qəbuledilməzdir və arxasında güdəmi zəbt edən anlaşılmazlıqlar, fiziki, emosional zorakılıqlar və toksik münasibətlər formalaşdırır. Bu kimi davranışlar məktəb və təlim prosesinin abu-havasına zərər verir, şagirdlərin sağlam emosional-psixoloji inkişafına mane olur. Bəzən isə aqressiv və cinayət xarakterli davranışlara da gətirib çıxarır.

 

Problem yalnız müəllim və ya məktəb idarəedicilərinin şagirdlərə təyziq etməsindən və ya məhdudlaşıdırıcı təsirindən qaynaqlanmır, bəzən təmamilə şagirdyönümlü olaraq da baş verə bilir. Cəmiyyətdə və ailədə baş verən neqativ hallar və zorakılıq meylləri şagirdlərə, əsasən də yeniyetməlik çağında olanlara ciddi mənfi təsir göstərir. Ən mənasız mövzuları belə zorakılığa çevirməyə meylli olan gənclər yalnız zorakılıq mənbəyi deyil, həm də şiddətin təsirinin mərkəzidir”.

 

Sabiq deputat qeyd edib ki, son bir neçə ildə məktəblərimizdə zorakılıq hallarının sayı və həcmi kifayət qədər artıb:

“Texnologiyanın inkişafı bu kimi hadisələri asanlıqla qeydə almağa və sosial şəbəkələrdə paylaşmağa imkan verir. Azərbaycan cəmiyyəti hər zaman bu tip hadisələrə həssasdır və cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Belə halların baş verməsinin əsas səbəbləri kimi mənəvi dəyərlərin aşınmasını, təhsil sistemimizdə müəllimlərin əksəriyyətinin şagirdlərə subyekt kimi yanaşmamasını və öyrənmənin keyfiyyətinə emosional təzyiqin yaxşı təsir etməsini düşünmələrini, yüksək pedoqoji-psixoloji hazırlıqlarının olmamasını, bəzən isə müəllimin şəxsi-emosional vəziyyətini təlim prosesinə yansıtmasını göstərmək olar.

 

Zorakılğın mövcud olduğu hər yerdə onun dağıdıcı və neqativ təsiri müşahidə olunur, lakin bu, təhsil prosesində daha ciddi fəsadlar törədir və sağlam təlim prosesinin formalaşmasına mane olur. Kasıb və ya inkişaf etmiş ölkələrin təhsil sistemində bu problem eyni dərəcədə mövcuddur. Cinsindən asılı olmayaraq, şagirdlərə eyni mənfi təsir göstərir. Məktəbdə müəllim və məktəb idarəediciləri tərəfindən tətbiq olunan zorakı davranışlara cismanı cəza, emosional və psixoloji təsir və təzyiq, təhqir və qorxutmaq kimi davranışları göstərmək olar ki, bunlar da şagirdlərin şəxsiyyət kimi formlaşmasına, təhsil nəticələrinə mənfi təsir göstərir.

Bu videoların sosial şəbəkələrdə və mediada çox sayda yayılması da sual doğuran məqamlardandır. Lakin mən bunun bilərəkdən edildiyi düşüncəsində deyiləm. Yenə də qeyd etdiyim kimi, bu, əsasən texnologiyanın inkişafı ilə bağlıdır, adətən qərəzli xarakter daşımır. Lakin təssüflə qeyd etmək lazımdır ki, texnologiyanın istifadəsi həddən artıq asan olan imkanlarından istifadə etməklə istənilən insan haqqında mənfi ictimai düşüncə formalaşdırmaq mümkündür. Ümumiyyətlə bunun bir kampaniya olduğu fikrindən uzağam və müəllimlərin gözdən salınmasına, şərəf və ləyaqətinin alçaldılmasına yönəldiyi düşüncəsində deyiləm”.

 

S.Əliyeva bildirib ki, Azərbaycan cəmiyyəti hər zaman müəllim zümrəsinə hörmətlə yanaşıb və bu ənənələri bacardığı qədər yaşatmağa çalışır:

“Son illər cəmiyyətdə rifah səviyyəsinin yaxşılaşması, texnologiyadan istifadə imkanlarının çoxalması və geniş təhsil imkanlarına baxmayaraq, məktəblərdə zorakılıq halları artmaqdadır. Təəssüf ki, bu vəziyyətin qarşısını ala bilmirik. Cəmiyyətdə müxtəlif ünsiyyət vasitələrinin üstünlük təşkil etməsi ilə bu zorakılıq gənclərə və uşaqlara ciddi neqativ təsir göstərir. Qəbul etməsək də, inanmaq istəməsək də, məktəblərdə zorakılıq halları olduqca yayğındır. Bu vəziyyətdən həm şagirdlərin, həm də ailələrin bir çoxu narahat olur. Cəmiyyətə yansıma təzahürlərini nəzərə aldıqda isə artıq şiddətin sosial linç mədəniyyətinə çevrilməsinə başladığını söyləyə bilərəm. Zorakılıqların aradan qaldırılması istiqamətində bir çox ölkələr tələbələrə əməkdaşlıq, ikitərəfli münasibətlərdə vasitəçilik və münaqişələrin həlli üsullarını öyrədən proqramlar təklif edir. Zorakılığın məktəb divarları arasında baş verməməsi üçün məktəb rəhbərləri lazımi tədbirlər görməli və mübarizə aparmalıdırlar. Əks halda zorakılıq “tərbiyə forması” kimi yayılmağa başlaya bilər. Halbuki zorakılıq tərbiyəsizliyin əlamətidir. Şiddət davranışını öyrənən fərdlərin bu davranışları yalnız təhsillə aradan qaldırıla bilər”.

Eks-deputat vurğulayıb ki, məktəbdə zorakılığın qarşısını almaq üçün müəyyən işlər görmək mümkündür:

 

“Məktəbdə risk faktorları ilə bağlı davranışların müəyyən edilməsi və müvafiq olaraq məktəbdə bu istiqamət üzrə fəaliyyət planının hazırlanması;

 

Ehtiyacı olan şagirdlər üçün psixoloji məsləhət və konsultasiyaların aparılması;

 

Ehtiyacı olan şagirdlərin müsbət mənada ictimai fəaliyyətə yönləndirilməsi;

 

Ehtiyacı olan şagirdlərin ailələri ilə fərdi görüşlər keçirilməsi və bu məqsədlə seminarların təşkil;

 

Məktəb rəhbərliyinin, müəllim və şagirdlərin iştirakı ilə effektiv məktəb qaydalarının müəyyən edilməsi və bu qaydalara əməl olunmasında məsuliyyətlilik nümayiş etdirilməsi və s.

 

Məktəbdə zorakılığın qarşısının alınması, ilk növbədə, təhsil işçilərinin (məktəb rəhbərləri, müəllimlər, digər işçilər) bu məsələdə planlı və ardıcıl şəkildə iş aparmasını tələb edir. Ailənin bu məsələlərdə diqqətli olması və bu problemlərin həssaslıqla həllinə kömək etməsi də xüsusi əhəmiyyət kəsb edir. Həmçinin, zorakılığın baş verməsinin qarşısını almaq üçün bütün məktəb işçilərinə münaqişələrin həlli, vasitəçilik və müsbət nizam-intizam qaydalarının yaradılması kimi mövzularda təlimlər keçirilməli və peşəkarlıq səviyyəsi təkmilləşdirilməlidir”.

 

S.Əliyeva məktəbdə zorakılığın qarşısının alınmasının ünsiyyətdən başladığını və təhsil prosesinin bütün iştirakçılarının bu halların aradan qaldırılmasında bərabər məsuliyyət daşıdığını bildirib.
0 0

Şərhlər

Oxşar xəbərlər