Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin ümumi yığıncağında ötən ilin nailiyyətləri müzakirə olunub
3-01-2022, 09:26
278

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin ümumi yığıncağında ötən ilin nailiyyətləri müzakirə olunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) illik hesabatlara həsr olunmuş ümumi yığıncağının növbəti onlayn iclasında Biofizika və İdarəetmə Sistemləri (İSİ) institutlarının, eləcə də Milli Aviasiya Akademiyasının (MAA) 2021-ci ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair hesabatları müzakirə olunub.

Azərbaycan Milli Elmlər Akademiyası Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsindən 

TehsilForumu.Az xəbər verir ki, tədbirdə AMEA-nın həqiqi və müxbir üzvləri, FRTEB-in elmi müəssisələrinin baş direktorları və icraçı direktorları, elmi katibləri, təhsil, ictimaiyyətlə əlaqələr və beynəlxalq əlaqələr şöbələrinin rəhbərləri, eyni zamanda, mühüm elmi nəticə müəllifləri iştirak ediblər.

Biofizika İnstitutunda aparılmış elmi tədqiqat işlərinin yekunlarından danışan müəssisənin baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov bildirib ki, institutda tədqiqatlar, əsasən bir istiqamət üzrə aparılıb və cari ildə 11 mühüm nəticə əldə olunub. Həmçinin institut əməkdaşlarının yüksək impakt faktorlu məcmuələrdə 6 məqaləsi işıq üzü görüb. Hesabat ilində alimlərimizin məqalələrinə, ümumilikdə 204 istinad olub. Bu da, 2020-ci illə müqayisədə 32 istinad çoxdur.

Məruzəçi Azərbaycan Respublikasının Prezidentinin Fərman və Sərəncamlarının, eləcə də Nazirlər Kabinetinin, AMEA-nın Rəyasət Heyətinin və FRTEB-in Ümumi yığıncağının qərarlarından irəli gələn vəzifələrin icra vəziyyətinə də toxunub.
Daha sonra hesabat ilində dünyanın bir çox dillərində nəşr olunan “Molekulyar hüceyrə biologiyası” (“Molecular Cell Biology”) bestsellerinin Azərbaycan dilinə tərcümə olunmasından söz açıb. Vurğulayıb ki, bu kitab Massaçusetts Texnologiya İnstitutunun, Harvard, Kornel və Kaliforniya universitetlərinin tanınmış alimləri tərəfindən hazırlanıb. Bestsellerin 2016-cı ildə “Springer” nəşriyyatında işıq üzü görən və ana dilimizə tərcümə edilən 8-ci nəşri biotibb, molekulyar hüceyrə sahəsində son illərin eksperimental tədqiqatlarına əsaslanan mühüm nailiyyətləri özündə əks etdirir.

Oktay Qasımov institut əməkdaşlarının qazandıqları respublika və beynəlxalq qrantlardan, həmçinin kütləvi-informasiya vasitələrində (KİV) nümayiş etdirdikləri elmi-populyar fəaliyyətdən bəhs edib. Vurğulayıb ki, FRTEB-in ən gənc elmi müəssisəsinin alimləri hesabat ilində beynəlxalq əməkdaşlıq istiqamətində də mühüm uğurlar qazanıblar. Türkiyə, ABŞ, İtaliya, Pakistan, İsveçrə, Belarus Respublikası və Fransadan olan həmkarları ilə beynəlxalq səviyyəli tədqiqatlar aparıblar.

Məruzəçinin sözlərinə görə, institutun mütəxəssisləri italiyalı alimlərlə aparılan müştərək tədqiqatlar nəticəsində katarakta, Alzeymer, Parkinson kimi xəstəliklərə qarşı terapevtik müalicə üsulu təklif ediblər. Bundan başqa, Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK), Milli Onkologiya Mərkəzi və Bakı Dövlət Universitetindən olan alimlərlə aparılan birgə tədqiqatlar nəticəsində düyü kəpəyi zülalının hidrolizi əsasında əldə edilən kationik EQRPR peptidin xərçəng xəstəliyinə və COVİD-19 infeksiyasına qarşı mübarizədə tətbiq oluna bilməsi və onların təsir mexanizmləri tədqiq olunub.

Daha sonra Milli Onkologiya Mərkəzinin mütəxəssisləri ilə birgə qazandıqları nailiyyətlərdən danışan Oktay Qasımov qeyd edib ki, TEMPO spin zonduna dərman modeli kimi yanaşaraq onların ağciyər sağlam və karsinoma hüceyrə membranlarına inkorporasiya dərəcələri qiymətləndirilib. Həmçinin SARS-CoV-2 virusunun insan hüceyrələrinə daxil olmasında və onun immun sistemi tərəfindən tanınmasında mühüm antigen rolunu oynayan S (spike) zülalının ilkin (referans) variantı müxtəlif ölkələrdə aşkar edilmiş 263067 virusun S zülalı ilə müqayisə edilib.

Çıxışlarda 2021-ci ildə əldə edilən digər nailiyyətlərdən bəhs edilib.

Daha sonra onlayn iclasın iştirakçılarına Milli Aviasiya Akademiyasında (MAA) müvafiq elmi istiqamət üzrə əldə edilmiş mühüm nəticələr barədə məlumat verilib. Bu barədə çıxış edən AMEA-nın müxbir üzvü Afiq Həsənov bildirib ki, hesabat ilində MAA-da 12 elmi istiqamətə müvafiq 30 elmi tədqiqat işi aparılıb. Əldə edilmiş mühüm nəticələrdən söz açan alim diqqətə çatdırıb ki, professor-müəllim heyətinin ixtiralarına 7 patent alınıb, 260 elmi əsəri nəşr olunub. Onlardan 96-sı xarici ölkələrin məcmuələrində işıq üzü görüb.

Tədbirdə çıxış edən FRTEB-in Ümumi yığıncağının sədri, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev hesabatını təqdim edən hər üç müəssisədə aparılmış elmi tədqiqat işlərini müsbət qiymətləndirib, onların ölkəmizin milli, strateji maraqları ilə səsləşməsi və digər mühüm keyfiyyət göstəriciləri nöqteyi-nəzərindən əvvəlki illərlə müqayisədə nəzərə çarpan ciddi irəliləyişlərini təqdirəlayiq hesab edib.

Vacib əhəmiyyət daşıyan nailiyyətlərin üzərində dayanan sədr “Şərq-Qərb nəqliyyat dəhlizində logistika, idarəetmə və istismar problemləri” mövzusunda keçirilmiş beynəlxalq konfransa xüsusilə diqqət çəkib. Rasim Əliquliyevin sözlərinə görə, Azərbaycanın əlverişli coğrafi mövqeyi Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində vacib yer almasına zəmin yaradıb.

Alim vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü iqtisadi siyasət, artıq reallığa çevrilən çoxsaylı infrastruktur layihələri ölkəmizin coğrafi əhəmiyyətini daha da artırır.

Uğurlu beynəlxalq əməkdaşlıq çərçivəsində reallaşdırılan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Cənub Qaz Dəhlizinin seqmentləri, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının inşa edilməsi ölkəmizin mühüm nəqliyyat qovşağına və yeni logistik məkana çevrilməsi üçün geniş imkanlar açıb.

Rasim Əliquliyev bu ilin aprelində Prezident İlham Əliyevin BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasında videoformatda təqdim edilən çıxışını xatırladıb. Həmçinin işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərindən bəhs edib. Bu məqsədlə “yaşıl enerji”, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqinin, smart texnologiyalara əsaslanan infrastruktur layihələrinin icrasının önəmini diqqətə çatdırıb. Zəngəzur nəqliyyat dəhlizinin mühüm əhəmiyyətindən söz açıb. “Cənab Prezidentin haqlı olaraq söylədiyi kimi, Zəngəzur dəhlizi Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi simasında mövqeyini gücləndirmək imkanı verəcək”, – deyə akademik vurğulayıb.

Ümumi yığıncağın sədri Rasim Əliquliyev qeyd edib ki, nəqliyyatın intellektuallaşdırılması, onun idarə olunmasında süni intellekt texnologiyalarının tətbiqi, dron nəqliyyatı, ölkəmizin nəqliyyat və logistika infrastrukturunun gələcək perspektivlərinin araşdırılması, bu sahədə multidissiplinar tədqiqatların aparılması və vacib elmi nailiyyətlərin qazanılması üçün İSİ və FRTEB-in digər müəssisələri gərəkli kadr potensialına malikdir. AMEA-nın vitse-prezidenti bununla bağlı bir sıra təkliflərini də səsləndirib.
Rasim Əliquliyev, həmçinin IV Sənaye inqilabının və dünyanın qlobal çağırışlarını, ölkəmizin milli və strateji maraqlarını özündə ehtiva edən elmi-nəzəri, innovativ tədqiqatlarının aparılmasının önəmindən danışıb. Müasir dünya elminin və qlobal əmək bazarının tələblərinə cavab verə bilən “Data Analytics”, “Soft engineering”, maliyyə riyaziyyatı, proqram mühəndisliyi, kibercinayətkarlıq kimi mühüm ixtisaslar üzrə kadr hazırlığının həyata keçirilməsinin taleyüklü məsələlərdən olduğunu vurğulayıb.

Məruzələrlə bağlı aparılan müzakirələrdə akademiklər – Fikrət Əliyev, Cavad Abdinov, Adil Qəribov, Asəf Hacıyev, AMEA-nın müxbir üzvləri – Afiq Həsənov, Vaqif Quliyev, Oktay Qasımov, Ramiz Alıquliyev yaxından iştirak edərək fikir və suallarını səsləndiriblər.

Sonda FRTEB-in Ümumi yığıncağı Biofizika və İdarəetmə Sistemləri institutlarının və Milli Aviasiya Akademiyasını 2021-ci ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair hesabatların qəbul olunaraq AMEA-nın Rəyasət Heyətinə təqdim edilməsinin lehinə yekdilliklə səs verib.


0 0

Şərhlər

Oxşar xəbərlər