Qafqazın ən qədim dillərindən biri – Xınalıq dili
16-12-2021, 20:07
462

Qafqazın ən qədim dillərindən biri – Xınalıq dili


Qubanın Xınalıq kəndinin sakinləri öz dillərinə kətiş dili deyirlər. Kənd sakinləri bu dilin Nuh Peyğəmbərin dili olduğunu iddia edirlər.

1987-ci ilin Azərbaycan sovet ensiklopediyasında Xınalıq dili, Dağıstan dilləri ləzgi qrupunun Şahdağ yarım qrupuna aid edilir. Lakin mütəxəssislər bu dilin Qafqaz-Şahdağ dil qrupuna aid olmasını da iddia edirlər. Həmçinin Xınalıq dili Qafqaz Albaniyasının tərkibində olan Tuti tayfalarının dili ilə də yaxındır.

Xınalıq dilinin heç bir dialekt və ləhcəsi yoxdur. Lakin hal-hazırda kəndin yuxarı, orta və aşağı hissələrində yaşayan üç əsas nəsil arasında tələffüz zamanı danışıq dili fərqlənir.

Xınalıq dili üzrə tədqiqatlar XVIII-XIX əsrlərdən başlanıb. O zamanlar ticarət məqsədi ilə Azərbaycana gələn tacirlər və Avropa səyyahları xınalıqlıların başqa bir dildə danışdıqlarının şahidi olurdular.

1874-cü ildə Moskva İmperator Cəmiyyətinin üzvü A.Bekker dərman bitkiləri toplamaq məqsədi ilə Şahdağa səyahət edir və bir gecəlik Xınalıqa gəlir. O, bir iki gün kənddə qalır, bir neçə sözü dəftərinə yazıb, özü ilə aparır. A.Bekker Almaniyada olarkən, dostu qafqazşünas və dilçi Adolf Dirrə xınalıq dilindən danışır. A.Dirr 1928-ci ildə Almaniyanın Leypsiq şəhərində “Qafqaz dillərinin öyrənilməsinə dair giriş” adlı əsər yaradır. Bu əsərin dörd səhifəsini Xınalıq dilinə həsr edir.

Rus dilçi və qafqazşünas Yunus Deşeriyev 1959-cu ildə “Xınalıq dilinin qrammatikası” kitabını dərc edib. Onun fikrincə, e.ə III minillikdə Qafqazda tək qədim dil Xınalıq dili olub. Deşeriyev sözlərinə görə: “… Qafqazdakı digər qədim dillərin bölünməsinə və zaman-zaman itməsinə baxmayaraq, Xınalıq dili dəyişməz olaraq qalıb”.

Xınalıq dilinin səs sistemi mürəkkəbdir. Qrammatik quruluşu Dağıstan dillərindən bir sıra fərqli cəhətləri ilə seçilir. Xınalıq dilində ismin 19 halı var. Xınalıq əlifbası sadələşdirilib və cəmi 48 hərfdən ibarət olan latın qrafikası əsasında tərtib edilib. Bu əlifbaya görə, Xınalıq dilində 39 samit, 9 sait var. Bu dildə 4 cins kateqoriyasi mövcuddur (kişi, qadın, heyvan və cansız).

1982-ci ilin statistik məlumatına görə, Xınalıq dilində 2000 nəfər danışırdı.
0 0

Şərhlər

Oxşar xəbərlər