12 illik tədrisə keçək, keçməyək? - Rəylər
14-12-2021, 15:46
460

12 illik tədrisə keçək, keçməyək? - Rəylər

Xəbər verdiyimiz kimi, təhsil naziri Emin Əmrullayev Azərbaycanda 12 illik tədrisə keçdin vacibliyi barədə açıqlama verib. Nazirin sözlərinə görə, bu istiqamətdə işlər aparılmalıdır. O bildirib ki, bir çox inkişaf etmiş ölkələrdə 12 illik tədris tərbiq edilir.

Qeyd edək ki, nazirin bu açıqlaması ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı. Sosial şəbəkələrdə yazan çoxsaylı müəllimlər hesab edir ki, əksinə tədris 11 il saxlanılmaqla, şagirdlərə verilən dərs yükü azaldılmalıdır. 12 illik tədris ideyası reallaşarsa belə, bu, 5 yaşlıların tədrisə cəlb edilməsi ilə baş tutmamalıdır.
Həmçinin çoxları düşünür ki, 12 illik tədris Avropa standartlarına uyğun olsa da, Azərbaycanda bu, əlavə vaxt itkisi və dərs yüküdür.
Mövzu ilə bağlı təhsil sahəsi üzrə ekspertlərin fikirlərini öyrəndik.


TehsilForumu.Az - Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Etibar Əliyev bildirdi ki, 12 illik təhsilə keçid əhəmiyyətlidir və bu proses repetitorluq fəaliyyətinin azalmasına səbəb olacaq:
“Qeyd edim ki, bizdə 12 illik tədrisə keçid xeyli gecikdirilib. Prezident İlham Əliyevin sərəncamı ilə 2013-cü ildə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” adlı sənəd qəbul olunub.

Həmin sənəddə konkret olaraq göstərilir ki, 12 illik təhsilə keçid yaradılmalıdır. Dünyanın əksər ölkələrində orta təhsilin müddəti 12 ildir. Bir neçə ölkədə isə 13 ildir. 12 illik təhsilin əsas əhəmiyyətli cəhətlərindən biri ondan ibarətdir ki, burada təmayyüləşmə genişlənə bilər. Bu, olduqca əhəmiyyətli bir məsələdir və bütün dünyada orta təhsildə təmayyüləşmə özünün pozitiv nəticələrini verir. Digər tərəfdən, 12 illik təhsilə keçid bu gün hamımızı narahat edən repetitorluq fəaliyyətini daralda bilər, bunu azalda bilər. Bilirsiniz ki, repetitor təhsili valideynlərin büdcəsinə çox böyük zərər vurur və bütün biliklər hesab edirəm ki, məktəbdə verilməlidir. Bugünkü nəticələr söyləməyə əsas verir ki, 11 illik təhsil müddətində bir repetitorun əhatə dairəsini daralda bilmədik, əksinə olaraq daha da genişləndi. Bu da məktəb təhsilinə təsir göstərir. Nə qədər repetitor təhsili genişlənirsə, bir o qədər məktəbdə proqramın mənimsənilməsi məsələləri sual altında qalır. Ona görə də biz artıq 12 illik təhsilə keçməliyik. 12 illik təhsil zamanın tələbidir və bu, təmayyüləşmənin tətbiqinə böyük təkan verə bilər. Digər tərəfdən bizim 11 illik təhsil sistemimizdə verilən təhsil sənədlərini bir çox Avropa ölkələrində tanımırlar, çünki təhsilin müddəti fərqlidir. Bir il müddəti orta təhsil üçün əhəmiyyətli bir zamandır. Bunun digər əhəmiyyəti də bundan ibarət ola bilər ki, orta təhsil sənədlərimizi qeyd-şərtsiz dünyanın başqa ölkələrində də tanısınlar. Həmçinin Azərbaycan məktəbliləri bir çox bilik yarışmalarında iştirak edirlər və orada iştirak edən məktəblilərimizin göstəriciləri get-gedə yaxşılaşır. Buna baxmayaraq, bu göstəricilər, bir o qədər əhəmiyyətli dərəcədə müsbətə doğru dəyişmir. 12 illik tədrisə keçid, həmçinin bu problemin mərhələli şəkildə həllinə səbəb ola bilər".


Milli Məclisin deputatı Ceyhun Məmmədov da hesab edir ki, 12 illik tədrislə təhsil daha sistemli şəkilə keçəcək:
"Mən hesab edirəm ki, buna ehtiyac var. Bu gün dünyanın əksər ölkələrində 12 illik tədris tətbiq olunub. Yəni biz dünyanın bir çox ölkələrində bu təcrübəni görürük. Bu təklifi çox ciddi dəstəkləyirəm və hesab edirəm ki, bu addım atılmalıdır. Bu, həmçinin təhsili daha sistemli şəkildə təşkil etməyə imkan verəcək. Bu, eləcə də xarici ölkədə də bizim gənclərimizin təhsillərini davam etdirməsinə öz ciddi təsirini göstərəcək. Hesab edirəm ki, bu dəyişiklik önəmlidir, bu məsələyə getmək lazımdır və bu sistemlə dərs saatlarının artırılmasına imkan veriləcək. Bununla da beynəlxalq təcrübəyə keçmiş olacayıq və təhsillə bağlı bir sıra hallarda tələbələrimizin xarici ölkələrdə üzləşdiyi çətinliklərin həllinə öz müsbət təsirini göstərəcək".


Təhsil üzrə ekspert Kamran Əsədov isə bildirdi ki, 12 illik təhsilə keçid uşaqların tədris yükünün, eləcə də fənlər üzrə təlim yükünün hansısa mərhələdə yüngülləşməsinə xidmət edəcək:
“Öncə qeyd edim ki, Azərbaycanda təhsil islahatlarının başlanmasından 10 ildən çox vaxt keçir. Bu gün də davam etməkdə olan islahatların əsas məqsədi ölkəmizin təhsilini dünyanın təhsil meridianına çıxarmaq, ən inkişaf etmiş ölkələrin təhsil ənənələri fonunda daha mükəmməl bir sistemin yaradılmasına nail olmaqdan ibarətdir. Bu gün dünya ölkələrində 10, 11, 12, 13, hətta 14 illik ümumtəhsil müəssisələri mövcuddur.

Hazırda isə 12 illik sistemdən daha çox istifadə olunur. Xatırlayırsızsa, Azərbaycanda xeyli müddət ümumi təhsilin 10 illik sistemindən istifadə edilmişdir. Hətta uzun illər boyu 4 illik, 9 illik məktəblər də təhsil tariximizdə mövcud olmuşdur.  Hazırda isə 11 illik sistem tətbiq olunmaqdadır və 12 illik təhsilə keçilməsi planlaşdırılmışdır. Keçmişə nəzər salsaq görərik ki, 12 illik ümumi təhsilə keçid  “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda strateji hədəf kimi müəyyən olunmuşdu və Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndə də əks olunması ilə demək olar ki, reallığa doğru ilk addımını atdı. 12 illik ümumi təhsil 10 illik icbari ümumi orta təhsil və 2 illik tam orta təhsil modelinə mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur.  Onu da xatırlatmaq istəyirəm ki, hələ "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasında Azərbaycanda 2020-ci ilədək 12 illik təhsil sisteminə keçid nəzərdə tutulmuşdu. Amma pandemiya bu prosesi başa çatdırmağa maneə oldu.

Hər şeydən əvvəl Dünya Təhsil Forumunda 12 illik təhsilin minimum standart kimi tətbiq olunması barədə deklarasiya layihəsində bu, bir daha öz əksini və təsdiqini tapıb. Digər tərəfdən hesab edilir ki, 12 illik təhsilə keçid uşaqların tədris yükünün, eləcə də fənlər üzrə təlim yükünün hansısa mərhələdə yüngülləşməsinə xidmət edəcək. Digər tərəfdən Strategiyanın müəyyən etdiyi istiqamətlərə əsasən təhsilin peşəkar inkişafı, məzmunca yeniləşməsi, təmayülləşmə və ixtisaslaşmanın həyata keçirilməsi, təhsil proqramlarının həddən artıq yükləmələrdən azad olunması, digər pedaqoji psixoloji habelə iqtisadi xarakterli məsələlərin həlli də qaçılmazdır. Hətta, Kanada, Fransa, Hollandiya və Çexiyada hazırda ümumi təhsilin müddəti 14, Almaniya, Böyük Britaniya, İsveç, Avstraliya və Yeni Zelandiyada 13 ildir. ABŞ, Finlandiya, Cənubi Koreya, Polşa və bir sıra digər ölkələrdə isə ümumi təhsilin müddəti 12 ildir. Bununla belə, hazırda dünya üzrə 12 illik ümumi təhsili tətbiq edən ölkələr çoxluq təşkil edir. Son statistik məlumatlara görə, belə ölkələrin sayı 170-i ötüb. Çox az sayda ölkədə ümumi təhsilin müddəti 11 il təşkil edir". 


Ekspert hesab edir ki, 12 illik təhsil sisteminə keçid məhz sadəcə məktəbdə oxunan illərinin artırılması kimi deyil, seçilən yolun düzgün və aparıcı beynəlxalq təcrübəyə əsaslanan bir yol olduğuna əmin olduqdan sonra bu layihə gerçəkləşə bilər.
"Orta məktəbə baxsaq görərik ki, hazırda V siniflər üçün nəzərdə tutulmuş kurikulumlar 11 illik təhsil sisteminə hesablanıb. Bu sistemlə oxuyan şagirdlər bir müddətdən sonra - 2019-cu ildə məktəbi bitirdilər. Amma ilk buraxılış məzunlarından biz nəzərdə tutulan nəticəni görə bilmədik. 12 illik təhsilə keçmək üçün hələ çox gecikmişik. Yeni təhsil haqqında qanun qəbul olunanda bu addım elə o vaxt atılmalı idi. Çünki 12 illik təhsil artıq Avropa standartlarına uyğundur. Yəni 10-11 illik təhsil ancaq postsovet məkanına daxil olan bir neçə ölkədə qalıb.

Məsələn, Hollandiya və Almaniyada orta təhsil 12 ildir. Ona görə də bizim orta təhsil haqqında sənədimizin tanınması, məktəb proqramlarının unifikasiyası 12 illik təhsil üçün çox vacib məsələdir. Burada ən ciddi məsələlərdən biri dərsliklərin də yeni kurikuluma uyğun yazılması üçün müvafiq təcrübə və müddət tələb olunur. Bunun qəbul sisteminə təsiri, yeni tədris planları, yeni proqramlar, müəllim hazırlığı, əlavə ediləcək 1 ilin təhsilin hansı pilləsinə artırılması, təhsil pillələrinin 4+6+2 və yaxud 5+5+2 və ya digər hansısa sxem əsasında qurulması və s. kimi məsələlərin həlli tələb olunur. 12 illik təhsil sisteminə bütün ölkə üzrə birdəfəlik, yaxud tədricən keçilib-keçilməyəcəyi barədə də hələ ki, konkret qənaətə gəlinməyib. Hazırda 12 illik ümumi təhsili tətbiq edən ölkələrin dünya üzrə çoxluq təşkil etməsi də beynəlxalq təhsil sisteminə inteqrasiya baxımından bu keçidi zəruri edir.

Digər tərəfdən Strategiyanın müəyyən etdiyi istiqamətlərə əsasən təhsilin peşəkar inkişafı, məzmunca yeniləşməsi, təmayülləşmə və ixtisaslaşmanın həyata keçirilməsi, təhsil proqramlarının həddən artıq yükləmələrdən azad olunması, digər pedaqoji psixoloji habelə iqtisadi xarakterli məsələlərin həlli də qaçılmazdır", - deyə Kamran Əsədov bildirdi.

Əməkdar elm xadimi Şahlar Əsgərov hesab edir ki, təhsil sistemində həllini tapmamış məsələlər fonunda bu addım əlavə yükdür:
“12 illik təhsilə keçidlə bağlı ideyalar çox ola bilər. Birinci hesab edirəm ki, məktəblərdə sinif otaqları artırılmalıdır. İkincisi artırılan sinifdə hansı fənlərin tədris olunacağı ilə bağlıdır. Tədris planı bəyan olunmalıdır ki, şagirdlərə hansı dərslər keçiriləcək. Üçüncüsü isə hesab edirəm ki, dərsi deyəcək müəllimlərlə bağlı olmalıdır.

Yəni müəllim korpusu hazırlanmalıdır. Bunlar hazırlandıqdan sonra və təhsildə olan çoxlu sayda müxtəlif səbəblərdən olan qüsurlar tamamilə aradan qaldırıldıqdan sonra tədris bir il də artırıla bilər. Bu qüsurlar təhsilin çiynində olduğu halda əlavə yük götürməyə ehtiyac yoxdur. Bu, gələcək üçün gözəl ideyadır, lakin bu gün üçün nəzərdə tutulmamalıdır. İdeya kimi bəyənirəm bu fikri, ancaq bunu növbəti illərdə nəzərdə tutmaq olar. Ən azından  yaxın illərdə qüsurlar aradan qaldırılmalıdır və bu addım yalnız bundan sonra gerçəkləşdirilməlidir".
0 0

Şərhlər

Oxşar xəbərlər