Bakı məktəbində şagird döyülüb, araşdırma başladı
21-01-2023, 11:01
405

Bakı məktəbində şagird döyülüb, araşdırma başladı

Bakıda məktəbin həyətində şagird bir qrup şəxs tərəfindən döyülüb.

TehsilForumu.Az - ın əldə etdiyi məlumatına görə, hadisənin paytaxtın 27 saylı tam orta məktəbində baş verdiyi iddia olunur.

Belə ki, həmin məktəbin şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) bir qrup şəxs tərəfindən döyülüb:

"Bir neçə gün öncə övladım və təhsil aldığı həmin məktəbin şagirdi aralarında münaqişə yarandığı üçün dalaşıblar. Daha sonra məktəbin müəllimləri bunları barışdırmağa çalışsa da, qarşı tərəf öldürəcəm, vuracam kimi ifadələr işlədərək övladımı təhdid edib. Dəfələrlə məktəbə gedib buna görə narahat olduğumu bildirdim, "narahat olma hər şey qaydasındadır" deyib məni yola saldılar. 18.01.2023-cü il tarixində övladım əsas korpusdan çıxıb növbəti dərs üçün arxa korpusa gedərkən məktəbin həyətində həmin şəxsin böyük qardaşı, qohumu, cangüdəni və sürcüsü övladıma məktəbin kameraları qarşısında bu cinayəti törətmişdirlər. Qarşı tərəfin kim olduğu guya təhsil aldığı məktəbə məlum deyil. Bu şəxs məktəbi və polisi belə saymır. Görüntülər məktəb rəhbərliyində olsa da, mənə vermirlər", - deyə valideyn iddiada qeyd edib.

Məsələ ilə bağlı Bakı şəhəri 27 nömrəli tam orta məktəbdən "Tehsil.biz"ə verilən məlumata görə, 13.01.2023-cü il tarixində tənəffüs zamanı məktəbin VIII sinif şagirdi ilə VI sinif şagirdi (müvafiq səbəblərə görə şagirdlərin adları qeyd olunmur) arasında anlaşılmazlıq yaranıb.

"Məktəb rəhbərliyi, psixoloq və sinif rəhbərinin iştirakı ilə məsələyə müdaxilə olunub. Hər iki şagirdlə və valideynləri ilə söhbət aparılıb, münasibətlərin tənzimlənməsinin zəruriliyi ilə bağlı tövsiyələr verilib.

Tərəflər arasında razılıq əldə olunsa da, VI sinif şagirdi aldığı fiziki təzyiqə görə gərginliyi davam etdirib. 18.01.2023-cü il tarixində tənəffüs zamanı (V dərsdən sonra) VI sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) qardaşı ilə birgə növbəti dərs üçün digər korpusa gedən VIII sinif şagirdinə yaxınlaşaraq ona fiziki təzyiq göstəriblər. Həmin məktəblinin valideyni məsələ ilə bağlı hüquq-mühafizə orqanına müraciət edib.

Təhsil müəssisəsi rəhbərliyi tərəfindən dərhal lazımi addımlar atılıb.

Hazırda məsələ ilə bağlı araşdırma aparılır", - məktəbin məlumatında qeyd olunur.
0 0

Şərhlər

Oxşar xəbərlər