Rəsmi
10-12-2021, 18:46
560
Gənc müəllimlərlə görüş keçirilib
TehsilForumu.Az xəbər verir ki, Ağcabədi rayonunda gənc müəllimlərlə görüş keçirilib.
Görüşdə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov, Azərbaycan Gənc Müəllimlər Assosasiyasının (AGMA) Ağcabədi rayonu üzrə koordinatoru, Ağcabədi rayon 9 nömrəli tam orta məktəbin fizika müəllimi Vüsalə Əliyeva və müəllimlər iştirak ediblər.
Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov son illər müəllimlərin stimullaşdırılması, peşəkarlığının artırılması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində də məqsədyönlü tədbirlərin həyata keçirilməsindən danışıb. Hər il gənc müəllimlərin sayının daha da artmasının gənclərin müəllimlik peşəsinə olan marağından xəbər verdiyini bildirib.
AGMA-nin uğurlu fəaliyyətindən bəhs edən Eşqi Bağırov gənc müəllimlərin ucqar kəndlərdə işləməsinə maraq göstərməsini təqdirəlayiq hal hesab etdiyini diqqətə çatdırıb.
Daha sonra AGMA-nın Ağcabədi rayonu üzrə koordinatoru, Ağcabədi rayon 9 nömrəli tam orta məktəbin fizika müəllimi Vüsalə Əliyeva AGMA-nın fəaliyyəti, assosiasiyaya üzvlük, perspektivlər, yaradılacaq imkanlar barədə ətraflı məlumat verib.
Gənc müəllimlər də öz növbəsində onlara göstərilən diqqətə görə minnətdarlıqlarını bildirib və bundan sonra da fəaliyyətlərini uğurla davam etdirəcəklərinə əminliklərini ifadə ediblər.
Sonda gənc müəllimləri maraqlandıran suallara aydınlıq gətirilib.
Şərhlər