Təhsil naziri kadrları qohumluq prinsipi əsasında seçmir – Ekspertdən şəffaf faktlar
9-12-2021, 07:25
312

Təhsil naziri kadrları qohumluq prinsipi əsasında seçmir – Ekspertdən şəffaf faktlar

“Təhsil Nazirliyinə təyinatda yeganə meyar qohumluq, dostluq və tanışlıq kimi münasibətlər deyil”.
 
TehsilForumu.Az xəbər verir ki, bu sözləri açıqlamasında təhsil eksperti Kamran  Əsədov deyib.
 
Belə ki, millət vəkili,  Etibar Əliyev mətbuata açıqlamasında  təhsil sektorlarında çalışan şəxslərin dostluq, qohumluq, sinif-tələbə yoldaşı prinsipi ilə  işə təyin olunduğunu deyib.
 
Kamran Əsədov onun bu fikrinə münasibət bildirib:   
 
“Qeyd edim ki, Etibar Əliyevin uzun illər təhsil sistemində çalışması, maarifçiliyə aid kitablar yazmazı, məqalələr nəşr etməsi, təhsilin inkişafı ilə bağlı təkliflər verməsi onun bu sahədə təcrübəli şəxs olmasını göstərir. Etibar müəllim həmişə millət vəkili və İctimai Şura üzvü kimi təhsil sahəsində mövcud problemləri bu tribuna və mətbuatdan səsləndirib.
 
Etiraf edək ki, 2013-cü ildən sonra Azərbaycan təhsilində inqilabi yeniliklər baş verib. İllərdən bəri yığılıb qalan problemlərin birdən-birə həllini gözləmək əlbəttə ki, sadəlövhlük olardı. Həmin ildən 2021-ci ilə qədər ölkə təhsilini idarə edən 3 nazir dəyişib və bu 8 il ərzində əsasən, vahid islahat xətti qorunub saxlanıb.
 
Əlbəttə ki, Etibar müəllimin Təhsil Nazirliyi sistemində çalışanlarla bağlı dediklərində müəyyən həqiqətlər mövcuddur. Belə ki, bir neçə ildir ki, strateji siyasi postlara təyinatda nazirliyə yaxın olan şəxslər işə qəbul edilib. Amma bu, o demək deyil ki, Təhsil Nazirliyində bütün vəzifələrə təyinatda yeganə meyar ancaq qohumluq, dostluq və tanışlıq kimi münasibətlərdir”.
 
Təhsil eksperti bu təyinatların səbəbini izah edir:
 
“Oturuşmuş idarəetmə sistemi yenicə təşəkkül tapan Təhsil Nazirliyində nazir tanıdığı və etibar etdiyi şəxsləri vəzifəyə təyin etməyə məcburdur. Təhsil Nazirliyi strukturunda korrupsiya və rüşvətin yenicə yığışdırıldığı dövrdə mövcud statusu qorumaq üçün nazirin yaxından tanıdığı kadrları işə təyin etməsi məcburiyyətdən doğan haldır.

Gənc Təhsil naziri Emin Əmrullayev təbii ki, kadrlarını qohumluq prinsipinə əsasən deyil, ölkədə və xaricdə təhsil aldığı, ali məktəbdə dərs dediyi və müxtəlif vəzifələrdə çalışdığı zaman tanış olduğu insanlar arasından seçib.
 
Ümumiyyətlə, hazırkı dövr üçün müvəqqəti olaraq nazirin əsas vəzifələrə məhz tanıdığı adamlar arasından kadr seçimi aparması təhsilin inkişafına ciddi maneə törətmir. Son 8 il ərzində Təhsil Nazirliyinə dövlət qulluğu imtahanında iştirak edib uğur qazanaraq işə qəbul edilənlər ümumi işə qəbul edilənlərin 60 faizini təşkil edib. Yəni strateji siyasi vəzifələr istisna olmaqla, digər vəzifələrə qəbul birbaşa müsabiqə və müsahibə yolu ilə həyata keçirilib.
 
Məktəb direktorlarının təyinatı sırf nazirin səlahiyyətində olan məsələ olsa da, uzun illərdir ki, bu, təşkil edilən komissiya tərəfindən 3 mərhələ üzrə namizədlərə verilən minimum bala əsasən reallaşır. O cümlədən Bakı şəhəri üzrə direktor müavinlərinin vəzifələrə təyinatı tam şəffafdır.
 
Etiraf edək ki, son 8 ildə Təhsil Nazirliyinin aparatında rüşvət halları tamamilə yoxa çıxıb. Bunun da əsas səbəbi məhz təhsili idarə edən şəxslərin etibar etdiyi, inandığı şəxsləri təyin etməsi hesabına başa gəlib. Ən əsası isə nazirin və nazirliyi idarə edən məmurların ölkədə yüksək balla ali məktəblərə qəbul edilən, dövlət proqramı ilə xaricdə təhsil alan gənclər arasından təyin edilməsi, onların birinin digəri ilə tanışlığına səbəb olmasından asılı olmayaraq uğurlu haldır”.
0 0

Şərhlər

Oxşar xəbərlər