Universitetlərdə istiliyin verilməsilə bağlı vəziyyət necədir? - SORĞU
15-11-2021, 20:28
503

Universitetlərdə istiliyin verilməsilə bağlı vəziyyət necədir? - SORĞU

Bu gündən Bakıda və ölkənin digər bölgələrində istilik mövsümü başlayıb. 

Tehsil.biz xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən noyabrın 15-dən Bakıda və digər ərazilərdə (dağlıq və dağətəyi rayonlar istisna olmaqla) istilik verilir.

Bu səbəbdən universitetlərin payız-qış mövsümünə hazırlığı, universitetlərdə istilik sistemlərinin fəaliyyəti ilə bağlı bir neçə ali təhsil müəssisələri arasında sorğu keçirdik.



Bakı Dövlət Universitetinin (BDU) mətbuat xidmətinin rəhbəri Günel Orucəliyeva "Tehsil.biz"ə açıqlamasında bildirib ki, Bakı Dövlət Universitetində payız-qış mövsümü ilə bağlı hazırlıq tədbirlərinə hələ oktyabrın əvvəlindən başlanılıb: "Havaların soyuq və yağmurlu keçməsi ilə əlaqədar universitetdə vaxtından əvvəl istiliyin verilməsi ilə bağlı məsələ diqqət mərkəzində saxlanılıb. Noyabr ayının 1-dən etibarən universitetin bütün korpuslarına istilik verilib. Onu da qeyd edim ki, ali məktəbdə mərkəzləşdirilmiş istilik sistemi mövcuddur, istilik təchizatı sahəsində heç bir problem yoxdur".



Azərbaycan Texniki Universitetinin (AzTU) mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova "Tehsil.biz"ə açıqlamasında deyib ki, bütün ölkə üzrə olduğu kimi, Azərbaycan Texniki Universitetində də noyabrın 15-dən istilik sistemləri istifadəyə verilib: "Bununla bağlı bütün lazımi işlər görülüb. İstilik xətlərinin yoxlanılması və digər müvafiq prosedurlar həyata keçirilib. Universitet istiliklə tam bərpa olunub".



Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) mətbuat xidmətinin rəhbəri Ayşən Hüseynova "Tehsil.biz"ə açıqlamasında bildirib ki, təhsil müəssisəsində istilik sistemləri ilə bağlı problem yoxdur: "Universitetdə hal-hazırda qışa hazırlıq prosesləri başa çatıb. İstilik sistemləri yoxlanılıb, hazır vəziyyətə gətirilib və bütün otaqlar istiliklə təmin edilib".



Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasından (AƏSMA) "Tehsil.biz"ə istilik probleminin yaşanmadığı bildirilib: "Akademiya bütünlüklə istiliklə təmin olunub. İstilik sistemləri sazlanıb, işlək hala gətirilib və bütün otaqlar normal temperaturla təmin edilib".



Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətinin rəhbəri Günel Aslanova "Tehsil.biz"in sorğusuna cavab olaraq bildirib ki, universitetdə qazanxanalar tam işlək vəziyyətdədir: "Universitetin mərkəzi qazanxanası, 2 saylı tədris binasının və İnzibati binanın qazanxanası, Elmi-Tədqiqat Mərkəzinin qazanxanası və mərkəzi qazanxananın nəzdində tikilən yeni qazanxanası var. Qış mövsümü 15 noyabr 2021-ci il tarixindən başlayıb. Tədris binalarında, yataqxanalarda və İnzibati binada yerləşən radiatorların və vintillərin içi təmizlənib, yuyulub, yoxlanılıb, təzələnib. Hal-hazırda qazanxanalar verilən qazın təzyiqi ilə bütün binaların qızdırılmasında tam gücü ilə işləyir. Binalarda, yataqxanalarda, klinikalarda, Elmi-Tədqiqat Mərkəzində istilik yüksək səviyyədədir. Qaz təzyiqi belə davam etsə, qış mövsümündə təhsil ocağını yüksək keyfiyyətdə istiliklə təchiz edəcəyik".



Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) mətbuat xidmətindən TehsilForumu.Az bildirilib ki, noyabr ayının 1-dən etibarən istilik sistemləri işlək hala gətirilib, akademiya istiliklə tam bərpa olunub.



Qərbi Kaspi Universitetinin mətbuat xidmətinin rəhbəri Vüsal Məmmədov "Tehsil.biz"ə açıqlamasında istilik sistemləri baxımından universitetdə heç bir problemin olmadığını bildirib: "Universitetimizdə istilik sistemləri işlək vəziyyətdədir. Oktyabr ayından etibarən tədris müəssisəsi istiliklə tam təmin olunub və hazırda bütün otaqlar normal temperaturdadır".



Lənkəran Dövlət Universitetinin (LDU) mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova "Tehsil.biz"ə açıqlamasında deyib ki, universitetdə istiliyin təchiz olunması ilə bağlı heç bir problem yoxdur, havaların soyuması ilə əlaqədar olaraq noyabr ayının 1-dən bütün tədris korpuslarında, yataqxanada istilik sistemi işə salınıb, normal istilk verilir.
0 0

Şərhlər

Oxşar xəbərlər