Cənab Ərdoğanın andiçmə mərasimi keçirildi - Cənab İlham Əliyev də iştirak etdi
4-06-2023, 07:40
368

Cənab Ərdoğanın andiçmə mərasimi keçirildi - Cənab İlham Əliyev də iştirak etdi

İyunun 3-də Türkiyə Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilmiş Rəcəb Tayyib Ərdoğanın inaqurasiya mərasimi keçirilib.


TehsilForumu.Az  xəbər verir ki, Rəcəb Tayyib Ərdoğanı inaqurasiya mərasiminin keçirildiyi Türkiyə Böyük Millət Məclisində parlamentə sədrlik edən Dövlət Bağçalı qarşılayıb.


Dövlət Bağçalı Rəcəb Tayyib Ərdoğanın Türkiyə Respublikasının Prezidenti seçilməsinə dair protokolu ona təqdim edib.


Sonra Rəcəb Tayyib Ərdoğan and içib.


Türkiyə Böyük Millət Məclisindəki inaqurasiya mərasimindən sonra Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün mavzoleyini – Anıtqəbri ziyarət edib.


Dövlət başçısı Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoyub, xatirəsini ehtiramla yad edib.


Türkiyə Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Prezident Rəcəb Tayyib Ərdoğan Anıtqəbrin Xatirə kitabını imzalayıb.


Bakı vaxtı ilə saat 19:00-da Ankarada “Külliye” Prezident Sarayında Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlama mərasimi keçirilib.

Həmin mərasimdə 21 dövlət başçısı, 13 Baş nazir və bir sıra nazirlərlə yanaşı, aralarında Türk Dövlətləri Təşkilatı, NATO və İslam Əməkdaşlıq Təşkilatı da olmaqla, beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.


Ərdoğanın səlahiyyətlərinin icrasına başlama mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak edib.


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan mərasimdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevi, birinci xanım Mehriban Əliyevanı, digər dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini salamlayıblar.
Mərasimdə Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün, şəhidlərin və fevralın 6-da baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.


Sonra Türkiyə Respublikasının Dövlət Himni – “İstiqlal Marşı” səsləndirilib.


Rəcəb Tayyib Ərdoğan çıxış edərək yenidən Prezident vəzifəsinə seçilməsi üçün ona etimad göstərən seçicilərə minnətdarlığını bildirib. Mayın 28-də keçirilmiş seçkilərdə millətin iradəsinin əksini tapdığını, “Türkiyə yüzilliyi”nin başladığını və ölkənin sıçrayış mərhələsinin qapılarının açıldığını vurğulayan Prezident Ərdoğan siyasi və dini baxışlarından, etnik mənsubiyyətindən asılı olmayaraq, 85 milyonluq əhalinin etimadını boşa çıxarmamaq üçün səylə çalışacaqlarını qeyd edib. Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümündə sarsılmaz həmrəyliyə daha böyük ehtiyac duyulduğunu diqqətə çatdıran dövlət başçısı bu gün elan olunacaq yeni hökumətlə birlikdə “Türkiyə yüzilliyi” istiqamətində səylə çalışacaqlarını bildirərək deyib: “Gün bir olmaq, bərabər olmaq, min illik qardaşlığımızı daha da möhkəmləndirmək günüdür. Gün övladlarımızın aydın sabahlarına sahib çıxmaq günüdür... Birlikdə “Türkiyə yüzilliyi”nin inşası üçün çiyin-çiyinə çalışmalıyıq”.


Türkiyə demokratiyasının bütün azadlıqların əksini tapdığı, mütərəqqi və əhatəli Konstitusiya ilə gücləndiriləcəyini qeyd edən Rəcəb Tayyib Ərdoğan növbəti beş il ərzində Türkiyə Respublikasının şanını və şərəfini qorumaq, etibarını artırmaq və adını dünyada daha da ucaltmaq üçün var gücü ilə çalışacaqlarını vurğulayıb.

Prezident Rəcəb Tayyib Ərdoğan səlahiyyətlərinin icrasına başlaması mərasimində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevə, digər dövlət, hökumət başçılarına və qonaqlara bir daha minnətdarlığını bildirib.


Sonra “Qurani-Kərim”dən ayələr oxunub, dualar edilib.


Xatırladaq ki, Türkiyədə Rəcəb Tayyib Ərdoğan Prezident seçkilərinin mayın 28-də keçirilmiş ikinci turunda 27 milyon 834 min 589 səslə (52,18 faiz) qalib gəlib
0 0

Şərhlər

Oxşar xəbərlər