Sertifikasiya ilə bağlı nə dəyişib? - Müəllimləri narahat edən suallara CAVAB - RƏSMİ
15-03-2023, 15:40
3 108

Sertifikasiya ilə bağlı nə dəyişib? - Müəllimləri narahat edən suallara CAVAB - RƏSMİ

Sosial şəbəkələrdə bir çox müəllim sertifikasiya prosesi ilə bağlı müxtəlif suallar verir.


“Sertifikasiya prosesinin 2-ci mərhələsindən keçid balını toplamayan təhsil işçiləri yenidən hər iki mərhələdə iştirak etməlidir?”;

“Sertifikasiya ilə bağlı qeydiyyatdan keçmək üçün hansısa portal var?";

"Bu il prosesdə hansı dəyişiklik var?”... 


TehsilForumu.Az xəbər verir ki , AzEdu.az bu sualları aydınlaşdırmaq üçün Elm və Təhsil Nazirliyinə müraciət edib:
 

Nazirlikdən sorğumuza cavab olaraq bildirilib ki, bu il qaydalarda dəyişiklik edilməyib.

Sertifikatlaşdırma iki mərhələdən yəni, test və müsahibə mərhələsindən ibarətdir. Sertifikasiyanın test imtahanı zamanı müəllimlərə 120 dəqiqə vaxt verilir. Bu müddətdə onlar 60 suala (50 ixtisas, 10 metodika) cavab verməlidirlər.

Hər sualın düz cavabı 1 bal qiymətləndirlir. Səhv cavablandırılan suallar toplanan baldan çıxılmır.

Test mərhələsində azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə buraxılırlar. Müsahibə mərhələsində hər bir təhsilverənə 20 dəqiqə vaxt ayrılır.

Müsahibə mərhələsi müəyyən edilmiş meyarlar əsasında maksimum 40 (qırx) balla qiymətləndirilir. Müsahibə zamanı müəllimlərin aşağıdakı bacarıqları yoxlanılır:

- mövzunu təqdimetmə bacarığı;

- təhsilalanları qiymətləndirmə bacarığı;

- özünü təqdimetmə bacarığı;

- pedaqoji prosesi təşkiletmə bacarığı;

- ünsiyyət bacarığı.


Hər bir meyar 4 ballıq şkala əsasında ölçülür.


Müsahibə mərhələsində azı 20 bal toplamış təhsilverənlər həmin mərhələdən keçmiş hesab edilirlər. 


Sertifikatlaşdırmanın test imtahanı mərhələsində keçid balını toplamayan şəxslər təkrar sertifikatlaşdırmada iştirak etməlidir.

Test imtahanında keçid balını toplayan, ancaq müsahibə mərhələsində uğur qazanmayan şəxslər isə yenidən müsahibə mərhələsində iştirak etməlidirQaydalara görə, sertifikatlaşdırmanın keçirilmə yerini, vaxtını və ixtisasları Nazirlik müəyyən edir və altsistemdə yerləşdirir.

Nazirliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsi, regional təhsil idarələri altsistemdə sertifikatlaşdırmada iştirak edəcək təhsilverənlərin qeydiyyatını aparır və həmin təhsilverənlərin müəyyənləşdirilmiş vaxtda sertifikatlaşdırmada iştirakını təmin edirlər. 

 

Qeydiyyatdan keçmiş hər bir təhsilverən üçün altsistemdə “Şəxsi kabinet” açılır və kabinetin şifrəsi təhsilverənin əlaqə vasitələrinə (mobil telefonuna və ya elektron poçt ünvanına) göndərilir. Təhsilverənlər sertifikatlaşdırma ilə bağlı məlumatları (sertifikatlaşdırmanın keçirilmə vaxtı və yeri barədə, yaddaş kitabçası və s.) “Şəxsi kabinet” vasitəsilə əldə edirlər. Sertifikatlaşdırmanın keçirilməsinə ən azı 1 (bir) ay qalmış onun vaxtı və yeri barədə bildiriş “Şəxsi kabinet”ə göndərilir. Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş təhsilverənlərə bu bənddə göstərilən məlumatlar təhsil müəssisələri tərəfindən şəxsən təqdim olunur.
Müsahibənin nəticələri onun keçirildiyi tarixdən 5 (beş) iş günü müddətində elan edilir və təhsilverənlərin sertifikatlaşdırma üzrə ümumi nəticələri onların “Şəxsi kabinet”inə göndərilir.


Xatırladaq ki, bu il ölkə üzrə ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimlərinin sertifikasiyası həyata keçirləcək.



0 0

Şərhlər

Oxşar xəbərlər