Nazirlikdən maaşları artan müəllimlərə çağırış ....
12-03-2023, 11:04
1 046

Nazirlikdən maaşları artan müəllimlərə çağırış ....

Xəbər verdiyimiz kimi, ölkə Prezidentinin 23 fevral tarixli sərəncamı ilə büdcədən maliyyələşən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları 2023-cü il fevralın 1-dən 10 faiz artırılıb.

Nazirlər Kabineti sərəncamdan irəli gələn vəzifələrin həlli üçün müvafiq qərarlar imzalayıb. Həmin qərarlara əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin aylıq vəzifə maaşları sxemi dəyişib.

TehsilForumu.Az xəbər verir ki, bu dəyişikliklərdən sonra dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlər yeni sxemə əsasən əməkhaqqının hesablanması üçün Elm və Təhsil Nazirliyinin saytındakı onlayn kalkulyator xidmətindən istifadə etməyə çalışıblar.

Lakin məlum olub ki, onlayn kalkulyator xidməti işləmir. Sosial şəbəkələrdəki təhsil səhifələrində müəllimlər bununla bağlı narazılıqlarını ifadə ediblər.

Elm və Təhsil Nazirliyi bildirib ki, dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin istifadəsi üçün nəzərdə tutulmuş əmək haqqı kalkulyatoru xidmətində hazırda yenilənmə işlər aparılır.


“Bu səbəbdən kalkulyatordan istifadə müvəqqəti olaraq əlçatan olmayacaq, nəzərə almağınızı xahiş edirik”, - deyə Nazirlik müəllimlərə çağırış edib.
0 0

Şərhlər

Oxşar xəbərlər