Gürcüstanın təhsil və elm naziri Azərbaycanda səfərdədir
25-10-2022, 07:46
225

Gürcüstanın təhsil və elm naziri Azərbaycanda səfərdədir

Oktyabrın 24-dən Gürcüstanın təhsil və elm naziri Mixail Çxenkeli Azərbaycanda səfərdədir.

TehsilForumu.Az  xəbər verir ki, səfər çərçivəsində Mixail Çxenkeli Fəxri xiyabanı ziyarət edərək ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyub. Nazir görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarını ziyarət edib. Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi anılıb, məzarları üzərinə qərənfillər düzüb.

Daha sonra nazir Bakı Avropa Liseyini ziyarət edib, müəssisədə yaradılan şəraitlə tanış olub, liseyin rəhbərliyi ilə görüşərək iki ölkənin ümumi təhsil müəssisələri arasında əməkdaşlığın perspektivlərini müzakirə edib.

Mixail Çxenkeli həmçinin Bakı Dövlət Universitetini (BDU) ziyarət edərək rektor Elçin Babayevlə görüşüb. Görüş zamanı BDU-nun Gürcüstanın ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq əlaqələrinin mövcudluğu vurğulanıb və daha da genişləndirilməsinə dair təkliflər səsləndirilib.

Ziyarət çərçivəsində nazir BDU-da gürcü dilini öyrənən tələbələrlə görüşərək onların suallarını cavablandırıb və tələbələrin gürcü dili üzrə bilik səviyyəsindən məmnunluğunu ifadə edib.

Həmin gün Gürcüstanın təhsil və elm naziri Mixail Çxenkeli Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayevlə görüşüb. Görüş zamanı təhsil sahəsində müxtəlif istiqamətlər üzrə əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub. Gürcüstanda yerləşən tədris Azərbaycan dilində aparılan məktəblər və ölkəmizdə tədris gürcü dilində aparılan məktəblər üçün hər il həyata keçirilən dərsliklərin mübadiləsi yüksək qiymətləndirilib.

Tərəflər müvafiq olaraq gürcü və Azərbaycan dillərində tədrisin təkmilləşdirilməsi, pedaqoji heyət üçün ixtisasartırma təlimlərinin təşkili, habelə iki ölkənin ali təhsil müəssisələri arasında birbaşa əlaqələrin genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıblar.
0 0

Şərhlər

Oxşar xəbərlər