İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru GEANT-ın Baş Assambleyasının iclasında iştirak edib
28-11-2021, 10:59
272

İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru GEANT-ın Baş Assambleyasının iclasında iştirak edib

TehsilForumu.Az xəbər verir ki, GEANT-ın Baş Assambleyasının 25-ci onlayn iclası keçirilib. İclasda AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev və “AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev iştirak ediblər.


İnstitutdan bildirilib ki, onlayn tədbirə Avropa, eləcə də Şərq Tərəfdaşlığı ölkələrinin tədqiqat və təhsil şəbəkələrindən 70-dən çox nümayəndə qoşulub.
İclasın birinci günündə idarə heyətinə seçkilər keçirilib və nəticələr açıqlanıb.
GEANT Assosiasiyasının direktoru Erik Huizer qeyd edib ki, iclasın gündəliyi idarə heyətinin müzakirələri və nümayəndələrin rəylərinə əsasən hazırlanıb.

Tədbirdə iştirakçılara təsdiq olunmuş strategiyaya uyğun olaraq 2022-ci il üçün fəaliyyət hədəflərinin müəyyən edildiyi sahələr təqdim edilib. Eləcə də üzvlük məsələləri müzakirə olunub və Baş Assambleyanın nümayəndəlik üzvləri ilə bağlı edilən dəyişikliklər iştirakçıların diqqətinə çatdırılıb.
İclasda əsas proqramlar üzrə icraçı Metyu Skott GN5 Konsorsium Sazişi (CA) haqqında məlumat verib. Qeyd edib ki, CA Avropa Komissiyası tərəfindən maliyyələşdirilən layihələrdə tərəfdaşların birlikdə necə fəaliyyət göstərməli olduqlarının əsasını müəyyən edir.
Sonra tədbirdə əvvəlki illər üçün maliyyə icmalı təqdim edilib, eləcə də GEANT Assosiasiyasının 2022-ci il üçün fəaliyyət planı və büdcəsi təsdiq olunub. Abunəlik və üzvlük haqqı, xidmətlər siyahısı haqqında məlumat verilib.

İclasın ikinci günündə əsasən layihələrdə və GEANT icma proqramında ən son yeniliklər haqqında məlumat təqdim olunub. İştirakçılar GEANT icma proqramı və innovasiya proqramında son yeniliklər haqqında məlumatlandırılıb. 2021-ci il üzrə GEANT icra proqramında xüsusi maraq qrupları və keçirilən iclaslar haqqında məlumat verilib.

Daha sonra GN5-1 layihəsinin inkişaf mərhələləri diqqətə çatdırılıb. GEANT idarəetmə heyətinin üzvləri Matthev Skot və Raymundas Tuminauskas layihənin hazırlanma qrafiki, işçi paketinin strukturunu və rəhbərlərinin seçilməsi prosesini təqdim ediblər.
GN4-3/GN4-3N layihəsində Nəzarət Komitəsinin yenilənməsi və bu layihələrdə əsas nailiyyətlər haqqında məlumatlar iclas iştirakçılarının nəzərinə çatdırılıb. GPPC layihəsində yeniləmələr, prosesin xüsusiyyətləri, GN5-1 layihəsinin hazırlanmasının təfərrüatlı qrafiki, əsas idarəetmə qərarları təqdim edilib.

“AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri Babək Nəbiyev GEANT və onun üzvləri arasında rəsmi müqavilənin bağlanması təklifi ilə çıxış edib. Bildirilib ki, yaxın zamanda bu istiqamətdə işlərin aparılması nəzərdə tutulur.
Onlayn tədbirin sonunda Baş Assambleyanın 2022-ci ildə keçiriləcək iclaslarının tarixi və məkanı barədə məlumat verilib.
Qeyd edək ki, Baş Assambleya GEANT-ın ən yüksək idarəetmə orqanıdır. Üzv təşkilatların nümayəndələri ildə ən azı iki dəfə görüşürlər.
0 0

Şərhlər

Oxşar xəbərlər