Bakıda 5-ci sinif şagirdini kimlər qaçırıb? – TƏFƏRRÜAT
26-11-2021, 07:25
480

Bakıda 5-ci sinif şagirdini kimlər qaçırıb? – TƏFƏRRÜAT

TehsilForumu.Az məlumat verir ki, Ötən gün ölkə ictimaiyyəti daha bir azyaşlının oğurlanaraq qaçırılması xəbəri ilə sarsıldı. Bu dəfə yenə hadisə orta ümumtəhsil müəssisəsini önündə yaşanmışdı. Saat 18 radələrində nəvəsi Z.Q. 188 saylı tam orta məktəbdən çıxıb qardaşını axtararkən naməlum şəxs onu zorla avtomobilə mindirərək ərazidən uzaqlaşıb. Hadisə ilə bağlı daha ətraflı məlumat toplamaq üçün bu gün sözügedən məktəbin önündəyik və eşitdiklərimizi sizlərlə bölüşəcəyik.


188 saylı məktəbin direktoru Sabir Mahmudovun sözlərinə görə, hadisənin təfərrüatları ilə bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsinə məlumat verilib:

“Bütün məlumatları oradan ala bilərsiniz. Bununla bağlı deməyə sözüm yoxdur. Məktəbin təhlükəsizlik kameraları işləyir. Hadisənin gedişi ilə bağlı hüquq mühafizə orqanları da məlumatlıdır. Məktəb daxilində baş verməyib. Məktəbdən kənarda olub. Daha aydın danışa bilmərəm. Hüquq mühafizə orqanları araşdırır”.

Məktəbin direktoru Sabir Mahmudov deyir ki, azyaşlının heç bir problemi olmayıb. Məktəbin mühafizəçisi olmasa da, direktor təhsil ocağında diqqətdən kənarda qalan bir hadisənin baş vermədiyini bildirir: “Əgər siz uşaqların gəlib-getmə məqamını da çəksəniz görərsiniz ki, hər şey təşkilatlanmış qaydada olur hər gün. Mühafizə xidmətimiz yoxdur. Uşaq 5-ci sinif şagirdidir. Yaxşı uşaqdır. Bacı qardaş bir sinifdə oxuyurlar. Valideynləri də məsuliyyətlidir. Atası işdə olmayanda özü gəlir aparır. Uşaq özü da yaxşı oxuyur. Sosial şəbəkələrdə qeyd olunub ki, təhlükəsizlik kameraları işləmir. Bu yanlış informasiyadır. Məktəb haqqında daha ətraflı valideynlərdən də soruşa bilərsiz”.
Sabunçu rayonu Pirşağı qəsəbəsində şəhid Ümüdvar Əliyev küçəsindəki 188 saylı məktəbin direktoru Sabir Mahmudovla ayaqüstü görüşüb onu dinlədikdən sonra üz tutduq 11 yaşlı şagirdin yaşadığı məhəlləyə.

Bir neçə dəqiqə gözlədikdən sonra azyaşlının nənəsi Mədinə Hüseynova ilə görüşdük. Çəkilişə razılaşmadı, ötən gündən etibarən ailənin sarsıldığını dilə gətirən nənə şifahi olaraq bildirdi ki, 188 məktəbdə onun 3 nəvəsi təhsil alır. Yaşadıqları məhəllədən təxminən 10 dəqiqəlik məsafədə yerləşən bu təhsil ocağında uşaqların təhlükəsizliyi daim qorunub. Mədinə Hüseynova bildirir ki, məsafə yaxın olduğundan nəvələri məktəbə özləri gəlib-gedir. Nadir hallarda isə onların ardınca nənə-baba və yaxud valideynləri gedir. Ötən gün oğurlanan nəvəsi ilə qardaşı isə eyni sinifdə oxuduğundan valideynləri onlardan daha arxayındırlar. Azyaşlının nənəsi onu da əlavə etdi ki, qızın ailəsində heç bir ciddi problemi yoxdur. Həyat yoldaşı ilə birgə 4 övlad böyüdürlər. Valideynlər işlədiyindən Mədinə Hüseynova qızının övladlarına baxır. Ailə uzun müddətdir Pirşağı qəsəbəsi 2 saylı savxoz ərazisində yaşayır və heç kimlə münaqişəli münasibətləri yoxdur. Bundan başqa, azyaşlının nənəsi deyir ki, ötən gündən etibarən hüquq mühafizə orqanları hadisə ilə bağlı araşdırmalarını davam etdirir.

DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev isə APA TV-yə açıqlamasında bildirib ki, Nazirlik bütün müraciətlərə diqqətlə və həssas yanaşır. Məktəblərdə təhlükəsizliyin qorunması məqsədi ilə ərazi polis orqanları ilə qarşılıqlı iş aparılır. Polis əməkdaşları xidmətə cəlb olunan naryad qrupları tərkibində məktəblərin ətrafında, eyni zamanda məktəblərlə kəsişən küçə və prospektlərdə, həmçinin təkcə orta təhsil müəssisələrinin deyil, ali təhsil müəssisələrinin də yerləşdiyi intensiv hərəkət olan ərazilərdə nəzarət profilaktik tədbirləri həyata keçirirlər: “Hazırda ümumən qeyd eləmək olar ki, ölkə ərazisində fəaliyyət göstərən orta ümumtəhsil müəssisələrində vəziyyət təhlükəsizlik baxımdan yüksək səviyyədə təşkil olunur. Bu işin təşkili, aparılması gündəlik olaraq fəaliyyətin tərkib hissəsidir. Ötən gün azyaşlının qaçırılması cəhdi ilə bağlı məsələ ilə bağlı onu qeyd etmək istərdim ki, həmin fakt üzrə yayılan məlumatlar dərhal DİN tərəfindən nəzarətə götürülməklə bütün zəruri tədbirlər müəyyən olunaraq icraya yönəldilib hazırda bu istiqamətdə tədbirlər davam etdirilir”.

Valideynləri diqqətli olmağa səsləyən DİN rəsmisi bildirib ki, İctimaiyyətə araşdırmanın nəticəsi ilə bağlı əlavə məlumat veriləcəkdir
Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov isə qeyd edib ki, məktəblərdə təhlükəsizlik məsələsi nazirlik üçün prioritetdir. Hər məktəbin giriş qapısında gözətçi və yaxud da təhlükəsizlik işinə baxan şəxs dayanır və hərəkəti nizamlayır. Kənar şəxslər məktəblərin həyətinə buraxılmır. Bir çox məktəblərdə təhlükəsizlik kameraları var. Bütün məktəblərin müvafiq təhlükəsizlik xidməti ilə təmin olunması Nazirlik üçün də vacib məsələdir və bu istiqamətdə müvafiq addımların atılması üzrə işlər gedir.
0 0

Şərhlər

Oxşar xəbərlər