
Rəsmi
24-11-2021, 11:30
489
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində günərzi qayğı mərkəzi yaradılıb
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və Azərbaycan Uşaqları İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin birgə təşəbbüsü çərçivəsində uşaqlar üçün Qəbələ günərzi qayğı mərkəzi yaradılıb.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən TehsilForumu.Az-a bildirilib ki, mərkəzin yaradılmasının əsas məqsədi çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışına dəstək göstərilməsidir. Eyni zamanda, uşaqların inkişafı, asudə vaxtının səmərəli keçirilməsi, yerli icma səviyyəsində sosial uyğunlaşması və inteqrasiya hüquqlarının təmin edilməsidir. Qayğı mərkəzində uşaqların fərdi ehtiyaclarına və bacarıqlarına uyğunlaşdırılmış kompleks tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulur.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin dayə ixtisası üzrə təhsil alan tələbələri yeni yaradılan mərkəzdə praktiki istehsalat təlimləri keçir, nəzəri dərslərdən öyrəndiklərini təcrübədə tətbiq edirlər. Həmçinin qənnadıçı, şirniyyatçı və aşpaz ixtisası üzrə təhsil alan tələbələr mərkəzin yeməkxanasında uşaqlar üçün şirniyyat və yeməklərin hazırlanması prosesində yaxından iştirak edirlər.
Qeyd edək ki, hazırda mərkəzdə 3-6 yaş və 6-12 yaş arası uşaqlardan ibarət iki qrup fəaliyyət göstərir.
Şərhlər