DİM-də keçirilən mətbuat konfransında qeyd olunun bəzi məsələlər haqqında ƏTRAFLI MƏLUMAT
28-02-2022, 14:54
394

DİM-də keçirilən mətbuat konfransında qeyd olunun bəzi məsələlər haqqında ƏTRAFLI MƏLUMAT

25 fevral 2022-ci ildə Dövlət İmtahan Mərkəzində keçirilən mətbuat konfransında səslənən və növbəti həftə ətraflı məlumat təqdim olunacağı qeyd olunun məsələləri təqdim edirik:

Sınaq imtahanlarının nəticələri haqqında məlumat

DİM tərəfindən 2022-ci ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsinin modelinə uyğun olaraq 2 dəfə - 19 dekabr 2021-ci il və 13 fevral 2022-ci il tariclərində sınaq imtahanları keçirilmişdir.

I sınaq imtahanında 3819 nəfər (I qrup üzrə 1138; II qrup üzrə 779; III qrup üzrə 1297 (onlardan DT alt-qrupu üzrə 1289; TC alt-qrupu üzrə 20); IV qrup üzrə 605), II sınaq imtahanında isə 3137 nəfər (I qrup üzrə 992; II qrup üzrə 623; III qrup üzrə 992 (onlardan DT alt-qrupu üzrə 985; TC alt-qrupu üzrə 9); IV qrup üzrə 530) iştirak etmişdir.

Qeyd edək ki, 2021-ci ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsində 67717 nəfər iştirak etmişdir (I qrup üzrə 26889; II qrup üzrə 15726; III qrup üzrə 20283; IV qrup üzrə 4819). Göründüyü kimi I sınaq imtahanında iştirak edənlərin sayı ötən il imtahanda iştirak edənlərin sayının 5.64%-ni, II sınaq imtahanında isə 4.63%-ni təşkil etmişdir. Qruplar üzrə bu göstəricilər bir qədər fərqlidir və yalnız IV qrup üzrə sınaq imtahanında iştirak edənlərin sayı ötən il IV qrup üzrə qəbul imtahanında iştirak edən abituriyentlərin sayının 10%-dən çoxunu təşkil edib.

Gözlənildiyi kimi, hər iki sınaq imtahanında ən yüksək nəticəni IV qrupun abituriyentləri əldə etmişlər (I sınaqda orta bal – 173.03, II sınaqda orta bal – 189.81). I, II və III qruplarda I sınaq imtahanında əldə olunan nəticələr, müvafiq olaraq, 119.40, 104.03 və 156.26 bala (DT altqrupunda 156.45, TC altqrupunda 110.72), II sınaq imtahanında, müvafiq olaraq, 151.02, 110.25 və 174.25 bala (DT altqrupunda 174.42, TC altqrupunda 164.10) bərabər olmuşdur. Bu nəticələri ötən ilki qəbul imtahanında toplanılan ballarla müqayisə etsək, görərik ki, I və II qruplar üzrə sınaq imtahanlarına orta və yüksək hazırlıqlı abituriyentlər, III və IV qruplar üzrə isə həm aşağı, həm orta, həm də yüksək hazırlıqlı abituriyentlər maraq göstərmişlər.

1031 abituriyent dekabr və fevral aylarında keçirilmiş sınaq imtahanlarının hər ikisində eyni ixtisas qrupu üzrə, 8 abituriyent isə fərqli qruplar üzrə iştirak etmişdir. Eyni ixtisas qrupu üzrə sınaq imtahanlarında iştirak edən 1031 abituriyentin fevral ayındakı imtahan nəticələri (riyazi gözləmə) dekabr ayındakı imtahan nəticələrinə nəzərən orta hesabla 16 bal artmışdır. Abituriyentlərin iki imtahan üzrə nəticələri arasında yüksək korrelyasiya (0.94) müşahidə olunmuşdur. Bu isə öz növbəsində bizə hər iki sınaq imtahanında təqdim olunan test tapşırıqlarının yüksək etibarlılığa malik olduğunu göstərir.
DİM tərəfindən həmçinin 2021-ci il 26 dekabr tarixində Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə yeni imtahan modelinə uyğun sınaq imtahanı keçirilmişdir. İmtahanda 988 nəfər iştirak etmişdir. İmtahan iştirakçılarının orta balı (riyazi gözləmə) 60.14 olmuşdur. Onların yarısı 62.17 baldan yuxarı nəticə göstərmiş və 69.33%-i isə ən azı 50 bal toplamışdır.

İmtahan proqramlarının məzmunu haqqında məlumat

2021-ci ilin qəbul imtahanları pandemiya şəraitində sərt karantin dövrünə təsadüf etdiyi və tədris prosesində çətinliklər yarandığı üçün Təhsil Nazirliyi ilə razılaşdırılaraq proqramların məzmunu sadələşdirilmişdi.

Fənn kurikulumuna görə fənlər üzrə məzmun xətləri aşağı siniflərdən başlayaraq 11-ci sinif də daxil olmaqla dəyişmir. Sadədən mürəkkəbə doğru məzmun standartlarının tələbləri dəyişir. Ona görə də mövzuların tədrisinə aşağı siniflərdən başlanılır və son sinifdə yekunlaşır.

Pandemiyaya görə ötən ilin qəbul imtahanı proqramları əsasən 10-cu sinfə qədərki materialları əhatə etmişdi. Hazırda tədris prosesi əyani formada əvvəlki qaydada bərpa olunduğu üçün ali təhsil müəssisələrinə qəbul imtahanları üçün proqramlar Təhsil Nazirliyi ilə razılaşdırılaraq pademiya dövründən əvvəlki kimi tərtib edilib. Bununla bağlı, cari dərs ilinin əvvəlində (oktyabr, 2021) fənlər üzrə işçi qrupları tərəfindən müzakirələr aparılmış və internet saytı vasitəsilə mütəmadi olaraq məlumat verilmişdir.

Proqramlarda yenilik əsasən coğrafiya fənni ilə bağlıdır. Ölkə Prezidentinin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü” haqqında Fərmanının vacibliyi nəzərə alınaraq, proqrama bununla bağlı mövzu daxil edilib. Mövzu hələ dərsliklərdə öz əksini tapmadığı üçün, onunla bağlı hazırlanmış material Azərbaycan və rus dillərində 2021-ci ilin oktyabr ayında saytda yerləşdirilmişdir.

Tarix fənnindən də ötən ilin qəbul proqramına salınmış II Qarabağ (Vətən) müharibəsinə aid material yeni redaktədə oktyabr ayından saytda yerləşdirilmişdir.

Göründüyü kimi, proqramın məzmunu və yeniliklər barədə dərs ilinin əvvəlindən məlumat verilib. Onu da qeyd edə bilərik ki, imtahan modeli dəyişməyib, ötən illərdə olduğu kimidir. DİM tərəfindən qəbul proqramlarının məzmunu və imtahan modelinə uyğun kağız daşıyıcılar və otk.az portalı vasitəsilə onlayn sınaq imtahanları da keçirilib və hazırda davam edir.
İmtahan materialları haqqında məlumat

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi”nin 6.2-ci bəndinə əsasən Mərkəz mülkiyyətində və istifadəsində olan əmlakın saxlanılması, qorunması və ondan səmərəli istifadə edilməsi üçün məsuliyyət daşıyır.

Həmin Nizamnamənin 6.7-ci bəndinə əsasən Mərkəzin əmlakı bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün istifadə edilə bilməz.

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin fəaliyyət istiqamətləri üzrə keçirilən test imtahanlarında istifadə olunan yoxlama-ölçmə materialları Mərkəzin sifarişi əsasında həmin materialları hazırlayan şəxslər arasında bağlanmış müqavilələr əsasında əvvəlcədən müəyyən edilən xidmət haqqı müqabilində hazırlanır.

Mərkəzin sifarişi əsasında hazırlanan bu materiallara olan bütün müstəsna istifadə hüquqları Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda müddətsiz olaraq Mərkəzə məxsusdur.

Qeyd edilənlərə əsasən Mərkəz mövcud materiallardan dəfələrlə istifadə etməklə həmin materialların hazırlanması üçün istifadə olunmuş resurslardan səmərəli və qənaətli istifadəni təmin edir. Mərkəz tərəfindən keçirilən imtahanlarda istifadə olunmuş materialların həmin imtahanlardan sonra yayılması isə bu materialların təkrar istifadəsini qeyri-mümkün edir. Bu hal hər imtahandan öncə yeni materialların hazırlanmasını labüd edir ki, bu da vəsaitlərin səmərəsiz sərfiyyatına gətirib çıxarır.

Bu vəziyyət eyni zamanda müəyyən yoxlayıcı qurumlar tərəfindən də bilavasitə və ya dolayısı ilə dövlət vəsaitindən və digər dövlət əmlakından səmərəsiz və təyinatdan kənar məqsədlərlə istifadə kimi dəyərləndirilə bilər.

Eyni zamanda bildirmək istəyirik ki, Mərkəz Nizamnaməsinə əsasən “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mühasibat uçotunu aparır, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”na uyğun olaraq, maliyyə hesabatlarını aidiyyəti qurumlara təqdim edir və həmin hesabatları dərc edir.

0 0

Şərhlər

Oxşar xəbərlər