Onlayn təhsil: müsbət və mənfi cəhətləri
17-11-2021, 09:04
676

Onlayn təhsil: müsbət və mənfi cəhətləri

TehsilForumu.Az - Bu gün pandemiya ilə əlaqədar bütün dünya distant təhsil sisteminə keçmişdir. Əksər ölkələr on illərcə əvvəldən artıq distant təhsil sistem qurmuşlar, ona görə bu ölkələrdə distant təhsilə keçid problemsiz oldu.

Amma, baxmayaraq ki, bizim ölkədə son 15 ildə distant təhsilin yaradılması ilə əlaqədar bir sıra dövlət proqramları qəbul edilmişdi, təəssüf ki, bu proqramlar yaxşı icra edilmədiyindən nəticəsi zəif olmuş, hələ də distant təhsil sistemi yaradılmamışdır. Bu səbəbdən pandemiya dövründə bizdə distant təhsilin təşkilində müəyyən problemlər yaşandı. 



Amma beynəlxalq təhsil praktikasında distant təhsilin tətbiqi üzrə xeyli təcrübə toplanmışdır. Bu təcrübə göstərir ki, hər bir təhsil texnologiyası kimi, distant təhsilin də müsbət və mənfi cəhətləri var. Lakin müsbət cəhətləri mənfilərdən dəfələrlə çoxdur, bu səbəbdən də qlobal təhsil məkanında distant təhsil belə geniş yayılıb. Özünü qlobal təhsil məkanının bir hissəsi hesab edən təhsil sistemləri bu texnologiyadan geniş istifadə edirlər.

 

Ümumən hər on amerikalıdan biri onlayn təhsil alır. Bu vəziyyətin belə izahı var: 



1) mühazirə və seminarlarda iştirak etmədən təhsil almaq çox rahat və qənaətcildir, 2) bütün dünyada ömürlük təhsil ideologiyası (“hamı üçün təhsil” və “həyat boyu təhsil”) reallaşdırılır ki, bu da tək gənclərə deyil, həm də yaşlılara fasiləsiz təhsil almaq imkanı verir. Distant təhsil texnologiyası fasiləsiz təhsilin, əlavə təhsilin ən əlverişli variantıddır. 



      Bir sıra postsovet ölkələrində keçən əsrin bəzi ənənələri hələ də qalmaqdadır. O ənənələrdən biri də valideynnin övladlarının hökmən universitet təhsili alması arzusu idi. Ali təhsil almaq o vaxtlar xüsusi üstünlük sayılırdı (hal hazırda, qərb ölkələrində gənclər getdukcə kolleclərə daha çox üz tuturlar). Bəzi valideynlər (xüsusən qızların valideynləri) fikirləşirdi ki, heç olmasa övladım universitetə “gedib-gəlsin”, sosiallaşsın. Bu səbəbdən universitetə daxil olmadan, onlayn təhsil almaq bizim üçün bir müddət maraqlı olmadı, həm də bu sistem ölkədə mövcud deyildi. Buna baxmayaraq, hər yerdə mövcud olan İnternet bizə göstərdi ki, “bizimkilər” də artıq Google və Facebook-dan geniş istifadə edirlər, artıq xarici universitetlərdə xeyli gənclərimiz onlayn təhsil alırlar (baxmayaraq ki, TN 15 ildir distant oxuyanların diplomunu qanunları pozaraq tanımaq istəmir).  



Onlayn təhsilin müsbət və mənfi tərəflərinin nədən ibarətdir? Gəlin bu suala cavab axtaraq. Bu məqsədlə İnternet mənbələrini araşdırsaq məlum olar ki:



1. Coursera. Ən çox yayılmış onlayn kurs (və ya kurslar) Coursera-dır (25 milyon istifadəçisi var). Bu qeyri-kommersiya platforması ilk növbədə öz peşəkar bacarıqlarını müstəqil şəkildə təkmilləşdirmək, özünütəhsil yolu ilə müəyyən sahədə öz biliklərini genişləndirmək və ya dərinləşdirmək istəyənlər üçün yaxşı imkanlar açır. İndi ciddi işəgötürənlərin (iri şirkərlərin) gözündə distant təhsilli məzun daha cəlbedici görünür.  

Amerikada kursu bitirmə sertifikatı işə qəbul üçün məqbul sayılır. Ciddi oxumaq, ev tapşırığı icra etmək, müzakirələrdə iştirak etmək, mövzudan məlumatlı olmaq lazımdır ki, sərbəst təhsil ala biləsən. Mühazirələr daha interaktivdir (elektron resurs buna yaxşı imkan verir).  



2. Xan Akademiyası. Salman Khan tərəfindən yaradılıb, təxminən 17 milyon istifadəçisi var. Həmçinin burda təhsil pulsuzdur, 180 milyon video dərs var, 700 milyon həll edilmiş məsələlər toplanmışdır.  



“Çevrilmiş” sinif otaqları ideyası fəal şəkildə tətbiq edilir, burada tələbələr bütün materialları, video mühazirələri sərbəst əldə edərək, evdə əlverişli vaxtda dərsə hazırlaşır, sinifdə müzakirələr edir, suallara cavablar tapır, məsələlərin həlli ilə tanış olur. 

 

3. edX. Təkcə ABŞ-ın deyil, dünyanın digər ölkələrinin də ən yaxşı universitetləri ilə əməkdaşlıq edən bu resursda artıq milyonlarla tələbə qeydiyyatdan keçib və onlayn kurslar almaq qərarına gəliblər. Onların yaş həddi 25-dən 95-ə qədərdir. edX, bütün digər klassik platformalar kimi, video mühazirələr, oxu və müstəqil tapşırıqları özündə birləşdirir, mövzularda və bilik sahələrində heç bir məhdudiyyət qoymur. Bu gün resursun ən populyar kursları (tezliklə başlayacaq kurslar) “Bulud texnologiyalarına giriş”, “ Problemlərin Yaradıcı həlli və qərarların qəbulu”, TRİZ v.s. kurslarıdır. Kurslar Harvard, Massaçusets Texnologiya İnstitutu, Kaliforniya Universitetinin professorları tərəfindən tədris olunur! Çox güclü elmi bazaya malikdir. Bir problem var ki, bütün nresurslar ingilis dilindədir, amma tezliklə bu məsələ də həllini tapacaqdır. İndi keyfiyyətli yazılı və şifahi sinxron tərcümə proqramları mövcuddur. Yaxın illərdə süni intellect vasitəsi ilə daha da mükəmməl tərcümə sistemləri yaradılacaqdır. O vaxt, bahalı və avro təmirli kampusları olan zəif universiterlərə heç bir yerli tələbə daha müraciət etməyəcəkdir. 



4. "Arzamas". Bu rusdilli portaldır. Burada heç bir sertifikat və ya diplom verilmir. Ancaq hər həftə portala müxtəlif kurslar üzrə mühazirələr yerləşdirilir. Bu kanalda əsasən humanitar elmlər üzrə kurslar yerləşdiriləcəkdir. 



5. "Universarium". Bu platforma pulsuzdur, açıq kütləvi onlayn kurslar 

(MOOC) texnologiyası əsasında fəaliyyət göstərir. "Lektorium"dan fərqli olaraq, müxtəlif istiqamətlərdə çoxlu kurslar var: kosmos, dizayn, idarəetmə, mədəniyyətşünaslıq, nüvə fizikası, makroiqtisadiyyat və s. Kurslar əsasən uşaqlar və valideynlər üçün nəzərdə tutulur. Platformanın yaradıcısı Dmitri Quzhelya hesab edir ki, “Universarium” “ali təhsili sıxışdırmır, əksinə onu tamamlayır”. Burada hər şey ciddidir - siz ev tapşırığını yerinə yetirməli və yekun qiymətləndirmə testlərindən keçməlisiniz. 



Beləliklə, təklif olunan onlayn təhsil platformalarını araşdıraraq, bəzi nəticələr çıxara bilərik:



1. Onlayn təhsil ənənəvi təhsilə rəqib deyil (ən azı bu gün).

2. Onlayn təhsil almaq üçün yüksək motivasiya lazımdır. (xaricdə yeni iş almaq v.s.)

3. Müşahidə göstərir ki, ali təhsilli insanlar onlayn rejimdə təhsil almaq üçün daha çox uğur qazanırlar. 

4. Kompüterdə və ya planşetlə daim sıx ünsiyyətdə olmaq, bu fikrimizcə, bu sağlamlığa ziyandır.  

5. İnsanların virtual deyil, real ünsiyyətə tələbatı var.

6. Əgər əzmkarlığınız və motivasiyanız varsa, kursları bitirib sertifikat ala bilərsiniz.

7. Onlayn təhsil əlavə təhsil və özünütəhsil üçün daha çox uyğundur: vaxta və resurslara qənaət etmək olar. Hətta orduda xidmət edərkən də oxumağa davam etdirə bilərsiniz. 

8. Daha mükəmməl onlayn təhsil platformalarında təhsil alın. 

Dos. İlham Əhmədov


0 0

Şərhlər

Oxşar xəbərlər