Respublika fənn olimpiadalarına elektron qeydiyyat aparılır FacebookTwitter
17-12-2021, 13:26
359

Respublika fənn olimpiadalarına elektron qeydiyyat aparılır FacebookTwitter

Respublika fənn olimpiadalarında iştirak üçün elektron qeydiyyat prosesi davam edir.
 
Bu barədə TehsilForumu.Az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, şagirdlər portal.edu.az platforması üzərindən qeydiyyatdan keçərək “Müsabiqə və olimpiadalar” bölməsində müvafiq elektron xidmətdən faydalana bilərlər.
 
Dekabrın 20-dək qeydiyyat və sorğuların qəbul edilməsi, dekabrın 25-dən 30-dək olimpiadada iştirak edənlərin imtahan mərkəzləri üzrə yerləşdirilməsi, 2022-ci il yanvarın 5-dən 10-dək isə buraxılış vərəqələrinin yüklənməsi prosesi həyata keçiriləcək.
 
IX, X və XI sinif şagirdlərinin iştirak etdiyi bu elm yarışında xüsusi istedada malik 8-ci sinif şagirdlərinin iştirakına da icazə verilir. Onların qeydiyyatı elektron formada deyil, yerli təhsil idarəetmə orqanlarının Təhsil İnstitutuna müvafiq təqdimatı əsasında həyata keçiriləcək. Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin 2022-ci ilin yanvar ayının ikinci yarısında keçirilməsi planlaşdırılıb.
 
Şagirdlər heç yerə getmədən öz şəxsi kabinetləri vasitəsilə keçirilən müsabiqə və olimpiadalar barədə məlumat əldə edir və iştirak üçün rahat şəkildə müraciət edə bilirlər. Müraciət göndərildikdən sonra sistemdə şagirdlərə imtahanın tarixi, məkanı və digər detallar qeyd olunan buraxılış vərəqələri təqdim edilir. Şagirdlər, həmçinin şəxsi kabinetlərində öz nəticələri, müsabiqə və olimpiadaların hazırda hansı mərhələdə olduğu və digər yeniliklər barədə məlumatları izləyə bilirlər. Bu, proseslərin mövcud statusu barədə çevik məlumat əldə edilməsini və istənilən məkandan yoxlanılmasını əlçatan edir. Olimpiada və müsabiqədə uğurla iştirak etmiş şagirdlərə sistemdə elektron nailiyyət sənədləri (sertifikatlar) təqdim edilir. Şagirdin iştirak etdiyi bütün müsabiqələr, nailiyyətləri və sertifikatları sistemdə saxlanılır və şəxsi kabinetdə öz əksini tapır. Olimpiada və müsabiqələrin idarəolunmasının rəqəmsallaşdırılması sistemdə imtahan mərkəzlərinin təyin edilməsinə, müraciət edən şagirdlərin avtomatik olaraq imtahan mərkəzləri üzrə yerləşdirilməsinə, şagirdlərin ümumi siyahısına nəzarət etməyə və müvafiq hesabatların hazırlanmasına imkan verir. Sistemdə monitorinq imkanı var ki, bu da illər üzrə keçirilən müsabiqə və olimpiada nəticələrinin təhlil olunmasına və şagird nailiyyətlərinə əsasən effektiv tədris strategiyalarının hazırlanmasına şərait yaradır.
 
Qeyd edək ki, respublika fənn olimpiadalarının təşkilində əsas məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsidir. Olimpiadalar riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyat, coğrafiya və tarix olmaqla 8 fənn üzrə keçirilir.
 
Respublika fənn olimpiadaları “Kapital Bank” ilə əməkdaşlıq əsasında həyata keçirilir.
0 0

Şərhlər

Oxşar xəbərlər