“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsi
5-02-2024, 07:30
347

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsi

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) “Prestij-S” Tədris Mərkəzi və “İT Brains Academy”in tərəfdaşlığı ilə istedadlı və liderlik bacarığı olan tələbələrini seçmək, onların peşəkar inkişafına dəstək olmaq və tələbələr arasından potensial kadr bankını formalaşdırmaq, universitetin idarəçiliyinə məzunların cəlb edilməsini təşviq etmək məqsədilə “Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsini elan edib.

Universitetdən bildirilib ki, “Sən də bacararsan !” şüarı ilə keçirilən müsabiqədə yalnız ADPU-nun bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələr iştirak edə bilər.

Müsabiqənin 10 qalibinin hər birinə 1000 AZN məbləğində pul mükafatı və digər hədiyyələr, xarici dil və İT üzrə ödənişsiz kurslar, Təşkilat Komitəsi tərəfindən təyin olunacaq mentorlarla 1 illik peşəkar inkişaf proqramı (proqramın sonunda müvafiq referans məktubu veriləcək) və kadr bankına əlavə olunma imkanı təqdim olunacaq.

Qeyd edək ki, müsabiqənin finalçıları da kadr bankına əlavə olunmaqla onlara müvafiq sertifikatlar və hədiyyələr təqdim olunacaq.

Müsabiqə 4 mərhələdən ibarət olacaq. Birinci mərhələdə qeydiyyatdan keçən hər kəsin Azərbaycan və universitet haqqında bilikləri və ümumi dünyagörüşü səviyyələri yoxlanılacaq. Növbəti, ikinci mərhələyə keçən iştirakçıların “Məntiq”, “İnformatika” və “Analitik təhlil” blokları üzrə bilikləri qiymətləndiriləcək. Bu mərhələdən keçən iştirakçılar isə yarımfinala vəsiqə qazanacaqlar. Əvvəlcə yarımfinala hazırlıq məqsədilə iştirakçılar üçün situasiya və təhlil, layihələrin yazılması və idarə edilməsi, təşkilati idarəetmə və komanda ilə iş, liderlik və natiqlik mövzularında təlimlər təşkil olunacaq.

Yarımfinalda iştirakçılar həm komanda ilə işə görə, həm də fərdi keyfiyyətlərinə görə qiymətləndiriləcəklər. Komanda daxilində situasiya ilə iş, mətn təhlili və layihə təqdimatı bacarıqları, fərdi şəkildə isə komanda ilə iş, natiqlik, təqdimat və özünüifadə, kreativ yanaşma və liderlik bacarıqları yoxlanılacaq.

Final mərhələsinə yüksələn iştirakçıların komanda daxilində böhranın idarə edilməsi, layihə təqdimatı və idarə edilməsi bacarıqları, fərdi şəkildə isə etik davranış və korporativ qaydalar, komanda ilə iş, natiqlik, təqdimat və özünüifadə, kreativ yanaşma və liderlik bacarıqları qiymətləndiriləcək. Qaliblərin müəyyənləşdirilməsində komanda və fərdi səriştələrin qiymətləndirilməsinin nəticələri ilə yanaşı, əvvəlki mərhələlərin də nəticələri nəzərə alınacaq.

Yekunda 10 nəfərin qalib olması gözlənilir.

Müsabiqəyə qoşulmaq üçün qeydiyyatdan keçmək mütləqdir: https://forms.office.com/r/yZ9eCDdw74

Son müraciət tarixi fevralın 25-də başa çatır.
0 0

Şərhlər

Oxşar xəbərlər