Dahi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə , "Sən elə bir zirvəsən "..
4-05-2023, 11:27
861

Dahi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə , "Sən elə bir zirvəsən "..

TehsilForumu.Az təqdim edir.



           10.11.2002-ci il- Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Şəkiyə səfəri. Mənim 9 yaşım var idi və həmin günü heç vaxt unutmaram. Meydana toplaşan on minlərlə şəkili - ictimaiyyətin nümayəndələri, ağsaqqallar, gənclər, uşaqların arasında mən də var idim. Ətrafımda olan çoxluq , dövlətimizin başçısı Heydər Əliyevi böyük mehribanlıqla, hərarətli alqışlarla, “Heydər baba” nidaları ilə qarşılayan insanlar, küçələrə çıxan Şəki sakinləri hələ də xatirimdə canlanır. Uşaq yaşlarımda olmağıma baxmayaraq insanların Heydər Əliyevə qarşı dərin məhəbbət və ehtiramını hiss edir, elə mən də prezidentimizə "Heydər baba" deyə səslənərək sanki doğma baba sevgisi bəsləyirdim.
            İllər keçib və həmin gün mən və mənim kimi "Heydər baba" deyə səslənən hər bir uşaq artıq böyüyüb və bilir ki, Heydər Əliyev irsi bizim və gələcək nəsillər üçün zəngin xəzinədir. Vətəninə, xalqına, dövlətinə xidmət nümunəsidir.
            Nadir tarixi şəxsiyyətlər yaddaşlara əbədi həkk olunur, xatirələrdə yaşadılmaqla yanaşı, zəkalarının nuru və ruhlarının sevgisi ilə milyonların həyat yoluna işıq salır. Onlar təkcə mənsub olduqları xalqın deyil, bəşəriyyətin əvəzsiz inciləridir. Ulu öndər haqqında çox yazılır, onun siyasi irsinin təhlili davam edir, lakin bu prosesin sonu yoxdur. Çünki Ümumilli Lider Heydər Əliyev öz xalqı və müstəqil dövləti üçün elə xidmətlər göstərib ki, hər bir nəsil onu bilməli, nəcib əməllərini nümunə kimi götürməli, tövsiyələrini bir an da olsun unutmamalıdır.
           1923-cü il mayın 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olan Heydər Əirza oğlu Əliyevin müstəqil ölkəmizə rəhbərlik etdiyi 10 il Azərbaycanın ən yeni tarixinə sosial-iqtisadi yüksəliş dövrü kimi yazıldı. Bu dövr ərzində Heydər Əliyev ölkəmizi təhlükə və çətinliklərdən qurtararaq ardıcıl inkişaf yoluna çıxardı. Bu illər ərzində sosial-iqtisadi inkişafa geniş meydan açıldı, ölkəyə xarici sərmayələr cəlb edildi, böhran həddində olan iqtisadiyyatımızda, sənayedə uğurlu islahatlar nəticəsində tərəqqiyə doğru inamlı dönüş yarandı. Sosial islahatlar həyata keçirildi, səfalət həddində yaşayan vətəndaşlarımızın sosial güzəranı əsaslı şəkildə dəyişdi, onların həyat tərzi yüksəldi, əhalinin maaşlarının, təqaüdlərinin, müavinətlərinin mərhələli artımı davamlı hal aldı. O cümlədən postsovet məkanında ilk dəfə olaraq Azərbaycanda effektli aqrar islahatlar aparıldı, torpaqlar təmənnasız olaraq kəndliyə verildi. Kənd təsərrüfatı tənəzzüldən qurtularaq inkişaf mərhələsinə qədəm qoydu. Şəffaf özəlləşdirmə prosesi nəticəsində ölkədə xüsusi mülkiyyətə keçidin sağlam təməli qoyuldu və özəl sektorun inkişafına hər cür şərait yaradıldı. Nizami ordu quruldu, Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazası gücləndirildi. Dövlətimiz dünya birliyində layiqli yerini tutdu. Müstəqil ölkəmizin beynəlxalq birliyin tamhüquqlu üzvünə çevrilməsi, Azərbaycan həqiqətlərinin dünyada tanıdılması məhz Heydər Əliyevin xidmətləri sayəsində mümkün olmuşdur. Yalnız yenidən siyasi hakimiyyətə qayıdandan sonra Azərbaycan özünün geosiyasi imkanlarını gerçəkləşdirə bilmiş, ölkənin beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi aradan qalxmışdır. O cümlədən ümummilli liderin gərgin diplomatik səyləri və şəxsi nüfuzu sayəsində müstəqil respublikamız bir sıra nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən Avropa Şurasına üzv qəbul edilmiş və beynəlxalq aləmdə öz mövqeyini möhkəmləndirmişdir.Beləliklə, Azərbaycanı hərtərəfli inkişaf yoluna çıxaran ulu öndər əməlləri ilə, xalqa əvəzsiz xidmətləri ilə tariximizdə əbədiyaşarlıq qazandı. Zəmanəmizin ən görkəmli siyasi xadimi siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə Azərbaycanın yeni tarixində dövlətçiliyimizin möhkəmlənməsinə, müstəqilliyimizin əbədi olmasına verdiyi töhfələrə görə xalqımızın ümummilli liderinə çevrilən Heydər Əliyev 2003-cü il dekabrın 12-də Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat etmiş və dekabrın 15-də Bakıda, Fəxri xiyabanda dəfn olunmuşdur.
            Tarixin xalqımıza bəxş etdiyi dahi şəxsiyyətin, müasir Azərbaycanın xilaskarı və memarı, ümummilli liderimiz Heydər Əliyevin bütün fəaliyyətinin məqsədi Azərbaycanı güclü, demokratik dövlətə çevirmək və xalqına firavan həyat bəxş etmək idi. Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü onun şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlıdır. Onun Azərbaycana otuz ildən çox rəhbərliyi dövründə ölkəmiz bütün sahələrdə böyük inkişaf yolu keçib. O, bütün həyatını ölkəmizin yüksəlişinə və insanların xoşbəxtliyinə həsr etmişdir.
            Heydər Əliyev çox maraqlı, mürəkkəb, zəngin, keşməkeşli bir ömür yolu keçmiş, həyatın bütün çətinliklərindən qalib çıxmış, öz zəhməti, zəkası, fitri qabiliyyəti ilə ən yüksək zirvəyə yüksəlmişdir. Bu uca zirvənin yolları daşlı-kəsəkli olsa da, polad iradəsi, dönməz xarakteri, şəxsiyyət bütövlüyü bu zirvəni fəth etməkdə ona kömək etmişdir. Bütün dünyanın etiraf etdiyi böyük dövlət xadimi, görkəmli siyasətçi, müstəqil Azərbaycan dövlətinin memarı, zəmanəmizin nadir şəxsiyyətlərindən biri Heydər Əliyev çox zəngin irs qoyub getmişdir.
            Azərbaycan xalqı özünün böyük oğlu və qüdrətli dövlət rəhbəri Heydər Əliyevin yerini və xidmətlərini dərindən bilir və onunla haqlı olaraq fəxr edir. Xalqımız Heydər Əliyevi həmişəlik ümummilli lider qəbul etmişdir. Heydər Əliyev Azərbaycan xalqının əbədi iftixar mənbəyidir. Bu gün hər birimizin qarşısında duran mühüm vəzifələrdən birincisi vətəndaşlıq mövqeyindən çıxış etmək, ölkənin daha da qüdrətlənməsi üçün çalışmaq və Prezident İlham Əliyevin siyasi kursuna dəstək verməkdir. Bu şərəfli vəzifələr naminə çalışmaq və əlindən gələni əsirgəməmək hər bir azərbaycanlının müqəddəs borcudur!
Səfərəliyeva Ürfanə- Şəki rayon Şorsu kənd tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini.
11 5

Şərhlər

Oxşar xəbərlər