“Qarabağı tanıt” mövzusunda təqdimat müsabiqəsinə start verilib
1-10-2022, 12:56
391

“Qarabağı tanıt” mövzusunda təqdimat müsabiqəsinə start verilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Qarabağı tanıt” mövzusunda təqdimat müsabiqəsinə start verilib.



VIII-XI sinif şagirdləri arasında təşkil olunan müsabiqənin keçirilməsinin əsas məqsədi məktəblilərin vətənpərvərlik ruhunda tərbiyə olunması, onların işğaldan azad olunmuş ərazilərimiz haqqında məlumatlılıq səviyyəsinin artırılması, şagirdlərdə araşdırma, təhlil aparmaq bacarıqlarının inkişaf etdirilməsi, eyni zamanda təhsil müəssisələrində Vətən Müharibəsində Azərbaycan Ordusunun şanlı qələbəsi ilə əlaqədar maarifləndirici tədbirlərin görülməsindən ibarətdir.



İki mərhələdən (məktəb və şəhər (final) mərhələsi) ibarət müsabiqədə iştirak edəcək şagirdlər Qarabağı tanıtmaq məqsədilə 1 dəqiqəlik videotəqdimat hazırlayacaqlar.



Şagirdlərin videotəqdimatları ilk olaraq məktəbdaxili mərhələdə qiymətləndiriləcək. Məktəb mərhələsində ən yüksək nəticə əldə etmiş 1 şagirdin (istisna hallarda 2 şagirdin) videotəqdimatı 28 oktyabr tarixinədək [email protected] ünvanına göndərilməlidir.



Müsabiqənin şəhər mərhələsində isə məktəb mərhələsində qalib olan iştirakçıların videotəqdimatları Münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.



Təqdimatların qiymətləndirilməsi zamanı mövzunun aktuallığı, ideyanın orijinallığı, təqdimetmə və nitq bacarıqları, fikrin sərbəst ifadə edilməsi, videotəqdimatın müddəti, videoçəkilişin aydın və anlaşıqlı olması əsas meyarlar kimi götürüləcək.



Müsabiqənin nəticəsinə əsasən, 14 şagird (3 nəfər I, 3 nəfər II, 3 nəfər III, 5 nəfər isə həvəsləndirici yer) qalib seçiləcək.



Qaliblərə BŞTİ tərəfindən diplom və hədiyyələr təqdim olunacaq. 15 nəfər isə müxtəlif nomiasiyalar üzrə Təşəkkürnamə ilə təltif olunacaq.
0 0

Şərhlər

Oxşar xəbərlər