İyulun 5-də 4-cü “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinə start verilib.
6-07-2024, 14:00
435

İyulun 5-də 4-cü “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinə start verilib.

Elm və Təhsil Nazirliyindən TehsilForumu.Az-a verilən məlumata görə Yarımfinal mərhələsinin açılış mərasimində "Yüksəliş" müsabiqəsinin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev iştirak ediblər.
 

Qonaqlar yarımfinal mərhələsinə yüksələn namizədlərə uğurlar arzulayıb, müsabiqənin iştirakçılara dəyərli təcrübə qazandıracağını və bunun gələcək karyeralarında əhəmiyyətli rol oynayacağını vurğulayıblar.
 

4-cü "Yüksəliş" müsabiqəsinin yarımfinal və final mərhələləri "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunub.
 

Namizədlər açılış günü münasibətilə təşkil olunmuş "Yaşıl aksiya"da da iştirak ediblər. 
 

Yarımfinal mərhələsinin ilk günündə iştirakçılar "Nə? Harada? Nə zaman?" intellektual oyununda bilik və bacarıqlarını nümayiş etdiriblər. 
 

Yarımfinalın növbəti günlərində isə iştirakçıların səkkiz səriştəsi (strateji düşünmə, effektivliyin idarə edilməsi, nəticəyönümlülük, komanda işi, kommunikasiya bacarıqları, dəyişikliklərin və innovasiyaların idarə edilməsi, sosial məsuliyyət, liderlik) ekspertlər tərəfindən qiymətləndiriləcək.
 

328 namizədin iştirak etdiyi yarımfinal mərhələsi iyulun 7-də başa çatacaq. Final mərhələsi isə 19–21 iyul tarixlərində keçiriləcək.



0 0

Şərhlər

Oxşar xəbərlər