"Müəllimlərimizi Tanıyaq" - Təranə Vəliyeva
14-11-2021, 14:04
1 118

"Müəllimlərimizi Tanıyaq" - Təranə Vəliyeva

"Müəllimlərimizi Tanıyaq" adı altında bu dəfə Təranə Vəliyeva haqqında söhbət edəcəyik: 

Təranə Aqil qızı Vəliyeva - Bakı şəhərində anadan olub. Abşeron rayonu, Saray qəsəbə 1 nömrəli məktəbin məzunu olduqdan sonra ali təhsilini Azərbaycan Dövlət Pedaqoji Universitetində riyaziyyat və informatika ixtisası üzrə davam etdirmişdir. Hər gün özümüzü inkişaf etdirmək, hədəflər seçmək, yeniliklər etmək üçün cəhd etmək hazırki vəziyyətimizi formalaşdırır və gələcəyimizi müəyyənləşdirir. İmkan olduqca hər gün oxumaq, öyrənmək, inkişaf etməyi unutmayaq deyən Təranə Vəliyeva ikinci təhsilini 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında politologiya ixtisası üzrə davam etdirmişdir. Ailəlidir, 2 övladı var. Saray qəsəbə 3 nömrəli tam orta məktəbin informatika müəllimi, İTE, TİPİM, Edumedia, AMİM, UNİCEF, Təhsil Nazirliyinin təşkil etdiyi bir sıra təlimlərin təlimçisi, Saray bələdiyyəsinin üzvü (aktiv ictimai fəaliyyətinə görə YAP tərəfindən namizədliyi irəli sürülmüş və 2 dəfə bələdiyyə üzvü seçilmişdir), 2021-ci ildən isə “Startap Layihələrə Sosial-İqtisadi Dəstək” İctimai Birliyinin rəhbəridir.



Müasir pedaqoji texnologiyalardan istifadənin imkan və yolları, Keyfiyyətli təlimin təşkili zamanı nəzərə alınan prinsiplər və bir sıra konfrans mövzuları ilə online olaraq Azərbaycanı təmsil edərək bir çox ölkələrin fəxri fərmanı ilə mükafatlandırılmışdır. Təhsilini inkişaf etdirmək, yeniliklər əldə etmək üçün daim axtarışda olmuş və təcrübə mübadiləsi apararaq baş verən dəyişikliklərlə metodikasına yeniliklər gətirmiş Təranə Vəliyeva bir çox elmi məqalələrin müəllifi, beynəlxalq təlim və konfransların iştirakçısı və təqdimatçısı, Təhsildə inkişaf və innovasiyalar üzrə qrant layihələrin həyata keçirilməsində ekspert və qrant müsabiqəsi üzrə çap olunan bir neçə təlim vəsaitinin müəllifi, həmçinin “İKT-in təhsilə tətbiqi”, “Yeni fənn kurikulumlarının təhsilə tətbiqi” və s mövzular üzrə məqalələrin müəllifidir.



Şagirdlərin həyatında tərbiyəvi əhəmiyyət kəsb edən bir neçə qısa metrajlı filmlərin müəllifidir. Şagirdlərin həyatında müsabiqə və olimpiadaların rolunu yüksək qiymətləndirən Təranə Vəliyeva şagirdləri hər zaman bu istiqamətdə cəlb edərək onlarda yaradıcı təfəkkürün formalaşmasına və şagirdlərin bir tədqiqatçı kimi yetişməsinə dəstək olmuşdur. Elə bu baxımdan da şagirdləri Respublika üzrə təşkil edilmiş İnformatika Layihə Olimpiadasında (İLO) dəfələrlə iştirak etmiş və 2013-cü ildə ikinci yerə layiq görülərək 4 gümüş medalla, 2015-ci ildə üçüncü yerə layiq görülərək bürünc medalla və 2016-cı ildə isə respublika birincisi olaraq 3 qızıl medalla təltif olunmuşlar. Şagirdi Sadiq Məlikov isə Respublika Fənn Olimpiadlarının informatika fənni üzrə qalibi olmuşdur (2020-III yer). Müsabiqə və Olimpiadaların gedişatı zamanı yaradıcı potensialı üzə çıxan şagirdlərinin Bakı Mühəndislik Universitetilə əməkdaşlıq edərək onlara dəstək olmalarına nail olmuşdur.

Abşeron rayonunun Mənim Azərbaycanım Ümumrespublika Gənclər Festivalında 63 bölgə arasında təmsilçisi (I yer, 2014);
“Elektron Təhsil” Respublika müsabiqəsində layihələrin qiymətləndirilməsində ekspert (2016);
“Sosial şəbəkələrdə şagirdlərin rolu” mövzusunda layihənin qalibi (2016);
Gənclər və İdman naziri Azad Rəhimov tərəfindən gənclər siyasəti sahəsində uğurlu fəaiyyətinə görə mükafatlandırılmışdır (2018);
“İlin Peşəkar Gənci” müsabiqəsinin qalibi (2018);
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2017-2018-ci ildə “Təhsildə keyfiyyət ili” çərçivəsində təşkil etdiyi I pedaqoji mühazirələrlə bağlı müsabiqənin qalibi;
Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin 2 dəfə qalibi (IV və V qrant müsabiqəsi) olmuşdur.



Öyrənməkdən yorulmayan, daim yenilik axtarışında olan, hər zaman şagirdlərlə və müəllimlərlə əməkdaşlıq, fikir mübadiləsi etməyə üstünlük verən Təranə Vəliyeva qeyd edir ki, biz müəllimlər bu gün bir pedaqoq kimi şagirdlərin qarşısında, onların gələcəkdə bir şəxsiyyət kimi yetişməski üçün böyük məsuliyyət daşıyırıq. Müasir müəllimin əsas vəzifəsi də ali məktəbə yüksək balla daxil olan tələbə deyil, gələcək üçün xalqına, vətəninə layiqli əsl vətəndaş-şəxsiyyət yetişdirməkdir.Belə şəxsiyyətin yetişməsi üçün də biz müəllimlər hər zaman axtarışda olmalı, yenilikləri şagirdlərə aşılamalıyıq.
0 0

Şərhlər

Oxşar xəbərlər