Qayıdacağımızı bildiyimiz üçün bircə əşya belə götürmədən çıxdığımız evimizə geri dönürük!
1-12-2021, 16:55
679

Qayıdacağımızı bildiyimiz üçün bircə əşya belə götürmədən çıxdığımız evimizə geri dönürük!


Laçın rayonu respublikamızın mühüm coğrafi mövqeyinə, təbii sərvətlərinə , zəngin və qədim tarixinə, əhalisinin qonaqpərvərliyinə, vətənpərvərliyinə görə tanınmış guşələrindən biridir .Tarixən Laçın mühitində tərbiyə, təhsil alaraq formalaşmış tanınmış ziyalılar, sonradan qabaqcıl Avropa və Asiya ölkələrində elmə, təhsilə yiyələnmiş, Azərbaycanın ictimai – siyasi ,mədəni həyatında mühüm mövqelər tutmuş və Azərbaycan dövlətçiliyinin inkişafında müstəsna rol oynamışlar . Laçın rayonu 1924-cü ildə təsis edilmişdir. Rayonun mərkəzi Laçın şəhəridir. Laçın abidələri hələ eramızdan əvvəl I–II minilliyə aid edilən Xocavənd rayonundakı Azıx və Cəbrayıl rayonundakı Tağlar mağaraları ilə müqayisə edilə biləcək qədər dəyərli və nadir abidələrdəndirlər. Dünyada ən nadir ağac sayılan qırmızı dəmirağac meşələri, çoxlu mineral suları, kobalt, uran, civə, qızıl, dəmir, müxtəlif rəngli mərmər yataqları, həddindən çox dərman bitkiləri və s. vardır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, Laçın rayonu ərazisində ümumi ehtiyatları 1 124 ton olan 3 civə (Narzanlı, Çilgəzçay, Sarıbulaq), ehtiyatları 4 457 min ton olan və əhəng istehsalına yararlı Laçın əhəngdaşı, ehtiyatları 2 533 min kubmetr olan və istismara cəlb edilən üzlük daşı istehsalına yararlı Qoçaz mərmərləşmiş əhəngdaşı, mişar daşı istehsalına yararlı 2 tuf (Ağoğlan, Əhmədli), 2 əlvan bəzək daşı, vulkan külü və digər təbii sərvətləri var.
  
 Heç vaxt unutmayacağım 1992-ci il 18 may gecəsində itirdik Laçınımızı. Erməni işğalçıları rayonun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq talan ediblər. Ermənistan tərəfindən rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirilib. Belə ki, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edilib.
54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb. 6-cı əsrə aid Alban Ağoğlan məbədi, 14-cü əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq bunların sırasındadır. Laçın Tarix Muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası talan edilib. Həmçinin talan edilmiş Laçın Tarix Muzeyinin eksponatı olan gümüş əl çantası Londonda "Sotheby`s" auksionunda 80 min ABŞ dollarına satılıb.

   İşğal nəticəsində 63 min 341 Azərbaycan vətəndaşı öz yurdundan didərgin düşüb, 300-dən artıq hərbçi, eləcə də mülki şəxs həlak olub və itkin düşüb. Rayonda 8950 bina, o cümlədən 7 sənaye və tikinti müəssisəsi, 471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə tarix-mədəniyyət abidəsi işğala məruz qalıb. Yəni 63341 vətəndaşın uşaqlığı, gəncliyi, ahıllığı qaçqın şəhərciklərində, çadırlarda keçmişdir. Ən pis günləri yaşayan insanlarımız bir an olsun belə geri qayıdacaqlarına ümidlərini itirməmişdir. Bizim ailə Laçından çıxanda atam evimizdən bir əşya belə çıxarmağa qoymamışdı, Çünki, qayıdacağımızdan əmin idik! 
  Xain düşmən Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər ilə məşğul olub.

  Bu gün artıq bir ildir ki, Laçınımız azaddır. Azərbaycan xalqı özü beynəlxalq qanunlarının aliliyini və tarixi ədaləti bərpa etdi. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Düşmən uduzacağını bildiyi üçün, Laçın şəhərini və digər kəndlərini bizə heç bir müharibəsiz geri qaytarmışdır.  

  Bu gün biz Laçınlılara yuxu kimi gəlir ki, Laçınımız azaddır və  ölkəmizin igid oğullarına vermək  üçün  “Laçının azad olunmasına görə” medalı ölkə başçısının əmri ilə təsis edilib. 

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8395 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur;
  
  Hər zaman Laçınlıları diqqət mərkəzində saxlayan Cənab Prezident Laçına ardıcıl səfərlər təşkil edir. Güləbird Su Elektrik Stansiyasının açılışının Cənab Prezidentin şəxsən özü tərəfindən edilməsi, biz Laçınlılar üçün xüsusi rəmzi məna ifadə edir.  


Prezident İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. Birinci və ikinci texniki dərəcəyə uyğun tikiləcək yolun hərəkət hissəsinin eni 9-16 metr olacaq. İki və dörd hərəkət zolaqlı olacaq yol üzərində altkeçidlər və körpü inşa olunacaq. Yol üzərində 3 tunelin tikintisi aparılacaq. 

Tunellərin ümumi uzunluğu 9450 metr olacaq. Bu da güclü iqtisadiyyata malik olan dövlətimizin prioritet məsələlərindən birinin  işğaldan azad olunmuş rayonların əvvəlkindən də gözəl vəziyyətə gətirilməsi olduğunu özündə ehtiva edir. 

   Laçının Qorçu kəndinin ərazisində tikiləcək olan Beynəlxalq hava limanı Laçının həm çox böyük geostrateji əhəmiyyətə malik olduğunu, həm də hərbi əhəmiyyətə, iqtisadi gücə malik olduğunun göstəricisidir. Bizim bu layihələri həyata keçirməyə, belə qısa zamanda təhvil verməyə, kifayət qədər gücümüz, potensialımız var. Bu gün həm iqtisadi, həm texniki imkanlarımız, həm də Prezidentimizin dəmir yumruğunda birləşməyimiz bizə daha böyük uğurlar və nailiyyətlər vəd edir.

 Laçın Azərbaycandır. 

Azərbaycan Respublikası Qabaqcıl Təhsil işçisi, 
Laçın rayon Taxtakörpü qəsəbə tam orta məktəbinin direktoru 
Uğurlu Şəbnəm Tofiq qızı
0 0

Şərhlər

Oxşar xəbərlər