KÖNLÜM KEÇİR QARABAĞDAN
30-04-2022, 22:01
1 483

KÖNLÜM KEÇİR QARABAĞDAN

Qarabağ Azərbaycanın dilbər guşəsi, musiqi beşiyi, Üzeyir vətəni, istedadlar diyarı. Əgər Azərbaycan bütöv bir candırsa, bu canın ürəyi Qarabağdır.
   Səfalı yaylaqları, göz oxşayan ormanları, füsunkar cıdır düzü, buz tək soyuq Şuşa bulağı olan, dilimizin əzbəri, musiqi dünyamızın əlifbası olan Qarabağ Azərbaycanı bütün dünyaya tanıtdırıb. Bu torpaq Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Bülbül, Fikrət Əmirov, Xan Şuşinski kimi istedadlar yetişdirib ki, onları bütün dünya tanıyır. Sara Qədimova, Tükəzban İsmayılova, Qədir Rüstəmov kimi ustad sənətkarlar bu səfalı torpağın yetirmələridir. Qarabağda doğulan hər kəsin mayası ana südü kimi musiqidən yoğrulmuşdur.
                      
  Keçmə şeirindən, musiqisindən,
    Könlümün sevgisi bu oylaqdadır.


   Mənim vətənim Axərbaycandır. Odlar Yurdu, şərqin qapısı Azərbaycan! Mənim ulu əcdadım bu torpaqdan yaranmış, bu torpaqda boy atmış, bu torpaqda yaşayıb, bu torpağa qarışmışdır. Bu ulu torpaq babalarımızın qanı ilə suvarılıb. Uğrunda qan tökülməyən torpaq vətən ola bilməz. Torpaq o zaman Vətən olmaq haqqı qazanır ki, bu torpağı Vətən adlandırmağa bizim haqqımız çatmaz və onu hər gələnə peşkeş edər, onun uğrunda qanlar axıtmazdıq.
   Mən Vətənim Azərbaycanı hədsiz məhəbbətlə sevir, bu torpağın övladı kimi ona səcdə edirəm. Lazım gələrsə Vətənimin azadlığı və şərəfi uğrunda canımdan da, qanımdan da keçməyə hazıram. Şair yaxşı demişdir:
                  Vətəni sevməyən insan olmaz,
                 Olsa, o şəxsdə vicdan olmaz
   Qarabağ! Bu ad necə də gözəl səslənir, necə də musiqili və ahəngdardır. Elə bil “Cəngi” də, “Koroğlunun uvertürası” da Qarabağ notu əsasında bəstələnib.
   Qarabağ – sevimli Üzeyirimizin qədəm açıb yeridiyi torpaq, yurdumuzun dilbər guşəsidir.
   Şuşa – qəsbkar şahların başını bədənindən ayıran, onlarca fatehi atından düşürən tarixi şəhər, gözəl məkandır.
      Topxana – Şahdağımız, Qoşqarımız, göylərə baş çəkən Göyəzənimiz, Vaqif diyarı olan cənnət diyarımızdır.
   Hələ Kəlbəcər, Turşsu, İsa bulağı...
   Çox-çox təəssüflər olsun ki, qoruya bilmədik. Azərbaycanımızın bu dilbər guşəsini, gözəl məkanını. İstəməsək də, verdik yağı ayağının tapdağına. Özümüz isə göynəyə-göynəyə qaldıq, yuxumuz ərşə çəkildi.
   Azərbaycan dünyanın cənnət diyarı, şah ərazisidir. Bu şahın tacı isə Qarabağdır. Tacı isə başda gəzdirərlər. Bu tacın yeri başımız yox, ürəyimizdir, qəlbimizdir.
 

  Vətənimizin dilbər guşəsi dillər əzbəri olan Qarabağ torpağı düşmən tapdağından azad olunmuşdur. Odu-ocağı yağmalanmış, torpağı talanmış bu elin həsrəti hamımızın, xüsusən də öz elində didərgin düşmüş qaçqınlarımızın qəlbini göynədirdi. Vaxtilə musiqi festivalları keçirilən, çal-çağırdan qulaq tutulan Cıdır düzünün də artıq gözü nəmli, sinəsi dağlı deyildir. Azərbaycanın üzük qaşı, konservatoriyanın beşiyi sayılan Şuşa indi azaddır.
                  Sinəmə dağ oldu - gülüzlü Şuşa,
                  Şuşasız bu dünya laləzar deyil,
                  Şuşasız bu ölkə yoxdur - var deyil.


   Biz bu ulu torpağın həsrətindəydik. Biz bu torpağı düşmən tapdağı altında qoya bilməzdik.
   Bizim hər birimizin ən böyük arzusu qələbə idi, işğal olunmuş torpaqlarımızın, doğma Qarabağımızın geri qaytarılması, azad olunması idi. Həmin şad günü həsrətlə gözlədik, qələbə sevincini yaşadıq, arzularımız gerçəkləşdi. Qarabağ həsrətinə son qoyuldu.
                                         Keçmə şeirindən, musiqisindən,
                                         Könlümün sevgisi bu oylaqdadır.
                                         Sevinməyə haqqım yoxdur dünyada
   Çünki Qarabağım dar ayaqdadır.
   Cənnət diyarımız Qarabağ işğaldan azad olunduqda sanki, yanan içimizə su səpildi, bizim üçün bayram oldu. Torpağımızın hər qarışına sancılan ürəngli bayrağımız bizim üçün qürur oldu. Torpağımız uğrunda şəhid olmiuş igidlərimizin qanları yerdə qalmadı.
   Əzəmətli torpaqlarımızda yenidənqurma işləri aparılır. Yollar çəkilir, yağı düşmənin yıxıb-dağıtdığı evlər, məscidlər, yenidən tikilib təmir olunur. Qaçqın düşmüş vətəndaşlarımız artıq öz dədə-baba yurduna qovuşublar. Əvvəllər olduğu kimi, gözəl Şuşada festivallar təşkil olunur. İşğal altında keçən uzun illərin əvəzini çıxırıq.
                                                                                                                   Abdullayeva Əfsanə Elxan qızı.



1 0

Şərhlər

Oxşar xəbərlər